Bir dəfə Nyu-York sakini hindu dostu ilə şəhərin küçələrini dolaşırdı. Qəfildən hindu dayandı:
- Cırcıramanı eşidirsən?
Dostu ətrafa boylandı. Avtomobillər şütüyür, tikinti işləri gedir, insanlar harasa tələsirdilər. Təəccüblə soruşdu:
- Dəli olmusan? Bu səs-küydə də cırcırama səsini eşitmək olar?
Hindu isə israr edirdi. O, yaxındakı kolluğa tərəf getdi. Həqiqətən də, bankın qarşısındakı çəmənlikdən cırcırama səsi gəlirdi.
Nyu-York sakini təəccübünü gizlədə bilmədi:
-Qəribədir. Yəqin sənin fantastik eşitmə qabiliyyətin var.
Hindu gülümsədi:
- Məsələ bunda deyil. Bir bax.
O, cibindən bir ovuc xırda pul çıxarıb səkiyə səpdi. Dərhal ətrafdakılar bir nəfər kimi dayanıb boylanmağa, ciblərini yoxlamağa başladılar: bəlkə bu onların pullarıdır?!
Hindu davam etdi:
- Görürsən? Hər kəs eşitmək istədiyini eşidir.
Məntiq: Bəzən informasiya dənizində həqiqətən dəyəri olan fikirə, parlaq ideyaya lazımi diqqət yetirilmir. Amma əksərən məhz onlar sonda uğur qazandırır. Sadəcə olaraq yenilikləri qəbul etməyə hazır olmalıyıq. Qavramanın adət edilən çərçivəsini genişləndirməyə, fanatik düşüncə tərzindən azad olmağa ehtiyac var bu, xüsusən də bu gün və bizim cəmiyyətimizdə.