Bayram günlərində Cəlilabadda törədilən müdhiş cinayət bütün Azərbaycanı lərzəyə gətirdi. Cani vəhşi bir soyuqqanlılıqla ana və onun 2 azyaşlı övladını qətlə yetirdi. Bu cinayətdən sonra hətta Milli Məclisdən ölkədə edam cəzasının yenidən bərpa olunması məsələsi gündəmə gətirildi. Bəs bu təşəbbüsə, edam hökmünə, onun tətbiqinin Azərbaycanda yenidən bərpasına İslam necə yanaşır? Məsələ ilə bağlı ölkənin tanınmış din xadimlərinə müraciət etdik.
Hacı Fuad Nurullayev (Bakı İslam Universitetinin dekanı, QMİ sədrinin müşaviri): “Bizim ölkə dünyanın demokratik qanun və həyat tərzinə qoşulduğu üçün, qanunlarda da müəyyən uzlaşma var. Məsələn, ABŞ-ın bir çox ştatlarında, Avropada edam hökmü ləğv edilib. Bizim ölkə də bu təşəbbüsə qoşulub. Amma bəzi cinayətlər var ki, onların törədənlərə qarşı ölüm hökmü icra olunsa daha yaxşıdır, ədalətlidir. Mən bir çox həbsxanalarda, o cümlədən Qobustan həbsxanasında olmuşam, məhkumlarla görüşmüşəm. İnsan var ki, dünya malına, pula görə hər iki valideynini qətlə yetirib, sonra da onların cəsədlərini doğrayaraq kanalizasiyaya atıb. Belə şəxsə ömürlük həbs cəzası verilməsi normal deyil, o, edam olunmalıdır. Onun üçün ölüm hökmü mütləqdir. Təbii ki, mən qanunlarımıza hörmətlə yanaşıram, bizdə hüquq var, qərarları da məhkəmələr çıxarır.

Amma bəzi cinayətlərə görə ölüm hökmünün çıxarılmamasının özü xətadır. Bu, böyük fəsadlara səbəb olur. Ana və iki körpənin başını kəsənə ömürlük cəza verəcəklərsə, bu nə deməkdir? Onu ömürlük saxlayacaqlar, qulluğunda duracaqlar, yedirəcəklər, içirəcəklər. O isə hətta vətənin havasını duymağa layiq deyil! Belələri insanlıqdan silinməlidirlər! Ömürlük həbs hökmü oxunanların bəziləri hətta bir müddətdən sonra azadlığa buraxıla da bilir və yenidən potensial təhlükə mənbəyinə çevrilirlər. Canilər Azərbaycanda ölüm cəzasının tətbiq olunmadığını gözəl bilirlər və yeri gələndə cinayətlərini çəkinmədən törədirlər. Hərçənd, edam hökmünün mövcudluğu bir çox cinayətlərin qarşısını ala bilərdi. Mən şəxsən bir ruhani olaraq Fazil Mustafanın təşəbbüsünü dəstəkləyirəm. Bəzi cinayətlərə görə Azərbaycanda ölüm hökmünün tətbiqi məqsədəuyğun olardı”.
Hacı Mirhəmid Məmmədov (“Gileyli” məscidinin imam-cüməsi): “Bu hadisə nə birinci deyil, nə də sonuncu. Allah Quranda buyurur ki, qisasda böyük bir həyat var, dirilik var. Eyni zamanda Allah buyurur ki, bir günahsızı qəsdən öldürmək bütün dünyanı qətlə yetirməyə bərabərdir. Yəni bir insanı öldürməyə cürət edən, bütün bəşəriyyəti öldürməyə də cürət edə bilər. Təsəvvür edin: Həzrət Adəm (ə) bir nəfər idi, amma bu qədər insan onun övladlarıdır. Bu qətlə yetirilən insandan da ola bilsin ki, gələcəkdə elə bu qədər insan yaranacaqdı. Amma onların hamısını o qatil öldürür. Odur ki, qətl – böyük günahlardan biridir.

