Günlərin birində qəzaya uğrayan gəminin yeganə sağ qalmış sərnişinini dalğalar kimsəsiz adaya atdılar. Gecə-gündüz Allaha xilas olması barədə dua edən insanın adadakı həyatı gəmi həsrəti ilə uzaqlara baxmaqla keçirdi.
Amma günlər ötür, heç kim onu xilas etmirdi. Belə olduqda, o, qəzaya uğrayan gəminin qalıqlarından sahildə özünə bir koma düzəltdi və burada yaşamağa başladı. Günlərin birində isə, özünə yemək axtarmaqdan qayıtdıqda komanın alova büründüyünü gördü. Artıq çarəsizliklə diz çökən insan hönkürərək söylədi: “Allahım, axı Sən nə üçün belə etdin?”. Taqətsiz qalan adanın yeganə sakini tezliklə yuxuya getdi. Onu bu narahat yuxudan gəmi fiti oyatdı. Gözlərinə inana bilmirdi: sahilə həqiqətən də gəmi yaxınlaşırdı...
İnsanın onu xilas edən matroslara ünvanlandığı ilk sual belə oldu:
- Axı siz nə bildiniz ki, mən burdayam?
- Bizi bura adadan qalxan tüstü gətirdi.
Məntiq: Allahın rəhməti hər yerdədir, hər şeydədir! Hər nəfəs, hər baxış, hər addım, hər söz Allahın rəhməti və mərhəməti ilə əhatə olunub! Hər açılan sabah, rastımıza çıxan hər yaxşı insan, daha nələr, nələr – bu da Allahın lütfüdür. Bunu bilməliyik, bunu yadda saxlamalıyıq. Bir danılmaz həqiqəti də unutmamalıyıq: bütün bunları Allah bizə təmənnasız bəxş edib, tamamilə. Bu haqda biz Ona bir dəfə də olsun müraciət etməmişik.
Əlhəmdülillah!