Bəzən gənclər ailə qurmaq istəyir, lakin valideynlər bunun əleyhinə olurlar. Belə vəziyyətdə necə davranmaq lazımdır? Valideynin istəyinə zidd hərəkət etmək olarmı? Ümumiyyətlə, belə hallar yaşayan cütlüklərə nə məsləhət görmək olar? Saytımızın sual-cavab bölməsinə mütəmadi olaraq belə səpgili suallar daxil olur. Məsələyə aydınlıq gətirmək üçün Gileyli məscidinin imam-cüməsi Hacı Mirhəmid Məmmədova müraciət etmək qərarına gədlik.

- Şəriətə uyğun olaraq, qız ilk dəfə ərə gedirsə mütləq atasının razılığını almalıdır. Allah-taala qızın boynuna belə bir şəkildə valideyn haqqı qoyub. Digər bir qayda isə tövsiyyə xarakterlidir. Yəni həm qız, həm də oğlan belə bir addım atmazdan əvvəl valideynləri ilə məsləhətləşməlidirlər. Yəni oğlanın ata-ananın razılığını alması vacib hökm deyil. Amma hər halda xeyir-dua alması daha yaxşıdır. Birinci məsələyə qayıdaraq qeyd etməliyik ki, bəzi istisnalar da nəzərdə tutulub. Belə ki, valideyn qızının konkret şəxsə ərə getməsinə qadağa qoyursa, bu zaman əqli dəlil gətirməlidir.
- Yəni valideyn “mən dedim, bitdi” prinsipi ilə davrana bilməz, qızına izah etməlidir qərarını, eləmi?
- Bəli. Əgər valideyn əqli dəlil göstərirsə, qızı bunu qəbul etməlidir.
- Bəs dəlilləri ciddi deyilsə?
- Elə olduqda atanın sözünün gücü olmaz. Məsələn, bəzən rast gəlirik ki, ata qızı vermir, bəhanə kimi də oğlanın dindar olmasını göstərir, deyir “mənim dindarlardan xoşum gəlmir”
- Amma bəzən də əksinə olur, dindar bir ata qızını oğlana məhz o dindar olmadığına görə vermir...
- Əlbəttə ki, əqli cəhətdən əsaslandırırsa. Məsələn, şəriətimizdə şərab içənə qız vermək qadağandır. Burda bir məsələni də qeyd etmək istərdim. Ola bilər ki, qız artıq əql və şüur cəhətdən kifayət qədər inkişaf etsin və müəyyən bir həddə çatsın, dünya görüşünə malik olsun. Buna “rəşidə” deyirlər. Əgər o anlayırsa ki, atasının qadağası səhv addımdır, bundan yaxşısını artıq tapa bilməyəcək, o zaman icazəsiz ərə gedə bilər. Əlavə edim ki, qeyd olunanlar yalnız ataya deyil, babaya da aiddir.
- Mən “rəşidə” anlayışına aydınlıq gətirmənizi istərdim. Bu anlayışın göstəriciləri necədir? Axı atası ilə razı olmayan hər kəs deyə bilər ki, mən rəşidəyəm...
- Bunun mənası müxtəlif cür izah olunur. Rəşidə - yəni öz məsləhətini bilən qız, yaşı bir həddə çatan...
- Konkret neçə yaş?
- Bu dəqiq yazılmayıb. Amma qız öz xeyrini və zərərini seçə bilməlidir, anlamılıdır ki, atasının qadağası onun ziyanınadır.
- Siz əqli dəlillərdən söz açdınız. Bunlara bir neçə misal göstərə bilərsinizmi?
- Məsələn, oğlan oğrudur, qəsbkardır, rüşvətxordur, zinakardır və s. günahları işləyib. Sonda vurğulamaq istərdim ki, əvvəl dediklərim ilk dəfə ailə quran qızlara şamil olunur. İkinci dəfə ərə gedənlər bu vacib deyil. Amma yenə də tövsiyə olunur ki, valideynlərin razılığını qazansınlar.
Islam.az