Cəmaləddin Həsənoğlu, publika.az
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsindən Hidayət Orucovun azad edilib, bu vəzifəyə Elşad İskəndərovun təyin olunmasından artıq bir il ötüb. Ötən bir il ərzində görülmüş işlərə diqqət yetirməyinə dəyər. Bu müddət ərzində nə baş verdi, hansı nailiyyətlər əldə olundu, gözləntilər özünü doğrultdumu?
Əvvəla qeyd etmək lazımdır ki, bu təyinatdan az müddət ötdükdən sonra Azərbaycan əhalisi dövlət strukturları arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövcudluğunu yenidən xatırladı. Keçmiş rəhbərliklər dövründə nadir hallarda adı hallanan DQİDK, indi tez-tez gündəmə gəlməyə başladı. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Sözügedən fərmanın bəndlərinə nəzər saldıqda DQİDK-nin ötən illər ərzində öz üzərinə düşən bir çox vəzifəni yerinə yetirməməsi, bəzilərinin icrasında isə olduqca passiv təəssürat bağışladığını görmək mümkündür. Bunun üçün fərmanın “Komitənin əsas vəzifələri” və “Komitənin əsas funksiyaları” bölümlərinin bəndləri ilə tanış olmaq kifayətdir.
Dindarlara ünvanlanan dəvət..
Elşad İskəndərovun Dini Komitədə fəaliyyətinin birinci diqqət çəkən məqamı bu oldu ki, ilk növbədə dövlətlə dini ictimaiyyət arasında körpü yaratmaq istiqamətində ciddi cəhdlər ortaya qoyulmağa başladı(Əslində, Komitə elə bu məqsədlər üçün də təsis edilmişdi). Dövlət Komitəsi sədrinin təkcə mərkəzdəki deyil, regionlardakı digər məscid və ibadətgahlara da bilavasitə ziyarəti, icma rəhbərləri və üzvləri ilə birbaşa dialoqu və görüşləri həyata keçirildi. Dini ictimaiyyətdə müsbət mənada ciddi canlanma başladı. Uzun müddətdir ki, yalnız “etirazçı” elektoratın sankı monopoliyaya aldığı milli-mənəvi, dini, ümumiyyətlə, ideoloji məsələləri Dövlət Komitəsi dövlətçilik prizmasından yanaşaraq gündəmə gətirməyə başladı.

Əvvəllər istənilən dini məzmunlu yerli və beynəlxalq tədbirlərə dindar ictimaiyyəti təmsilən bir qayda olaraq yalnız “yenilməz üçlük” (QMİ, xristian -pravoslav və yəhudi icması) qatılırdısa, artıq dini icmalar da fəal şəkildə bu görüşlərə yol açmağa başladılar. Bir sözlə, Azərbaycan inanclısı bir dindar kimi layiq olduğu statusu qazandı, DQİDK isə elə əvvəlcədən Əsasnaməsində nəzərdə tutulan kontingentlə əməkdaşlığa, nəhayət ki, start verdi.
Din siyasətə cavabdeh deyil..
Düzdür, son bir neçə ildə dini sahədə müşahidə edilən və dindarları qayğılandıran bir sıra ciddi problemlər hələ də açıqdır, lakin bu, bir il ərzində nəzəri çəkən əsas məqam siyasi müstəvidə yaşanan problemlərin artıq dini sferaya sirayət etməməsidir. Başqa sözlə desək, dini öz fəaliyyət arenası seçən bəzi dairələrin (bunların sırasında siyasi müxaifətin də, xarici qüvvələrin də izlərini müşahidə etmək çətin deyil) siyasətə atılması, siyasi gedişlər etməsi və artıq siyasi fiqura çevrilmək cəhdləri əvvəllərdə olduğu kimi Azərbaycanın dini həyatına bir zərbə vurmadı. Bir misal kimi ilahiyyatçı Tale Bağırovun Maştağa məscidində mütəmadi olaraq etdiyi anti-hökumət çıxışlarını göstərmək olar. Bir müddət hadisələr bu məcrada davam etsə də, hər şey Bağırovun həbsi ilə yekunlaşdı. Bundan dərhal sonra, görünür, əvvəlki illərin təcrübəsinə əsaslanaraq, tezliklə Maştağa məscidinin bağlanması haqqında sayiələr yayılsa da, bu, baş vermədi. Operativ surətdə hadisələrə reaksiya verən DQİDK yaydığı bəyanatla şayiələrə son qoydu. Heç də uzaq olmayan keçmişə boylandıqda bunun əksini görərik.
