İstibra vacib əməldirmi? İstibradan sonra alt paltarında rütubət görünsə və ya maye çıxdığı hiss edilsə, alınan dəstəmaz pozularmı?
İstibra öz-özlüyündə müstəhəb əməldir. Əvvəla, bu işin sağlamlıq üçün xeyri var. Çünki çox zaman sidik damcıları sidik kanalında yığılıb qalır, həm sidik kanalının tutulmasına, həm də müxtəlif mikrobların yaranmasına səbəb olur. İkincisi, istibra nəticəsində kişinin ibadət əməllərində bir qədər arxayınlıq və rahatlıq yaranır. Adətən, sidik damcılarının bir hissəsi sidik kanalında qalır və daha sonra bu damcılar xaric olur (Çox zaman kəskin hərəkət, oturub-durma zamanı bu baş verir). Əgər kişi sidikdən sonra istibra etməsə və ondan hər hansı maye gəlsə, bu maye sidik hökmünü daşıyacaq, bu mayeyə bulaşmış alt paltarı da pak olunmalıdır. Əgər istibrasız dəstəmaz alınsa və sonra maye gəlsə, dəstəmaz batil olar. Amma düzgün istibra ediləndən sonra maye gəlsə (əgər aşkar surətdə sidik və ya məni xüsusiyyətlərini daşımazsa), pak sayılar və bu zaman paklıq tələb olunmaz.