İslamda insan öldürmək 3 növə ayrılır: 1. Səhvən törədilən qətl; 2. Qəsdən öldürməyə bənzər (Məsələn, birini döymək istəyirdi, amma öldürdü, hərçənd belə məqsədi yox idi); 3. Qəsdən törədilən qətl. Biz məhz 3-cü qisimdən söz açırıq. Quranda Allah buyurur ki, bunun hökmü 3 hissədən ibarətdir: 1. Ölünün vəlisi qatili bağışlaya bilər; 2. Ölünün vəlisi qatildən qan bahası ala bilər; 3. Ölünün vəlisi məhkəmədən qatilin edamını tələb edə bilər. Yəni bu məsələdə Allah bütün məsuliyyəti ölünün sahibinin üzərinə qoyur. Qeyd edim ki, dində cəza tədbiri insanları islah etmək üçün nəzərdə tutulub. Yəni ölüm hökmünün mövcudluğu sırf profilaktik məna daşıyır, insanları qətl törətməkdən çəkindirməyə yönəlib. Bəziləri məhz qorxu hissinə görə cinayətdən çəkinirlər, onların mənəviyyatı, tərbiyəsi belədir. Allah bu hökmü aşkar surətdə bildirib. Hətta ABŞ-ın bəzi ştatlarında da edam cəzası mövcuddur. Vurğulayım ki, bu qanunda heç bir xəta yoxdur, xəta qanunun icra mexanizmində ola bilər. Məsələn, 4 nəfər sözü bir yerə qoyaraq kiminsə edam edilməsi üçün böhtan ata bilər. Təhlükə burdadır. Amma bir adam körpələri qətl etməyə cürət tapırsa, onun edamına heç bir şübhə ola bilməz. Odur ki, müəyyən cinayətlərə görə edam hökmünün çıxarılmasının tərəfdarıyam”.
Hacı Şahin Həsənli (Məşədi Dadaş məscidinin imam-cüməsi): “İslam qanunvericiliyində ölüm hökmü var. Deməliyəm ki, cəza zərurətdən yaranır. İstənilən cəmiyyətdə cəza insanların cinayət törətmələrindən sonra labüd olur. Hədislərdə qeyd olunub ki, bir nəfəri nəsihətlər islah etmirsə, onu sərt cəzalar islah edə bilər. Normal cəmiyyətdə insanlar mənəvi dəyərlərə sırf cəza qorxusundan yiyələnmirlər. Burda əxlaqi meyarlar əsas rol oynayır. Amma cəmiyyət müxtəlif insanlardan ibarətdir, onların mənəviyyatları da fərqlidir. Elələri var ki, yalnız cəza qorxusundan cinayət törətməkdən çəkinirlər. Bu baxımdan da İslamda bir sıra cəzalar nəzərdə tutulub, o cümlədən ölüm cəzası. Bəzən edamı sərt, humanizmə, mərhəmətə zidd tədbir kimi qələmə verirlər.

Amma bəzən bütöv bir cəmiyyətə qarşı mərhəmətli olmağımız üçün bəzi fərdlərə sərt cəza tətbiq etməyimiz zəruriyyətə çevrilir. Bu səbəbdən də İslamda ölüm cəzası kimi bir cəza növü var və bəzi cinayətlər üçün bu hökm tətbiq edilir. Bəzən elə təsəvvür yaradırlar ki, guya İslam cəzaları təqdir edir, üstünlük verir. Təbii ki, bu belə deyil. Qeyd etdiyim kimi, bu zəruriyyətdən irəli gəlir. Quran edam hökmünü nəzərdə tutur. Allah isə ən gözəl insanşünasdır, insanı ən gözəl surətdə tanıyır. Odur ki, bu hökmün də, sözsüz ki, dərin bir hikməti var”.