Əslində, bu artıq ənənə halını alıb. Azərbaycanın müxtəlif bölgələrində məscidlər əsaslı şəkildə təmir olunur, yeniləri tikilir. Qəbələdə, Sumqayıtda və bir sıra digərlərinin açılışına prezident İlham Əliyev də qatılıb. İndi də növbə Şamaxı Cümə məscidinindir. Böyük və qürurverici sıralamada növbəti və əlbəttə ki, sonuncu olmayan ünvan. Amma qeyd etdiyimiz kimi, yeni məscidlərin dindarların istifadəsinə verilməsi Azərbaycanda nə qədər ənənəvi olsa da, bu dəfəki hadisə bir qədər fərqlidir, əvvəlkilərdən seçilir, eyni zamanda müəyyən mənada rəmzi xarakter daşıyır.
Əvvəla qeyd etmək lazımdır ki, Şamaxı Cümə məscidi Cənubi Qafqazda inşa olunan ilk məsciddir. Təməli 743-cü ildə qoyulan bu ibadət ocağı İslamın bölgəyə qədəm basmasının ilk təzahürüdür. Az qala 13 əsirlik tarixi ərzində bu müqəddəs məkan Azərbaycan xalqı üçün bir çox taleyüklü hadisələrə şahidlik edib. Sevindiricisi də olub, sarsıdıcısı da. Lakin 13 əsirlik tarixə bu günümüzün prizmasından nəzər salsaq, o zaman mütləq 1918-ci ilin mart hadisələrini xüsusi olaraq vurğulamalıyıq. Erməni daşnaklarının Şamaxıda törətdikləri vəhşilik və barbarlıq Allah evindən də yan ötməmişdi. Xalqımızın əbədi düşmənləri bu qədim torpaqlarda insanlığa qarşı cinayətə imza atmışdılar: Cümə məscidini ora pənah aparan şəhər əhli ilə birgə yandırmışdılar. Sonradan, sovet hakimiyyəti illərində də bu tarixi və dini abidənin taleyi ağır və məşəqqətli olub. Amma haqq öz yerini tutdu. Xalqımız ayağa qalxdı, müstəqil dövlət qurdu, ibadət ocağı bərpa edildi, minarəsindən yenidən azan səsi insanları Allaha, haqqa, mənəviyyata doğru səslədi.
Tarix spiral xətt üzrə inkişaf edir. Bu gün də ermənilər quduzlaşaraq torpaqlarımızı zəbt ediblər. Neçə-neçə məscidimiz viran qalıb, neçəsi yerlə yeksan edilib. Artıq neçə illərdir ki, Şuşadan, Laçından, Ağdamdan, Kəlbəcərdən namaza çağırış sədaları eşidilmir. Lakin tarixin inkişaf qanunu dəyişməzdir. Hər bir şeyin də sonu var. Bu həsrət, bu nisgil də bitəcək. Xalqımız yenidən öz qüdrətini nümayiş etdirəcək, haqq batil üzərində qələbə çalacaq. Xocalı soyqırımının ildönümündə Ağdamın işğal olunmuş əraziləri ilə həmsərhəd kəndlərdən bir zamanlar elə Ağdam məscidinin minarəsindən səslənən azan verildi. Əlbəttə ki, bu bir rəmz idi, bir xatırlatma idi. Həm düşmənlərə, həm də özümüzə. Bəli, torpaqlarımız işğal altında olsa da, biz bu ərazilərimizi ərməğan etmədik. Savaş hələ bitməyib. Qazi azan bunu bir daha yada saldı. İndi də Şamaxı Cümə məscidi əsaslı şəkildə təmir edilib inanclıların istifadəsinə verilir. 1918-ci ildə bu ərazidə son dəfə işıqlı dünyaya gözünü qapayan günahsız azərbaycanlıların ruhu, yəqin ki, şad olacaq. Məscidin təmiri və açılışı da bir xatırlatmadır. Daha doğrusu, yaddaşların yenilənməsi. Qarabağı ancaq və ancaq milli-mənəvi dəyərlərimizə sarılmaqla, sahib çıxmaqla azad edə bilərik. Bu gün də bunun şahidiyik. Ermənilərin bir müddət boğduğu azan yenidən səslənir. Daşnakların, daha sonra isə bolşeviklərin viran etdiyi məscid yenidən qapılarını dindarların üzünə açır.
Bu bir rəmzdir. Bunlar rəmzlərdir. Amma tarixin pozulmayan qanunları var. Rəmzlər bir gün mütləq reallığa çevrilir. Heç şübhə yoxdur ki, Ağdamın qazi azanı bir müddətdən sonra Şuşa məscidinin minarəsindən səslənəcək. Şübhə yoxdur ki, bir müddət sonra Şuşa məscidi də bərpa olacaq, bu ibadətgah da müsəlmanları ağuşuna alacaq. Hələliksə, o gözlədiyimiz günə doğru daha bir addım atırıq. Mübarək olsun!