
Məlum olduğu kimi, artıq 2 ildən çoxdur ki, Azərbaycanın orta təhsil müəssisələrində hicaba qadağa tətbiq edilib. Sözsüz ki, bütün din adamları bunu birmənalı şəkildə pisləyir və bu qadağanın aradan qaldırılmasının labüdlüyünü vurğulayırlar. Amma son zamanlar məhz dini çevrələrdə bu qadağanın ləğvinə istiqamətlənən səylərin forması ətrafında ciddi fikir ayrılığı meydana gəlib. Belə ki, bir qrup nəticənin nə olacağını düşünmədən sərt çıxışlara, küçə yürüşlərinə, kütləvi aksiyalara çağırdığı, ultimativ tələbləri irəli sürərərək vəzifənin əsas, nəticənin isə onlardan asılı olmadığını dediyi təqdirdə, digər qrup təmkinə, təfəkkürə, hansısa addımı atmazdan əvvəl yüz ölçüb bir biçməyə dəvət edir, vəzifənin vacib olması ilə bərabər, mümkün nəticələri də nəzərə almağı lazımlı hesab edir, problemin danışıqlar yolu ilə çözülməsi imkanlarının bitmədiyini bildirir. Islam.az məsələ ilə əlaqədar ölkənin bir sıra din xadimlərinin fikirlərini öyrənib. Müsahiblərimizin mövqelərini dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Hacı Əkrəm Əliyev (Sədərək məscidinin imam-cüməsi):

- Hicab qadağası həm qanunlara, həm Konstitusiyaya ziddir. Bu məsələyə hərə bir cür yanaşır. Mənim də öz fikrim var. Bu problemin aradan qaldırılması üçün istər məktəblilər, istərsə də valideynlər arasında və cəmiyyətdə maarifləndirmə işi aparılmalıdır. Məsələ təmkinlə, qanuni müstəvisində həll olunmalıdır. Problemin də, atılan addımların da əhəmiyyətini dərk etmək lazımdır. Xalqa, millətə anlatmaq lazımdır ki, hicab nə deməkdir.
Hacı Mahmud Əsgərov (Cəlilabad rayonunun və Cəlilabadın Cümə məscidinin axundu):

- Azərbaycanda heç kəs istəməzdi ki, hicab qadağası ortaya çıxsın və bu gün hamımız bu narahatçılığı yaşayaq. Anlamaq olmur: əgər bir uşaq məktəbə başı bağlı getsə bunun nəyi pisdir ki? Amma məhdudiyyət tətbiq olunur, uşaqlar dərslərdən yayınır. Bu günün hicablı qızı sabahın anasıdır. Savadsız ananın tərbiyə etdiyi uşaqlar isə savadsız olacaqlar. Bu savadsız uşaqlar da cəmiyyətimizin gələcəyidir. Birmənalı şəkildə bildirmək istərdim ki, hicabla təhsilə icazə verilməsi olduqca vacib məsələdir. Hər bir müsəlman bunun üçün narahatdır.
O ki qaldı cəmiyyətimizdə bu gün baş verən hadisələrə, ümid edirik hicab məsələsi tezliklə həll olacaq. İnşallah olacaq da. O zaman bu narahatçılıqların heç biri qalmaz. Xalqımızın rifahı üçün dövlət də, millət də, ruhanilər də əl-ələ verməlidir, müstəqilliyimizi qorumalıyıq, gələcək inkişaf üçün səylərimizi əsirgəməməliyik. Bütün bunlar da var. Narahatçılıq doğuran amil aradan qalxsa, bu proseslər daha geniş vüsət alacaq. Bu gün bəzi ruhanilər hicab problemini aqressiv metodlarla həll etmək istəyirlər. Başqa bir qrup isə təmkinlə davranır. Fikir müxtəlifliyi təbiidir. Mən deyə bilərəm ki, bu gün hicab qadağasından sui-istifadə edənlər var. Bu şəxslır üçün şərait yaratmamalıyıq. İstərdim ki, prezidentimiz, digər dövlət rəhbərlərimiz bu məsələyə diqqət yetirsin, problem həllini tapsın.
Hacı Yusif Bağırov (“Qələm” nəşriyyatının direktoru):

- Əvvəla qeyd etmək istərdim ki, hicab – Allahın əmridir. Bu bir İlahi hökmdür. Bu hökmə qarşı da fikir yürütmək məqsədə uyğun deyil. Kim Allahın bu göstərişinə əməl etmirsə - öz işidir. Amma əməl edənlərə də hörmətlə yanaşmaq lazımdır, onların hüquqları tapdanmamalıdır, bu yolverilməzdir.
Bəzi məktəblərə hicablılar buraxılırlar, bəzilərinə isə yox. Çünki bu barədə bir qanun da yoxdur. Milli Məclisdə və ya digər orqanlarda da müvafiq qərar qəbul edilməyib. Məncə bu problemin aradan qaldırılmasında maarifləndirmə daha önəmli rol oynayır. Xatırlayırsınızsa, Dövlət Neft Akademiyasında belə bir problem yaranmışdır. Tələbələrin və valideynlərinin müraciəti və şikayəti əsasında bu narahatçılıq aradan qaldırıldı. Düşünürəm ki, digər yerlərdə də danışıqlar aparılmalıdır. Düzgün maarifləndirmə olsa nəticə də əldə ediləcək. Hicab probleminin həllinə dair fikirlər müxtəlif ola bilər, amma bütün fikirlərə hörmətlə yanaşmaq lazımdır.
Hacı Mirhəmid Məmmədov (“Gileyli” məscidinin imam-cüməsi):