Nümunə olaraq da İçərişəhər Cümə məscidini göstərmək olar. 2003-cü ildə İlqar İbrahimoğlunun hökumət əleyhinə çıxışları sonda bu ibadət ocağının qapanması ilə yekunlaşmışdı. Halbuki siyasi çağırışlara görə dini simvolların “cəzalandırılması” yalnız dövlətin dini siyasətini formalaşdırmış məmurların köhnə şakəri deyildi, ilk baxışdan nə qədər təəcüblü səslənsə də, elə siyasiləşən “islamçıların” da işinə yarayırdı. .
Şübhəsiz ki, iqtidar üçün taleyüklü olan seçki ilində; din və siyasət kimi 2 “odlu” maddənin bir arada olduğu durumda bu cür həll yoluna gedilməsi təkcə iqtidarın mənafeləri üçün deyil, ümumilikdə cəmiyyət üçün də mənfi nəticlərin qarşısının alınması istqamətində atılmış uğurlu addım hesab edilə bilər.
Qarabağa çatan “Qazi Əzan” səsi..
Xocalı soyqırımı günü baş verən hadisə barədə də ölkənin bütün KİV-i söz açmışdı. Bu, elə bir tədbir idi ki, istət iqtidar, istərsə də müxalifət atılan addımı birmənalı şəkildə dəstəklədi. Fevralın 26-da Ağdamın işğal olunmuş əraziləri ilə həmsərhəd kəndlərimizdə bir zamanlar elə Ağdam məscidinin minarəsindən səslənən azan sədaları eşidildi. Müsəlman Azərbaycanında azanın səslənməsində bəlkə də qeyri-adi heç nə olmazdı. Əlbəttə, iki mühüm amili nəzərə almasaq. Əvvəla, qeyd etmək lazımdır ki, cəmi bir neçə il əvvəldən başlayaraq (daha konkret 2007-ci ildən), mütəmadi olaraq, Bakı da daxil olmaqla Azərbaycanın bəzi bölgələrində azana qadağa qoymağa cəhd göstərilirdi.
Bu məntiqsiz qadağa dalğası hətta Şeyxülislamı belə çıxılmaz vəziyyətə salmışdı. Düzdür, mənbəyi hələ də məlum olmayan bu qadağa cəhdləri, bir müddətdən sonra dövlət başçısının işə qarışması ilə ləğv edildi və artıq o günləri bəlkə də çoxları unudub. Amma bu hadisə bir fakt kimi Azərbaycan tarixində iz buraxdı. Hətta bəzi əyalətlərdə bu qadağanın rudimentləri bu ilin əvvəlinədək müşahidə edilməkdə idi. Dindarların qulağı isə azanın növbəti dəfə qadağanlar olacağı xəbəri barədə səksəkədə idi. İkinci amil isə, elə birincisindən qaynaqlanır. Məsələ burasındadır ki, Ağdam azanının qazi azan kimi Qarabağın azadlığı simvoluna çevrilməsinin bilavasitə təşəbbüskarı məhz dövlət qurumu - DQİDK oldu.
2007-ci ildə cərəyan etmiş hadisələrin buraxdığı izin fonunda bu addımın , dövlət-din münasibətlərinin tənzimlənməsində və müsbət məcrada inkişaf etməsində əhəmiyyətini vurğulamamaq olmur. Artıq vaxtilə üzərindəki qadağa ilə gündəmdə olan azan, indi Qarabağın azadlıq simvoluna, “Qazi Qarabağ azanı”na çevrilmişdi.
“..məscid sökən yox, tikən..”
