Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır.
Məsələn, İmam Baqir (ə) və İmam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuş, buna görə də, İmam Sadiqin (ə) şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavaddan (ə) başlayaraq İmam Həsən Əsgərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı İmam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli, “İmam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavaddan (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki, Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir. Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi “Məalimül-itrətit-tahir” adlı kitabında, eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit, Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavaddan (ə) çoxlu hədislər rəvayət etmişlər.