Qərb “demokratları” və şərq despotları birbaşa finişə çıxmağa çalışır
Vaşinqtonun milliyardlarla pul xərclədiyi və nəinki az enerji resursları olan Suriyada, bütövlükdə region üzərində nəzarətin təmin olunmasına yönəlmiş detallı inqilab planı iflasa uğramaqdadır.
Yaxın Şərq və şimali Afrika ölkələrində uğurlu çevrilişlərdən başı gicəllənən ABŞ və onun müttəffiqləri, o cümlədən Fars körfəzindəki inqilabın “pul kisələri” olan ölkələr, dünyanın aparıcı dövlətləri olan Rusiya, Çin və İranın ciddi dəstək verdiyi rəsmi Dəməşqin gücünü düzgün qiymətləndirə bilmədilər.
Suriya şirkətlərinə və bu ölkənin bir sıra vətəndaşlarına qarşı tətbiq edilmiş sanksiyalar, dünyanın aparıcı KİV-lərinin Bəşər Əsədi ən qorxunc simada təbliğ etməsi ABŞ və onun müttəfiqləri üçün istədikləri nəticəni vermədi. Təbii ki, hadisələrin bu cür gedişatı Əsəd hakimiyyətini devrilməsində maraqlı olan dairələrdə təşviş doğurdu.
ABŞ “demokratlənddən” və Fars körfəzindən olan müttəfiqləri ilə bir yerdə Suriya məsələsi ilə bağlı sonrakı addımlarını müəyyən etmək üçün birbaşa finiş xəttinə çatmaq üçün səylərini gücləndirməkdədir. Ancaq bu məsələdə bir “AMMA” var, - Suriyanın Tartus limanında yerləşən Rusiyanın Hərbi Dəniz Qüvvələri bazası.
Görünür, ABŞ Liviyadakı kimi Suriya ilə bağlı məsələnin BMT TŞ-də müzakirəsində Rusiyanın ən azından bitərəf mövqe tutacağına ümid edirdi. Ancaq bir tərəfdən, Rusiya, digər tərəfdən Çin iki dəfə veto hüququndan istifadə edərək qətnamənin qəbul edilməsinə mane oldu. Bununla da, Suriyaya olan hərbi müdaxilənin qarşısı müvəqqəti olaraq dayandırıldı və Əsəd nəinki qərb “demokratlarının” təcavüzü qarşısında dayana bildi, hətta xalq bir yana, bir sıra müxalifət nümayəndələrini öz ətrafında birləşdirə bildi.
Hələ ki, bunu Qərb siyasətinin tam məğlubiyyəti və Suriya-Rusiya ittifaqının qələbəsi kimi qiymətləndirmək olmaz. Bununla bağlı, Səddam Hüseyn dövründə İraqda kimyəvi silah bəhanəsi ilə bu ölkəyə olan müdaxiləni xatırlamaq yerinə düşərdi. Tarix adətən təkrar olunur. Bu gün qərb siyasətçiləri və İsrail də Dəməşqin kütləvi qırğın silahlarına malik olması faktı ilə alver edir. Diskussiyalar bu silahın silahlı muzdluların əlinə düşə bilcəyi ətrafında getmir. Ehtimal olunur ki, Suriya bu silahı Əsəddən siyasi və maliyyə dəstəyi alan Livanın “Hizbullah” partiyasına və İrana verə bilər ki, sonuncular da öz növbəsində bu silahı İsrailə qarşı istifadə edə bilər.
Obamanın Yaxın Şərq səfərinin qısa icmalı
Barak Obamanın Yaxın Şərqə səfərinin siyasi hadisələrin “səfəri” fonunda birmənalı xarakter daşımadığını demək olar.
Birincisi, İsrailin və Türkiyənin baş nazirlərinin telefon danışıqları, - ABŞ administrasiyası nümayəndələrinin dediyinə görə müəyyən məqamlarda bu söhbətə prezident Obama da qoşulmuşdur.
İkincisi, Obama İordaniyaya səfəri zamanı kral 2-ci Abdullaya 200 milyon dollar ayırmaqla bu ölkədə suriyalı qaçqınların problemlərinin həlli ilə bağlı kömək edəcəyini vəd etmişdir.
Üçüncüsü, Obamanı müşayiət edən ABŞ dövlət katibi Con Kerrinin Yaxın Şərqə, İraq və Əfqanıstana qəfil səfərləri.
Dördüncüsü, İmralıda ömürlük həbs cəzasına məhkum olunmuş Kürd Fəhlə Partiyasının lideri Abdulla Öcalanın kürd məsələsini demokratik yolla həlli ilə bağlı öz silahdaşlarına olan müraciəti.