Son bir ildə Azərbaycanda məscidlərin əsaslı şəkildə təmiri və yenilərinin inşası da diqqət çəkən məqamlardandır. Vaxtilə məscidlərin tikintisində yaranmış ciddi problemlər fonunda dövlət başçısının birbaşa təşəbbüsü ilə Qəbələ, Sumqayıt və Şamaxıda ən müasir tələblərə cavab verən məscidlərin açılışına Prezident İlham Əliyevin də qatılması, hazırda isə Binəqədi rayonundan möhtəşəm ibadət ocağının inşasını da dövlətin din siyasətində əsaslı dəyişikliklərin baş verməsinin təzahürü kimi qiymətləndirmək olar. Baxmayaraq ki, bu bərpa prosesi son bir ildə başlamayıb, amma məhz indi aktualdır və dövlət siyasətinin atributuna çevrilməyə başlayıb. Xüsusilə, DQİDK rəhbərinin çıxışlarının birində eşidilən “bizim dövlət məscid sökən yox, məscid tikən dövlətdir” mesajını nəzərə alarsaq.
Dini dəyərlər tək dindarların deyil..
Daha bir diqqətə layiq məqam, digər dövlət strukturlarında, hətta əvvəllər dini kəsimə isti sayılmayacaq münasibəti ilə yadda qalan məmurların hərəkətlərində belə əvvəllər mövcud olmuş mənfi münasibətlərin dəyişməsidir. Təkcə keçən ilin Ramazan ayında Gəncə ilə bağlı mətbuata sıçramış bir neçə məlumatları belə nümunə olaraq göstərmək mümkündür. Mətbuatda dindarlığın artmasına qarşı( bəlkə də radikal və normal dindarlığın hüdudlarının bəzən itməsi səbəbindən) barışmaz mübariz kimi təqdim edilən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyevin keçən il Ramazanda Gəncədə iftar süfrələrinə, Aşurada isə mərasimlərə qadağa qoyulması xəbəri mətbuatda getdikdən, DQİDK-nin isə buna reaksiyasından sonra (hərçənd ki, DQİDK sadəcə xəbəri təkzib edirdi) İH başçısı artıq özü dindarlar üçün iftar süfrəsi açır, Gəncənin bəzi məscidlərinin kommunal xərclərini isə İH öz üzərinə götürür. Təbii ki, yerli məmurların möcüzəli surətdə hidayətindən danışmaq bəlkə də yersiz olardı, sadəcə baş verən metamorfozaya haradan təsir olunduğu açıq-aşkar anlaşılır.
İcmalar da maliyyə dəstəyi ala biləcək
Bu günlərdə Bakıda təntənəli şəkildə Tolerantlıq Mərkəzinin açılışı isə DQİDK-nin son bir illik fəaliyyətinin bir növ nəticəsidir. Açılış mərasiminə bir çox beynəlxalq qurum rəhbərlərinin qatılaraq Azərbaycanı bu təşəbbüsə görə təbrik etdikləri bu Mərkəzin çoxsaylı fəaliyyət istiqamətlərindən birini qeyd etsək kifayətdir.

Belə ki, Azərbaycanda ilk dəfə olaraq dini icmalar müstəqil layihələrlə çıxış etmək və bunun üçün dövlət qurumundan maliyyə almaq imkanı qazanacaqlar. Bundan əvvəl də DQİDK rəhbərliyi mətbuata açıqlamalarında icmaların sosial layihələrə cəlb ediləcəyi barədə bildirmişdi və indiki halı bu prosesin başlanğıcı kimi də qiymətləndirmək mümkündür.
Narazı olanlarımız da var..
Amma, əlbəttə ki, bu, bir il ərzində bütün problemləri aradan qaldırmaq mümkün olmazdı. Digər tərəfədən, “müsbət” işarəsi kimi qiymətləndirilə bilən bütün bu addımlar sanki kimlərinsə narahatlığına da əsas yaradır. Bir zamanlar olduğu kimi, yenə də QMİ düşərgəsində (əsasən də yeni şəraitdə qeyri-ənənəvi və ya qeyri-formal din xadimlərinin populyarlığı qarşısında mövqelərini itirən ənənəvi mollalar nəzərdə tutulur ) müəyyən gərginlik yaşanır. Təbii ki, bu gərginliyin dərəcəsi Rafiq Əliyevin dövrü ilə müqayisəolunmazdır, elə Hidayət Orucovun da. Sonuncunun faktiki olaraq heç bir ciddi fəaliyyət göstərməməsi onun dövründə Komitəni QMİ-nin faktiki bir şöbəsinə çevirmişdi. Amma indi vəziyyət yenə dəyişib. Çox güman gərginlik əsasən pərdə arxasında cərəyan etdiyindən bu özünü elə də biruzə vermir.
