Sabah erməni faşistlərinin Xocalıda törətdikləri vəhşiliyin 21-ci ildönümüdür. İllər ötdükcə, dünyada daha çox insan bu müdhiş bəşəri cinayət haqqında məlumat alır, Azərbaycanın haqq savaşında hansı barbarlarla üz-üzə dayandığını anlayır. Bu prosesdə “Xocalıya ədalət” kampaniyasıının da müstəsna xidmətləri var. Faciənin ildönümü ərəfəsində islam.az-ın müxbiri İslam Konfransı Gənclər Forumunun müşaviri və “Xocalıya ədalət” kampaniyasının baş əlaqələndiricisi Nicat Məmmədli ilə görüşüb.
- Kampaniya nə vaxtdan həyata keçirilir?
- “Xocalıya ədalət” kampaniyası 2008-ci ildə Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülüb və İslam Konfransı Gənclər Forumu tərəfindən həyata keçirilir. İlk dövrlərdə adı “Xocalıya ədalət, Qarabağa azadlıq” olub. Kampaniyanın bilavasitə beynəlxalq icrası isə 2009-cu ilin fevral ayından başlayıb.
- Ötən dövr ərzində görülən işlər barədə qısaca məlumat verərdiniz.

- Bu barədə qısa danışmaq mümkün deyil. Hər halda, bildirim ki, son 3 ildə dünyanın 40-a yaxın ölkəsində Milli Koordinatorluqlarımız formalaşıb. Burda həmin ölkələrin vətəndaşları çalışırlar və könüllü olaraq həmin ölkələrdə “Xocalıya ədalət” kampaniyasını həyata keçirirlər. Beləliklə də, böyük bir şəbəkə yaranıb. Qeyd edim ki, həmən koordinatorlar arasında xeyli tanınmış adam, məsələn, Hollandiyanın milli qəhrəmanı Gert van Dam da var. Kampaniyanın əsasını dünya liderlərinə petisiya təşkil edir. Həmin petisiya dünya liderlərini Xocalı hadisələrini bəşəriyyətə qarşı cinayət kimi tanınmasına çağırır. Bu sahədə xeyli nailiyyətlər əldə olunub. Hazırda Meksika, Kolumbiya, Çexiya və Pakistan parlamentlərində Xocalı hadisələrini soyqırım kimi tanıyan qətnamələr qəbul edilib. İslam Əməkdaşlıq Təşkilatının ölkələrini birləşdirən Parlamentlər İttifaqı 2012-ci ildə Xocalı faciəsini soyqırım kimi tanınmasına dair qətnamə qəbul edib. Həmçinin ABŞ-ın 6 ştatı – Nyu-Meksika, Texas, Corciya, Men, Nyu-Cersi və Arkanzasın parlamentləri də 1992-ci il 26 fevral hadisələrini soyqırım kimi tanıyıb. Bundan başqa, İKGF-nin təşəbbüsü ilə İƏT Xarici İşlər Nazirlərinin toplantılarının 38 və 39-cu sessiyasında da Xocalı faciəsi soyqırım hadisəsi kimi tanınıb. Eyni zamanda həmin toplantılarda Xocalı hadisəsi ilə bağlı bir sıra digər qərarlar da qəbul edilib, məsələn, İƏT-ə üzv ölkələrdə orta məktəb dərsliklərinə bu barədə məlumatların salınmasını tövsiyə edib.
2009-cu ildən bu yana dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirirlib. Bura konfranslar, sərgilər, küçə yürüşləri və s. daxildir. 2010-cu ildə “Qremi” mükafatı laureatı Qordon Lyuisin prodüserliyi ilə Toni Blekmen və “Dəyirman” qrupu tərəfindən ifa olunmuş “Xocalıya ədalət” klipi çəkilib, həmin klip dünyanın 40-dan artıq ölkəsində nümayiş olunub. Ötən il Skandinaviyadan olan kinematoqraflar tərəfindən Xocalı ilə bağlı “Sonu görünməyən dəhliz” adında sənədli film lentə alınıb. Keçən il və bu il həmin sənədli filmin bir neçə yerli və beynəlxalq baxışı keçirilib və həmin filmin beynəlxalq film festivallarına təqdim edilməsi də planlaşdırılır. Həmçinin 2012-ci ildə İstanbulda 1 milyon insanın qatıldığı izdihamlı yürüş təşkil olunub. Bunlar ən əlamətdar tədbirlər idi, amma bunun yanında bütün bu sadalanan nailiyətlərin həyata keçməsinə kömək etmiş onlarla başqa tədbirlər də olub və sözsüz ki, bütün tədbirlər haqqında qısa müsahibədə söz açmaq mümkünsüzdür.
- Bu layihə çərçivəsində yaxın gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız?

- Kampaniya davam edir. Məqsədimiz Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaqdır. Eyni zamanda Xocalıda törədilən faciənin dövlət başçıları səviyyəsində soyqırım kimi tanınmasıdır. Gələcək tədbirlərimiz də məhz buna hesablanıb.