Beşincisi, Rusiyanın üç hərbi gəmisinin Livanın paytaxtına yan alması.
Altıncısı, İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini, KİV-lərin verdiyi xəbərə görə, Livan və Suriya ilə sərhəddə yerləşdirilməsi.
Amerikansayağı başaldatma
Obamanın Yaxın Şərqə səfəri ilk baxışda birmənalı qarşılanır, belə ki, prezident İsraildə və Fələstində olarkən, 60 ildir davam edən Fələstin-İsrail münaqişəsinə diqqəti yönəltdi. Obamanın dünya ictimaiyyətinə yönəlik bəyanatları ümumi xarakter daşıyırdı. İsrail və Fələstində qeyri-qanuni yəhudi məskənlərinin salınmasının dayandırılması və ABŞ-ın müstəqil Fələstin dövlətinin qurulmasına sadiq qalması haqqında köhnə çağırışlar təkrar olundu.
Həmişə olduğu kimi, Amerika hökumətinin sözləri və əməlləri arasında ziddiyyətin şahidi oluruq, belə ki, 2012-ci ilin sentyabrında BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ təşkilatda Fələstin dövlətinin yaradılması bir yana, ona müşahidəçi statusunun verilməsi ilə bağlı qətnamənin əleyhinə səs verdi. Faktlar özlüyündə hər şeyi deyir və faktları proseslərin aydın təsvirini vermək üçün müqayisə etməyin yeri yoxdur. Beləliklə, asanlıqla qeyd etmək olar ki, Obamanın Fələstin dövlətinin yaradılması haqqında bəyanatı dünya ictimaiyyətini yanlış istiqamətə yönəltmək məqsədi daşıyırdı, İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı bəyanatlar isə quş qoymaq xatirinə edilmişdi. Bir sözlə, amerikansayağı başaldatma.
İsrailə 2006-cı ildə Hizbullaha məğlubiyyətinin “qisasını alma şansı” veriləcək
Fransa və Böyük Britaniya daxil olmaqla, bir sıra Avropa dövlətlərinin, o cümlədən, Ərəb Dövlətləri Liqasına daxil olan ölkə nümayəndələrinin Suriyada döyüşən silahlılara hərbi-texniki dəstək verməyə hazır olduqları ilə bağlı verdikləri bəyanatlara əsasən demək olar ki, bu ölkəyə hərbi müdaxilə real görünür. Çox güman ki, Yaxın Şərqə səfərləri zamanı ABŞ rəsmiləri öz müttəfiqləri ilə bir yerdə Dəməşqə qarşı birgə addımlar planını müzakirə etmişlər. İsrailin “Dəmir Gümbəz” sisteminin ölkənin şimalına keçirilməsi ikili xarakter daşıyır.
İsrail havadan və işğal olunmuş Colan təpələrindən artilleriya zərbələri endirməklə Suriya kampaniyasında fəal iştirak edə bilər. İsrailin passiv iştrakı isə su hövzələri daxil olmaqla, öz ərazisinin müttəfiqlərə plasdarm kimi verməsi olardı. Tel-Əvivin Suriyaya qarşı hərbi əməliyyatlara aktiv və ya passiv qoşulmasından asılı olmayaraq, mümkün müdaxilə İsrailə qarşı Hizbullah partiyasının aktivləşməsinə gətirib çıxara bilər, belə ki, adıçəkilən partiyanın ideologiyasının əsasını antisionist və anti-Amerikan mövqe təşkil edir. Digər tərəfdən isə, İsrailə ilk baxışda az təhlükəli olan başqa rol verilə bilər.
Qərb 2006-cı ildə 33 günlük müharibədə məğlubiyyətinin əvəzini çıxmaq üçün Tel-Əvivə “qisas şansı” verə bilər, bunla da İsrail Livanın Suriya ilə sərhəd bölgələrində öz təhlükəsizliyni təmin etmiş, o cümlədən, Hizbullahın döyüşçülərinin Suriyaya getməsinin qarşısını almış olardı. Çox güman ki, bu cür də olacaq. İsrail ordusunun generalı Eyal Ayzanberqin Livana qarşı bəyanatlarından da aydın olur ki, Hizbullahla aparılacaq müharibə 2006-cı ildəkindən fərqli olaraq on dəfə sərt olacaq.