Fəqət bu qarşıdurma da, faktiki olaraq qaçılmazdır. Uzun illər Azərbaycanın dini həyatını inhisara alan QMİ bu vahid rəhbərliyinə zərrə qədər təhlükə yaradan hər kəsə, hər quruma bir rəqib kimi yanaşır. Hələ Elşad İsgəndərov Komitə sədrliyinə yenicə başladığı vaxtlarda keçirilən ilk birgə tədbirdə QMİ sədri onu təqdim edərkən gəncliyini xüsusi eyhamla xatırlatmışdı. Bununla sanki cəmiyyətə mesaj verilirdi ki, dini “təsərrüfat” üzərində monopoliya yenə onda qalacaq, çünki yeni Komitə sədri əvvəlkilərdən daha gənc və deməli, daha səriştəsizdir. Halbuki bir ilin yekunlarına dair təqdim etdiyimiz qısa xülasə bu qənaətləri tam alt -üst edir. Əksinə sözügedən düşərgənin bu bir ildə ciddi bir uğursuzluğunun da şahidi olduq. Bu məlumata diqqət edin: Gürcüstan artıq rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyət dairəsindən çıxarılıb. APA-nın məlumatına görə, bu barədə QMİ-nin saytında yerləşdirilmiş məlumatda bildirilir.Məlumatda qeyd olunur ki, QMİ-nin səlahiyyət dairəsi Azərbaycan, Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı əhatə edir.
Qeyd edək ki, 2011-ci ildə Gürcüstanda Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) yaradılıb və qeydiyyatdan keçib. GMİ-nin sədri Vaqif Əkbərovdur. Məlumatlara görə, faktiki olaraq yerli müsəlmanların əksəriyyəti GMİ ətrafında cəmləşib. QMİ-nin nümayəndəliyinin nüfuz dairəsi isə yalnız azərbaycanlıların yaşadığı bölgənin cüzi hissəsini əhatə edir.
19-cu əsrdə təsis olunduğu andan 1918-ci ilə kimi QMİ-nin baş ofsinin Gürcüstanda yerləşdiyini, bu ölkədə 1, 5 milyona yaxın müsəlmanın yaşadığını, o müsəlmanların da 500-600 min nəfərə yaxınının azəri soydaşımız olduğunu nəzərə alın və nəticə çıxarın. Azərbaycanın Gürcüstana münasibətdə çox aktiv iqtisadi ekspansiya yürütdüyü, əməkdaşlığımızın strateji mahiyyət kəsb elədiyi bir vaxtda bu ölkə üzərindəki ən böyük “yumşaq güc”dən mərhum edilməmizin nə demək olduğunu, hansı geosiyasi fəsadlara başa gələcəyini təsəvvür etmək belə çətindir. Bu, əslində ayrı bir araşdırma mövzusudur, məsələni burda xatırlatmaqda məqsədimiz gənclik və ahıllıq(müdriklik yaşı) arasında müqayisənin heç də birmənalı qənaətlər doğurmaycağını vurğulamaqdır.
... DQİDK-nin belə qısa müddətdə inanclılarla dövlət arasında müəyyən dərəcədə isti münasibətlər yaratması rəhbərləri xaricdə olan dini radikal qruplaşmaları da narahat etməyə başladı. Bunlar istər vəhhabi adlandırılan dini qruplar, istərsə də xaricdən idarə olunan bəzi ənənəvi dini qrupların havadarlarına da aiddir. Belə qruplaşmalara, adətən, ənənəvi dindarların dövlətlə daimi konfrontasiyada olması sərf edir, çünki belə halda dindarlara təsir etmək imkanları da çoxalır, dindarların havadarı imicində onları istənilən istiqamətə yönəltmək şansı da yaranır. Ona görə də dövlətlə dindarlar arasında yarana biləcək istənilən yaxınlaşma onların məqsədlərinə uyğun gəlmir və narahat edir, dövlət strukturları ilə cüzi əlaqəsi olanları top atəşinə tutaraq ittiham edir və belə yaxınlaşmanın qarşısını almaq üçün cəhdlər həyata keçirirlər. Əlbəttə ki, belə qruplaşmaların (burda söhbət dindarları fəal siyasətə cəlb etmək cəhdləri edən siyasi müxalifətdən də gedir) təsirini bir anın içində yox etmək mümkünsüzdür, amma əgər düzgün strategiya aparılsa, onların təbliğat mexanizminin təsirsiz hala gətirilməsi mümkündür.

