Ramazana sayılı günlər qalır. Allahın rəhmət və bərəkət ayına biz də, islam.az olaraq, əliboş getmirik. Belə ki, artıq Ramazanın 1-də dəyərli izləyicilərimizə QütbTV layihəmizi təqdim edəcəyik. İnternet vasitəsi ilə yayımlanacaq kanalımızda müxtəlif səpgili verilişlər yer alacaq.
Qeyd edək ki, bu verilişləri planlaşdırarkən maksimal dərəcədə müasir tələbləri nəzərə almışıq. Anlayırıq ki, 21-ci əsrin insanının zamanı çox dəyərli və məhduddur. Odur ki, mümkün qədər lakonik, eyni zamanda kreativ olmağı qarşımıza məqsəd qoymuşuq. Müəyyən mənada bu artıq bizim efirə gedəcək verilişlərimiz üçün seçdiyimiz adlardan da sezilir: “Sözün mustafası”, “Çərçivəsiz”, “Dəvət”, “Soruşun ki, biləsiniz”, “Vedrə” və s.
Yeni layihə üçün seçdiyimiz ad da təsadüfi deyil. Məlum olduğu kimi, “islam.az” saytının təsisçisi olan Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi (DAM) hələ 1999-2002-ci illərdə Аzərbaycan və rus dillərində o zaman üçün dini və ictimai mühitdə kifayət qədər tanınan “Qütb” adlı ictimai fikir jurnalını nəşr edirdi. Sonradan internetin inkişafını və gələcək perspektivini nəzərə alaraq islam.az saytı təsis edildi və jurnala ayrılan qüvvə internet saytın inkişafına istiqamətləndi. Hazırda saytımız geniş bir internet portal halına gəlib. Və indi, internet layihəmizin yeni mərhələsi olan internet TV-yə keçərkən vaxtilə maarifləndirmə sahəsində xeyli uğuru olan “Qütb” jurnalının adını və ənənəsini burada davam etdirməyi qərara aldıq.
Qeyd edək ki, tezliklə sözügedən layihəmizin təqdimat mərasimi də keçiriləcək.