- Hicaba Azərbaycanda rəsmi qadağa yoxdur. Amma problem mövcuddur və problem də həll olunmalıdır. Problemin aradan qaldırılmasının isə qaydaları var, bütün dünyada qəbul edilən qaydalar, əxlaqi qaydalar. Bunlardan istəfadə edib hər kəs haqqını tələb edə bilər. Bu, insan haqlarının tərkib hissəsidir. Bu məsələnin də həlli üçün çalışmalıyıq, yollar aramalıyıq. Hansısa zor işlətmək, cəmiyyətdə çaxnaşma yaratmaq qəbulolunmazdır. Bu həm əqli, həm də dini baxımdan yolverilməzdir. Buna görə də hər bir adam qanuni, hüquqi yollardan istifadə edib haqlarını tələb etməlidir.
Hacı Şahin Həsənli (Məşədi Dadaş məscidinin imam-cüməsi):

- Hicab qadağası ilə bağlı mövqeyimizi birmənalı bildirmişik: Azərbaycan qanunvericiliyində belə bir qadağa yoxdur. Bu səbəbdən də hansısa məktəblərdə müəyyən məhdudiyyətlərin tətbiqi qeyri-qanunidir. Hesab edirik ki, insanların təhsil alma hüququ ilə dini etiqad və vicdan azadlığı bir-biri ilə uzlaşmalıdır. Bu problem tezliklə aradan qaldırılmalıdır. Çünki cəmiyyətdə yersiz gərginlik və qarşıdurma yaranır. Bu da ki, din-dövlət münasibətlərinə zərbə vurur. Eyni zamanda məsələnin həlli ilə bağlı müxtəlif fikirlər ola bilər. Biz bunu da təbii qarşılayırıq. İnsanlar məsələlərə müxtəlif cür yanaşa bilərlər. Normal cəmiyyətdə də bu normal qəbul olunmalıdır. Bu zaman diqqət etmək lazımdır ki, müxtəlif fikir sahibləri bir-birinə ünvanlanan sərt ifadələrə, ağır ittihamlara yol verməsinlər, təmkinlərini qorusunlar, digər fikir sahiblərinə hörmətlə yanaşsınlar. Bizim məsələyə baxışımız isə bundan ibarətdir: məsələnin hüquqi müstəvidə həlli yolları hələ tükənməyib. Xüsusən də buna bir nümunə kimi ADNA-da yaranan və qısa müddətdə həll olunan hicab problemini göstərmək olar. Bu bir daha nümayiş etdirdi ki, kompromis tapıla bilər. Bir daha təkrar edim ki, biz problemin hüquqi müstəvidə həllinin tərəfdarıyıq. Bu istiqamətdə hüquqi maarifçilik yolunun, insanlara öz haqlarının izah olunmasının tərəfdarı olmuşuq. Düşünürük ki, gec-tez kompromis tapılacaq. Çünki ən yüksək səviyələrdə də deyilib ki, Azərbaycanda heç kəsin dini etiqad və vicdan azadlığı tapdana bilməz. O ki qaldı vəzifə və nəticə məsələsinə, dini nöqteyi nəzərdən bir insan addım atarkən onun nəticəsini hərtərəfli düşünməlidir, nəticənin hasil olması üçün müvafiq addımlar atmalıdır. Boynumuza düşən vəzifəni də icra etdikdən sonra nəticə hasil olmasa məyus olmamalıyıq. Dinimiz ağıl dinidir. Quranda buyurulur ki, “məgər düşünməzsiniz ki?”. Yəni Müqəddəs Kitabımız da insanları təfəkkürə dəvət edir. Bu baxımdan da istənilən addım atıldıqda xeyir və ziyan hesablanmalıdır, daha pozitiv nəticələr əldə etmək üçün addımlar atılmalıdır. Təbii ki, addımlar nəticəyə hesablanmalıdır. Amma bir daha deyim ki, hansısa işdə nəticəyə çatmayanda ümidsizliyə qapılmamalıyıq.
Elşən Rəhimli (Ağsu şəhər Hacı Alcan və Hacı Almaxanım məscidinin axundu):

- Hər bir vəzifə nəticəyə bağlıdır. Bir işin faydalı nəticəsi yoxdursa, o işlə məşğul olmaq ağılsızlıqdır. Bu da həyatın bütün sahələrinə aiddir. Hər şeyi əvvəlcədən götür-qoy etmək lazımdır, kor-koranə iş görmək olmaz. Bir sözlə, islama görə nəticə əhəmiyyətlidir.
Hacı Fizuli Cəfərov (Kürdəmir İmam Rza (ə) məscidinin axundu və icma sədri):

- Allah insana şüur bəxş edib, düşünmək qabliyyəti verib. Deməli addım atmazdan əvvəl insan bu barədə düşünməlidir – hara gedir? Allah buyurur ki, səni azad, amma müəyyən bir çərçivədə azad xəlq etmişəm. Yəni şüurunu, əzalarını, nəfsini vermişəm əqlinin öhdəsinə. Odur ki, düşünüb elə hərəkət etmək lazımdır ki, səndən həm Allah, həm də cəmiyyət razı qalsın. Yəni bir addım atmamışdan öncə mütləq nəticəni düşünmək lazımdır.
İslam.az