Şübhəsiz burada əsas amil – dindar ictimaiyyətdə əsas narahtlıq mənbələrindən olan və Komitənin bilavasitə səlahiyyət çərçivəsində olmasa da– “məktəblərdə hicab problemi”nin bu və ya digər şəkildə həlli olacaq.
Və əlbəttə ki, Komitənin belə məcrada fəaliyyət göstərməsi Hidayət Orucovun zamanında inanclıları az qala dövlətin düşməni kimi təqdim edən bəzi məmurların da artıq ciddi kozırlarından məhrum edilməsi deməkdir. Dindarların mütəmadi olaraq müxtəlif tədbirlərə qatılması, ictimai həyatda fəal iştirakı, dövlətçiliyə dəstəkləri onların “təhlükəli ünsür” yarlığından qurtulmasına zəmin yaratdı. İndi, təbii ki, dövlət-din münasibətlərinin normallaşmasını istəməyən bəzi məmurlar bu faktoru nəzərə almalıdırlar.
Hər şeyi kadrlar həll edirmi?
Sonda isə qeyd edilməsi zəruri olan məsələ. Bu da Elşad İskəndərov fiqurunun, imicinin özüdür. Əslində bu faktor son zamanlar dövlət idarəetməsinə cəlb edilən bir sıra “gənc kadrların” ortaq cəhətləridir. Müstəqillik dövründə yetişmiş, müasir təhsil və iş təcrübəsinə malik, eyni zamanda milli reallıqları da yaxşı anlamaq – bütün bunlar İlham Əliyev dövrünün ərsəyə gətirdiyi kadrları səciyyələndirən göstəricilərdir.
Yenilikçiliyi ilk öncə yeni Komitə sədrinin işgüzarlığı, qoyduğu məqsədlərə doğru irəliləməsi, ətrafdakıları lazımi istiqamətdə səfərbər etmək bacarığı və kreativ ideyalarla çıxış etməsində görünür. Hansısa məsələyə müstəqil mövqe bildirmək, kameralar qarşısına əvvəlcədən hazırlaşmayaraq çıxmaq DQİDK-nin birinci siması üçün problem deyil. Digər tərəfdən, Komitə sədri sadə insanlarla görüşdən, birbaşa suallardan da çəkinmir. Buna sübut kimi bölgələrdə təşkil oluynan seminar-treninqlər, bölgələrə səfərlər zamanı sədrin yerli din xadimləri və əhali ilə çoxsaylı görüşlərini göstərmək olar. Şübhəszi bu sintez “yerli mentalitetdə” dərin kökləri olan, amma əslində ümumbəşəri xarakter daşıyan din-dövlət sahəsindəki problemlərin həli üçün münbit bir resursdur.
..və nəhayət
Beləliklə, DQİDK-nin yeni sədrinin yeni postda fəaliyyətinin bir ili başa çatdı. Bu bir il ərzində kifayət qədər iş görüldü ki, hamısını kiçik yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Amma görüləsi işlər də kifayət qədərdir. Mövcud problemlərin hamısı hələ də həll edilməyib, bir il əvvəl konturları elan olunan məqsədlərin heç də hamısı reallaşmayıb. Odur ki, Elşad İskəndərova ancaq uğurlar diləyə bilərik. Onun Komitə sədri kimi qazandığı uğurlar isə elə həm Azərbaycan inanclılarının, həm də dinə və dindarlığa münasibətdə fərqli qütblərdə dayanan kəsimlərin vətəndaş həmrəyliyini haqq etmiş bütövlükdə Azərbaycan cəmiyyətinin uğurları olardı. Bunu, şübhəsiz ki, anlamayanlar da var. Lakin məsələnin mahiyyəti dəyişməz olaraq qalır. Ümid edirik ki, bir ildən sonra DQİDK-nin daha böyük uğurlarından söz açmaq, şüarların reallığa çevrilməsinə sevinmək üçün sərəncamımızda kifayət qədər dəlil olacaq.
/publika.az/