Cəngavərin yolu səhradan keçirdi. Artıq neçə gün idi ki, suya və yeməyə həsrət idi. Birdən uzaqda bir göl gördü, son qüvvəsini toplayaraq sevinclə bu gölə tərəf addımladı.
Lakin gölün kənarında üçbaşlı əjdaha uzanmışdı. Qılıncını çəkərək, cəngavər əjdahaya hücum etdi. Uzun sürən döyüşdən sonra əjdahanın 2 başı kəsildi. Amma artığına cəngavərin qüvvəsi yetmədi. O, yerə yıxıldı. Amma əjdahanın da taqəti qalmamışdı. Odur ki, o da elə çağırılmamış qonağın yanına sərildi. Bir təhər salamat qalan başını qaldırıb cəngavərdən soruşdu:
- Bura bax e, sən axı nə istəyirdin?
- Su içmək istəyirdim!
- Doğrudan? Bəs içəydin da!
Məntiq: Bəzən, məqsədimizə aparan yolda heç bir ciddi maneə olmur. Problemləri biz özümüz yaradırıq. Kimi ehtiyatsız sözü ilə, kimi düşünülməmiş davranışı ilə, kimi də fəaliyyətsizliyi ilə. Bir də görürsən ki, artıq hədəf unudulub. Problemləri yaratmaq və onlarla mübarizə aparmaq həyatımızın mənasına çevrilib.