Ankara və Tel-Əviv arasında olan barışma da “Suriya planının” tərkib hissəsidir, çünki ABŞ-ın bölgədəki tərəfdaşları arasında fikir ayrılığı Vaşinqtonun “regionun demokratikləşdirilməsi” proqramına əngəllik yarada bilər. İsrailin açıq şəkildə Fələstin münaqişəsi ilə bağlı on minlərlə insanın öldürülməsinə səbəb olan münaqişə ilə bağlı qəbul edilmiş qətnamələri vecinə almamasını və “Mavi Mərmərə” gəmisində 9 türkiyəlinin ölümü ilə nəticələnən İsrailin hərbi əməliyyatını xatırlamaq kifayət edər. Sual meydana çıxır, niyə İsrail birdən birə Türkiyədən üzr istədi və qətlə yetirilən 9 Türkiyə vətəndaşının ailəsinə təzminat verməyə razı oldu?
Suriyanı hədəf götürən Qərb, həm də İran və Rusiyanı hədəfə götürmüş olur
Qərbin və onun müttəfiqlərinin məqsədi – Suriyada insan hüquqlarının kobud şəkildə pozulmasını bəhanə edib bu ölkəyə müdaxilə etmək və regionda enerji ehtiyatlarını Avropa və ABŞ-a daşıyacaq bufer zonası yaratmaqdır. Bir sözlə, Qərbə Aralıq dənizinə çıxış lazımdır ki, bu, yalnız Suriya ərazisi vasitəsilə mümkündür.
Sahil xəttinin uzunluğuna görə Əsəd rejimini devirməkdə maraqlı olan Fars körfəzi ölkələri İrandakı rejimi devirməkdə maraqlıdır. İranın ona qarşı hücum olarsa, Hörmüz boğazının bağlanması hədələrini Qərb ciddi qəbul edir, belə ki, Tehran artıq XX əsrin 80-ci illərində İraqla müharibədə bu addıma əl atmışdı. Boğazın bağlanması ABŞ və Avrozona üçün enerji fəlakəti anlamına gəlir. Ona görə bu gün Əsəd, Qərb və onun körfəzdəki müttəfiqləri üçün bir nömrəli hədəfdir. Suriya ərazisində bufer zonası qurmaq istəyən Qərb ipə-sapa yatmayan İran üzərində nəzarəti ələ keçirib onun iqtisadiyyatını zəiflədə bilər.
Qərb həmçinin İranın uzaq mənzilli raketləri və nüvə proqramından da narahatlıq keçirməkdədir. Rəsmi Tehran ona qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, fəzaya elmi-tədqiqat peykini buraxa bilmişdir. Beləliklə, kosmik proqrama, peykə, iki kosmodroma və nüvə proqramına malik olan İran Qərb, İsrail və Fars Körfəzinin bir sıra ölkələri üçün potensial təhlükəyə çevrilmişdir. Müttəfiqlər 1300-1500 kim uzaqlıqda hədəfləri vura biləcək raketləri olan və gələcəkdə regionda bir ölkənin yeni oyun qaydalarını diktə edə biləcəyi haqda ciddi düşünürlər.
Suriyanın Qərb tərəfindən tutulmasını Rusiyaya qarşı soyuq müharibənin elan edilməsi kimi xarakterizə etmək olar. Yuxarıda qeyd edildiyi kimi, Fars körfəzinin monarxiya rejimləri Qərbdəki müttəfiqləri ilə bir yerdə bufer zonası yaratmağa cəhd edirlər. Ancaq bu plan tək Suriya ərazisi ilə məhdudlaşmır. Suriyanın işğalı və parçalanmasından sonra İranda Qərbə loyal olan bir rejimin hakimiyyətə gətirilməsi planlaşdırılır. Uğurlu kombinasiyalar nəticəsində ABŞ geniş ərazilər üzərində öz nəzarətini qura bilər. Vaşinqtonun planlarına əsasən, Əfqanıstan-Türkmənistan sərhədindən başlanğıcını götürən bufer zonası İran, İraq, daha sonra Suriyadan keçərək Aralıq dənizinə qədər çatacaqdır.
İranın işğal olunması üçün ABŞ çoxlu enerji sərf etməli olacaq, belə ki, bu ölkə artıq Asiyanın bir sıra ölkələri ilə güclü əlaqələr qura bilmişdir. Bu səbəbdən, ABŞ ilk növbədə, İrana hər hansı bir hərbi müdaxilə olunmadan, daha sonra Suriyaya Fars körfəzindən İraqa qədər qaz dəhlizi üçün təhlükəsiz marşrutun yaradılmasını təmin edəcəklər. Beləliklə, Qətər Avropanı təbii qazla təmin edərək Aİ-nin qaz təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaş ola bilər. Bu strategiyanın həyata keçməsi Avropanın Rusiya qazından asılılığını azaldacaq. İkincisi, İran üzərində nəzarət əldə edildikdən sonra türkmən qazının nəqli üçün yeni marşrut yaranmış olacaqdır. Bununla, Rusiyanın Avropaya olan təzyiq vasitələri xeyli zəifləmiş olacaq.
