Ötən həftə Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans keçirdi. Fürsətdən istifadə edib tədbirə qatılan Qafqaz Müsəlmanları İdarəsi sədrinin Lənkəran nümayəndəsi Hacı Qəni Axundzadə ilə görüşdük.
- Hacı, Lənkəranda ab-hava, dini sahədə durum necədir?
- Lənkəran da Azərbaycanın bir bölgəsidir. Bütün ölkədə olduğu kimi, burda da sabitlikdir, Allaha şükürlər olsun. Son dövrlər Dövlət Komitəsinin də dini sahədə gördüyü çox müsbət işlər var, elə biri də bu tipli seminarların keçirilməsi. Amma dini sahədə həmişə belə sakitlik, sabitlik olmayıb. Bir zamanlar belə fikir yaranmışdı ki, hansı məscidlər qeydə alınmayıbsa, məhz o məscidlər iman sahiblərinin yeridir. 1996-cı il idi. Rəhmətlik Hacı Tehran var idi, Lənkəran Cümə məscidinin tikintisində yaxından iştirak etmişdi. O zamanlar bir iranlı ruhani Böyük Bazar Cümə məscidində otururdu. Onun yanına gəlib sevincək dedi ki, məscid qeydiyyata alınıb. O da qayıdıb cavab verdi ki, “ey, həvayi-həvəs! Necə yəni məscidi qeydiyyata almısınız? Siz dövlətəmi əyildiniz?”. Yəni, guya bu, az qala “satqınlıqdı”. Görəsən məscidin qeydiyyata alınması mənim ibadətlərimin Allah dərgahında qəbul edilməsinə bir maneədirmi? Bax, biz bunları yaşamışıq. Amma Allaha şükür ki, artıq hər şey geridə qalıb. Bir zamanlar Quran öyrənməyə qorxa-qorxa gedirdik. İndi isə heç bir problem yoxdur, heç kim bizi təhdid etmir. Buna şükür etməliyik. Bunun də qədrini bilmək lazımdır. Bu sabitlik elə-belə əldə olunmayıb. Biz təbliğatımızı normal aparırıq. Amma müəyyən “sarmaşıqlar” da olur.
- Konkretləşdirə bilərsinizmi?

- Siyasi oyunbazlar dindardan istifadə etməyə çalışırlar. Bunu ruhani heç vaxt etməz! Din pərdəsi altında siyası maraqlarını həyata keçirməyə çalışırlar. Burda həm daxili, həm də xarici qüvvələrin rolu var. Amma biz istəmirik ki, məscidlərdən siyasi oyunlar üçün istifadə etsinlər. Bu nə dövlətimizə, nə xalqımıza, nə də dinimizə xidmət etmir. Bu hansısa siyasi qüvvələrin ambisiyalarına xidmət edir. Bir məsələni xatırladım. İmam Rza (ə) Nişaburda olarkən bir nəfər İmama inqilabi çıxışlar etmək təklifi verdi. İmam da səhabələrinin birinə göstəriş verdi ki, təndirdən əlinə köz götürüb gətirsin. Səhabə bunu yerinə yetirdi. Bundan sonra İmam buyurdu ki, belə səhabə kimi 8-10 nəfər tapın, ondan sonra dediyini fikirləşək. Biz hələ bir özümüzü dəyişək, o cür səhabə ola bilək... İnsan yüksək iman dərəcəsinə çatmalıdır. Buna görə də təqvamızı artırmalıyıq. Biz isə hələ başqalarında günah axtarırırıq, bir qismini isə ilahiləşdiririk. Belə İslama xidmət etmək olmaz. Şeytanın vəsvəsəsinə uymaq olmaz. İnsanlara yaxşı baxmalıyıq.
- Bir qədər dəqiq ifadə edə bilərdinizmi, Hacı?
