Bəlli olduğu kimi, iki ildən çoxdur ki, Azərbaycanda hicablı şagirdlər orta təhsil müəssisələrinə buraxılmırlar. Dini çevrələrin ciddi etirazlarına və narazılığına rəğmən, problem hələ də həllini tapmayıb. Lakin bu günlərdə Təhsil Nazirliyində baş verən dəyişikliklər qadağanın aradan qaldırılmasına müəyyən ümidlər yaratdı. Bu ümidlərin nə dərəcədə realdır? Din xadimlərimizin və ümumilikdə dindarlarımızın yeni təhsil nazirindən hansı gözləntiləri var? Bu sualla din xadimlərinə müraciət etmək qərarına gəldik. Onların cavablarını oxucularımıza təqdim edirik.
Məşədi Dadaş məscidinin imam-cüməsi Hacı Şahin Həsənli:

- Təhsil nazirinin dəyişməsi bu məsələnin həllində bir ümid yaradır. Çünki, məlum olduğu kimi, Azərbaycan qanunvericiliyində hicabla bağlı heç bir qadağa yoxdur. Qadağaya bir əsas kimi də məktəblərin nizamnamələri göstərilir. Düşünürük, həmişə də belə düşünmüşük ki, məsələnin həllində bir kompromis tapıla bilər. Təhsil Nazirliyindəki yeni rəhbərlik ola bilər ki bu problemin həllində yeni baxış ortaya qoymağa yardım edəcək. İnanclı insanlar arasında belə bir inam var ki, nazirin dəyişməsi ilə təhsil sahəsindəki bir çox problemlər, o cümlədən də hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı məsələ öz həllini tapacaq. Bu nikbinliyə də əsas var. Çünki, qeyd etdiyim kimi, hicabın qadağası ilə əlaqədar qanunda heç bir göstəriş yoxdur. Düşünürəm ki, problem məktəb rəhbərliyi səviyyəsində, direktor, şagird və valideynlər arasında həllini tapa bilər.
- Amma məktəblərdə vahid məktəbli forması tətbiq olunur ki, burda da hicab nəzərə alınmayıb...
- Vurğulamaq istərdim ki, şəxsən mən məktəbli formasının tərəfdarıyam. Vahid məktəbli formasının tətbiqi təqdirə layiq haldır. Çünki bu şagirdlər arasında ayrıseçkiliyin yaranmasının qarşısını alır. Amma düşünürəm ki, hicab məktəbli forması ilə elə də ziddiyyət təşkil etmir. Məktəbli formasını baş geyiminə tətbiq etməmək də olar. Bir sıra inkişaf etmiş ölkələrdə də belə bir təcrübə mövcuddur. Yəni məktəbli forması olmaqla yanaşı şagirdlər hicab da geyə bilirlər. Hicablı şagirdlər üçün də standart məktəbli forması düşünmək olar.
İlahiyyatçı Hacı Ceyhun Cəfərov:

- Yeni təyinat olduqda müəyyən gözləntilər olur ki, problemlər aradan qalxar. Konkret bu halda da gözləntimiz var ki, hicab problemi öz həllini tapar. Əlbəttə ki, yeni təyin edilən şəxs məsələlərə ciddi yanaşsa. Biz çox şey gözləyə bilərik. Amma bəzən heç gözlədiklərimiz də alınmır. Hər halda yenə də ümid edirik ki, problem həllini tapar. Əslində bu problem də deyil, süni problemdir. İstərdik ki, bu narahatçılıq və gərginlik aradan qalxsın. Gözləyək, görək necə olacaq. Hər halda, ümid var.
Cəlilabad rayonunun və Cəlilabadın Cümə məscidinin axundu Hacı Mahmud Əsgərov:

- Ümid etmək istərdim ki, Təhsil Nazirliyində baş verən kadr dəyişikliyi hicab problemin həllində nə isə bir rol oynasın. Digər tərəfdən bir nazirlik respublikada belə qalmaqala səbəb olan qərarı özü verə bilməzdi. Amma hər halda yeni nazir təyin olunub və hamımız ümid edirik ki, toxunduğunuz məsələ elə nazirlik tərəfindən də həll olunsun, cəmiyyətdə bu sahədə əminamanlıq yaransın. Biz dəfələrlə televiziya ekranlarında da görmüşük ki, şagirdlər, müəllimlər hicablıların dərsə davamiyyətini yüksək qiymətləndirirlər, onların dərsə başıbağlı gəlmələrində heç bir ciddi problem olmadığını deyirlər. İnanıram ki, keçmiş nazir də bunu başa düşürdü. Sadəcə məsələnin həlli üçün heç bir cəhd göstərmək arzusunda olmayıb. Hər halda, yeni nazir təyinatı oldu. Ümid edir və gözləyirik ki, nə isə bir dəyişiklik olacaq. Amma bu bir ümiddir. Reallıqda nə baş verəcəyini zaman göstərəcək.
Gileyli məscidinin imam-cüməsi Hacı Mirhəmid Məmmədov:

- Əlbəttə ki, hicab probleminin həlli zəruridir. Təhsil Nazirliyində baş verən kadr dəyişikliyi bu həllin bir qədər də yaxınlaşmasına ümid yaradır. Bizim məscidimiz İçəri Şəhərdə yerləşir və mən yeni naziri əvvəlcədən bir işgüzar insan kimi tanıyıram. O, kifayət qədər geniş dünya görüşünə, müasir nəzərlərə malikdir. İnanıram ki, hicab probleminin də, təhsil sistemində inanc azadlığı prinsiplərinin mahiyyətini də anlayır. Dünyada da bu sahədə olan vəziyyətdən xəbərdardır. Və bu inama əsaslanaraq ümid etmək istərdim ki, tezliklə Azərbaycanın bütün dini çevrələrini narahat edən bu hicab məsələsi öz həllini tapacaq. Bu, müxtəlif yollarla ola bilər. Məsələn, vahid məktəbli forması saxlanılmaqla hicaba da icazə verilməsi. Yaxud hicablılar üçün xüsusi məktəblərin açılması. Hər halda, məsələ həllini tapmalıdır. Yeni nazir də bu savab işə öz töhfəsini verə bilər.
islam.az