Bu inanılmaz fotoşəkil dünya şöhrətli matador Alvaro Muneranın karyerasının son anlarını əks etdirib.

Belə ki, döyüş əsnasında Alvaro tam acizliyini duyaraq yerə yıxıldı. Məsələ burasındadır ki, Munera anlamışdı: heyvan onunla mübarizə aparmaq istəmir. Yarışdan sonra matador şərhində dedi: "Buğa gözümün içinə baxaraq sanki qışqırdı, bəli, qışqırdı. Bədəninə oxlar batırdığım heyvan mənə zərər vermədi. Hər heyvanda olduğu kimi onun gözlərində də bir günahsızlıq vardı, bunu sezdim. Ürəyimdə ədalətin hıçqıraraq ağladığını eşitdim. Özümü dünyanın ən vəhşi məxluqu kimi hiss edirdim. Rəqibim mənə döyüşməyəcəyini anladırdı".
Bu hadisədən sonra matador buğalarla döyüşlərin qəti əleyhidarına çevrildi, korridanın qadağan olunmasını tələb etdi.
Bəli, bəzən heyvanlardan insanlıq dərsi almağına dəyər. Deyəcəksiniz paradoksdur? Amma Alvaro Muneranın başına gələn hadisə haqlı olduğumuza bir sübut deyilmi?