Eyni vaxtda Rusiyaya iqtisadi zərbələr endirmək üçün təbii qazın qiymətinin süni şəkildə endirilməsi ehtimalı da mövcuddur ki, bəzi analitiklərin bildirdiyinə görə belə bir vəziyyət federasiyanın parçalanmasına gətirib çıxara bilər. Belə bir metod artıq vaxtilə ABŞ tərəfindən Səudiyyə Ərəbistanının vasitəsilə SSRİ-yə qarşı tətbiq olunmuşdu.
Dünyada qaz ehtiyatlarına görə Rusiya (23,7%:) və İran (15,8%) ilk iki yeri tutur. “Enerji gücləri” içərisində üçüncü yeri tutan Qətər (13,5%) qaz sahəsində dünya enerji bazarını nəzarətə götürmək iqtidarındadır. Əgər Qərb bu regionda bufer zonası yarada bilsə, Qətər sözsüz ki, ABŞ-dan gələn tapşırıqlara əsasən Rusiyanın qaz siyasətinə zərbə vurmuş olacaq.
Bu cür vəziyyət Moskvanı narahat etməyə bilməz. Suriya böhranının ciddiliyini diqqətə alan Kreml cavab addımları atmaqdadır. Bir sıra Rusiya KİV-ləri hərbi-diplomatik mənbələrə istinad edərək Rusiyanın Hərbi Dəniz Qüvvələrinə məxsus desant gəmilərinin ehtiyat hissələri ilə təmin olunması və şəxsi heyətin dincəlməsi ilə bağlı Beyrut limanına yan alması xəbərini verir.
Bu məlumat Suriyada hərbi münaqişənin kəskinləşməsi ilə bağlıdır. Ancaq RF-nin Müdafiə Nazirliyi rəsmi şəkildə bu xəbəri təkzib edərək bildirmişdir ki, Tartus əvvəlki kimi Aralıq dənizində Rusiyaya məxsus hərbi gəmilərin təmir bazası olmaqda davam edir.
Digər tərəfdən, Rusiya bir sıra Avropa ölkələrinin Suriyaya olan silah embarqosunu aradan qaldırmaq planlarını, o cümlədən Ərəb Dövlətləri Liqasında üsyançılara silah-sursatın verilməsi ilə bağlı keçirilən səsverməni kəskin tənqid etmişdir. Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov bunu beynəlxaq hüquqa zidd addım kimi dəyərləndirmişdir. Bununla bağlı, Londonda Rusiya və Böyük Britaniyanın müdafiə nazirliyi nümayəndələri arasında nəticəsiz qalan görüş keçirilmişdir.
İordaniya: “Əsas pul deyil, onların miqdarıdır” və ya Amerika pulları əvəzində Qərbə sadiqlik
Bəllidir ki, İordaniya rəsmi şəkildə öz ərazisini Suriyada döyüşən qiyamçılara silah-sursat verilməsi üçün tranzit kimi istifadə olunmasına icazə vermişdir. Bu, bir daha Haşimi krallığının Qərbə, xüsusilə, ABŞ-a sadiqliyini göstərir.
Sirr deyil ki, İordaniya neft ehtiyatları az olan kasıb ərəb ölkələrindən biridir. ÜDM-nin 65 faizi xidmət sektorunun payına düşür.
Nəzərə alsaq ki, bu ölkə heç vaxt öz ehtiyaclarını tam olaraq ödəmək iqtidarında olmamış və xarici yardımdan asılı olmuşdur, o cümlədən ABŞ bu ölkənin əsas donorudur, kral ikinci Abdullanın bu addımını başa düşmək olar. Üstəlik, İordaniya ərazisində uzun müddətdir amerikan və avropalı təlimçilərin iştirakı ilə Əsəd rejiminə qarşı vuruşan döyüşçülərin hazırlaşdırılması üzrə hərbi baza yerləşdirilmişdir.
Görünür, Haşimi dövləti əsrlər boyu davam edən qardaşlıq münasibətlərinə deyil, ABŞ dollarına üstünlük verir.
