Dünya möcüzələrlə doludur. Müəllifi isə bəllidir – Allah! Belə möcüzələrdən biri – kolibri (milçəkquşu).
Kolibri planetin ən balaca quşu hesab edilir. Onun uzunluğu 5,7 santimetr, çəkisi isə 1,6 qramdır. Yatmadığı zaman bu quş daim güllərdən şirə toplayır. Kiçik olmasına baxmayaraq gün ərzində çəkisindən 2 dəfə artıq qida qəbul etməyə qadirdir. Amma hətta belə olduqda da kalibri həmişə aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir.
Məsələ burasındadır ki, sözügedən quş uçuş zamanı qanadlarını çox intensiv çalır – saniyə ərzində 80 dəfə. Nəticədə onun nəbzi dəqiqədə 1260 dəfə vurur!
Bir sözlə, quş çox sürətlə enerji itkisinə məruz qalır. Bu itkinin yerini doldurmaq üçünsə kalibri böyük həcmdə qida qəbul etməlidir. Əks təqdirdə kalibri cəmi bir neçə saatdan sonra ölə bilər.
Dünya möcüzələrlə doludur. Müəllifi isə bəllidir – Allah! Sadəcə olaraq diqqətlə baxmaq, anlamaq, valeh olmaq və bir daha inanmaq lazımdır. Sonra isə qəlbimizin dərinliklərində yaranan “Allahu Əkbər”i təkrar-təkrar sidq ürəklə dilə gətirmək. Allahu Əkbər!