Məmun xəlifə olduqdan sonra əvvəlcə İmam Rizanı (ə) xilafət mərkəzinə hörmətlə dəvət etdi.
İmam Riza (ə) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun çox təkid etdikdən və İmam Riza (ə) ilə onun arasında çoxlu məktublaşmalar olduqdan sonra nəhayət, o Həzrət bir dəstə adlı-sanlı şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.
Məmun İmam Rizanın (ə) karvanını gətirmək vəzifəsinə təyin olunmuş Cüludiyə, digər bir rəvayətə görə isə Rəca ibn Əbu-Zəhhana tapşırmışdı ki, karvandakılara, xüsusən də, İmam Rizaya (ə) lazımi hörməti etsin. Ancaq İmam Riza (ə) camaatı xəbərdar etsin deyə, qəsdən bu səfərdən narazı qaldığını bildirirdi. O Həzrət Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını yığıb onlardan onun halına ağlamasını istəyərkən buyurmuşdur: “Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam.” Sonra Peyğəmbərlə vidalaşmaq məqsədilə o Həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Müxəvvil Sistani yazır: “Bu zaman o Həzrətin yanına gəlib salam verərək səfərinin uğurlu olmasını dilədim. O buyurdu: “Mənə yaxşı-yaxşı bax, cəddim (Peyğəmbərin) yanından uzaqlaşıb qürbətdə öləcək və Harunun yanında dəfn olunacağam.”
İmam Rizanın (ə) karvanının Mədinədən Mərvə gəldiyi yol (Məmunun göstərişinə əsasən) Bəsrə, Əhvaz və Fars şəhərlərindən keçirdi.