İraq: sivilizasiyanın beşiyi parçalanma mərhələsində
MKİ nümayəndələrindən əldə edilən və Stiven Elliotun redaktəsi ilə çap olunan sənədlərə görə, ABŞ Suriya müxalifətçilərini birləşdirmək üçün Suriyadan kənarda onların nümayəndələri ilə aktiv danışıqlar aparmışdır. 2007-ci ilin sentyabrında siyasi mühacir olan Məmun əl-Homsinin başçılığı altında Baş katiblik yaradıldı. Xüsusi xidmət orqanları Vaşinqtonun lazım olarsa, Suriyada dövlət çevrilişi baş verəcəyi halda yeni qüvvələrə aktiv dəstəyin veriləcəyini istisna etmir.
İraqın baş naziri Nuri Əl Maliki ilə görüşündə ABŞ-ın dövlət katibi Con Kerri açıq şəkildə bildirmişdir ki, İran təyyarələrinin İraq ərazisindən uçaraq Suriyaya uçması Əsəd rejiminə dəstək deməkdir. “Bizim üçün maraqlıdır, demokratiyanın qurulmasında bizə tərəfdaş olan, amerikanların dəstək göstərdiyi bir ölkə necə ümumi məqsədlərimizin həyata keçməsini çətinləşdirən addımlar atır?”
İraqda Səddam Hüseyn devriləndən bəri Vaşinqtonun bu ölkəyə təsiri azalmaqdadır. Baş nazir Nuri əl-Maliki qonşu İranla yaxınlaşma və Suriyaya dəstək siyasətini həyata keçirir. Rəsmi Bağdad gözəl başa düşür ki, Suriyada rejim dəyişikliyindən sonra iraqlıların qara günləri başlayacaq. İraq şiə, sünni və kürd bölgələrinə parçalana bilər və sivilizasiyanın beşiyi yeni qanlı vətəndaş müharibəsinə məruz qala bilər. Bunu nəzərə alan əl-Maliki hökuməti Tehranla yaxınlaşma siyasətinə üstünlük verir. Görünür, əl-Maliki Yuli Sezarı satan “Brut” rolunu oynamaq istəmir. Yeri gəlmişkən, bu rolu 2002-ci ildə Əsəd özü də oynamışdı. Son anda mövqeyini dəyişən Suriya ABŞ-ın İraqa müdaxiləsinin lehinə səs vermişdi. Qərb diplomatları o zaman bunu Dəməşqin İraqdan sonra növbənin ona çatacağından ehtiyat etdiyi üçün bu addımı atdığını bildirirdilər.
Türkiyənin oyunu
ABŞ Suriyanın şimal-şərqində yaşayan kürdləri Əsəd rejiminə qarşı istifadə oluna biləcək strateji tərəfdaş kimi görür. O cümlədən, İraq ərazisində Kürd Regional Hökuməti (KRH) də Amerikanın müttəfiqi sayılır. Vaşinqton əmindir ki, KRH Suriya kürdlərinin azad olunması üçün onun istənilən addımlarını dəstəkləyəcək. Bundan başqa ABŞ əmindir ki, Suriya və İraqda vuruşan kürd partizanları koalisiyaya dəstək verəcək. Bu planları həyata keçimək üçün Ağ Ev KRH-nin “Türkiyə Kürdüstanından” əl çəkmək müqabilində “Suriya Kürdüstanını” ona qurban verməyə hazırdır. İstisna etmək olmaz ki, bu əməliyyat uğurla sona çatdıqdan sonra Qərb İranın şimal-qərbində kürdlərin yaşadığı ərazilərlə bağlı da eyni siyasəti həyata keçirəcək.
Məhz bu səbəbdən Öcalan öz silahdaşlarına silahı yerə qoymağı və Ankara ilə diplomatik dil tapmaq çağırışı etdi. Məhz bu səbəbdən Türkiyə hökuməti ABŞ planına dəstək verir və hər gün Əsədə qara yaxmaqdadır.
Bu cür geosiyasi durum Türkiyənin maraqlarına cavab verir və bu şərtlər daxilində Ankara ABŞ-la razılığa gələ bilər.
Ancaq…
Necə deyərlər, Qərbin pulları alınıb və xərclənib, - indi isə sifariş olunan musiqini çalmaq lazımdır. Silahlı qiyamçılar elə bilirdi hər şey onların istədiyi kimi olacaq. Rusiya və onun müttəfiqləri də bu oyuna girdilər, amma barrikadanın o biri tərəfində və onlar indi öz mahnılarını sifariş edirlər.
Nəticədə regionun siyasi və iqtisadi düzəninin yenidən qurulmasına start verilən planlar dalana dirənib. Bunun bir müsbət tərəfi var. Dalan geri dönməyi, başlanğıca qayıtmağı da öyrədir. Yavaş-yavaş, buraxılan səhvləri dərk edərək.
Fərdin İsazadə, siyasi icmalçı, xüsusi olaraq islam.az üçün