- Lənkəranda Aşura gecəsi ilə bağlı xüsusi ənənələr mövcuddur. Bu ənənələr sırasında səhərə qədər oyaq qalıb əhya saxlamaq da var. Gecə məscidin həyətində 4-5 min insan toplaşır, əzadarlıq edirik. Mən özüm mərsiyə deyirəm. Təəssüf ki, Məhərrəmlik mərasimlərindən öz məqsədləri üçün istifadə edən insanlar da var. Bu Aşura gecələrini də normal keçirməyə mane olmağa çalışırlar. Çalışırlar ki, qarşıdurma yaratsınlar. Məsələn, əgər bir məsciddən o birisinə getməyi əvvəllər camaat ziyarət, görüş adlandırırdılarsa, bunlar artıq buna yürüş deyirlər, yürüş adı verməyə başlayırlar. Yürüş deyəndə nə nəzərdə tutulur? Axı artıq bu sözdə siyasi motiv var. Onlar güclə siyasi məsələləri məscidlərə daxil etməyə çalışırlar. Amma buna nail ola bilməyəcəklər. Cənubda buna yol verilməyəcək. Hətta bu il Astarada Aşura həm şiə, həm də sünni məscidlərində qeyd edildi. Burda vəhdət yaratmağa çalışırıq. Baxın, xaricdə təhsil alanlar üçün nəyə görə qanun qəbul edildi? Onlar da bizim balalarımız, qardaşlarımızdı axı. Bax, elə bəzilərinin bu radikal fikirlərinə görə! Bu 5-10 nəfər hamsının adının bədnam olmasına səbəb olur. Əgər bunu etməsələr, onlara özüm də şərait yaradaram. Amma bəzən görürsünüz ki, məsciddə çıxışına imkan yaradırsan, dərhal dövlətə qarşı çağırışlar edirlər. Gələn dəfə beləsinə mikrofon verməyəndə, camaatı üstümə qaldırmağa çalışır. Belə təsəvvür yaradıblar ki, guya ruhani mütləq zindanda yatmalıdır. Hansı ölkədə imkan verilər ki, məsciddə dövlətə qarşı çağırışlar etsinlər, yürüşlər təşkil etsinlər? Danışanda vəhdətdən danışırlar, amma ona-buna böhtan atırlar, ad qoyurlar, nifrət yaradırlar. Ədalətdən danışırlar, amma bunun üçün, ilk növbədə özləri gərək ədalətə əməl etsinlər.
- Axı nə üçün dindarlar arasında belə problemlər yaranır, ay Hacı?

- Bunlara mən dindar deyə bilmərəm. Bəzən fikirlər səslənir ki, “dindən istifadə olunur”. Xeyr, dindən heç kim istifadə edə bilməz, dindarlardan istifadə edilir. Hansı dindarlardan söhbət gedir? Maarifi olmayan, din haqqında təsəvvürünü ancaq xütbələr əsasında quranlardan. Xaricdə təhsil alanların hamısına pis baxmaq olmaz. Onların arasında namuslu, qeyrətli, bilikli, vətənpərvər ruhanilər var. Amma bəziləri var ki, özləri üçün auditoriya qururlar, özləri üçün müridlər yetişdirirlər, sırf öz təbliğatları ilə məşğuldurlar, özlərini mürşid sayırlar. Təlqin edirlər ki, dini, Quranı ancaq bunlar təbliğ etməlidirlər, qeyriləri yox. Onlar zaman-zaman müxtəlif çağırışlar edirlər. Hədəfləri nədir? Qarşıdurma. Cənub bölgəsi olduqca həssas bölgədir. Bizim dini məsələlərimiz qurtarıb məgər? Bir də görürsən ki, minbərdən neft məsələləri, məmurlar müzakirə olunur. Bütün bu məsələlər bizim dindən çox aşağıdadır! Onlar insanlarda qıcıq əmələ gətirməyə çalışırlar. Öz mənfur niyyətlərini çatdırmaq üçün məqsədlərinə dini don geyindirirlər. Din bıçağa bənzəyir. Bıçaq yaxşı adamın əlində gözəl alətdir, amma cinayətkarın əlində cinayət alətinə çevrilə bilər.
- Yəni vəziyyət bu dərəcəyə gəlib çatıb?
- Bunu bu həddə çatdıranlar var. Bir qrup var, deyir ki, məsciddə pişnamazı biz seçməliyik, axundu biz təyin etməliyik. QMİ-nin təyinatını, dini icmaları bunlar qəbul etmirlər. Bu nə deməkdir? İstənilən ölkədə axund, imam müəyyən qanun çərçivəsində, dini rəhbərlik tərəfindən təyin olunur. İndi kimsə gündə gəlib məscidə deyəcək ki, mən bunu istəmirəm, o birisini istəyirəm. Deməli hər gün bu istəklərlə axund dəyişməlidir? Bunlar heç bir qanuna tabe olmaq istəmirlər. Bir ilin içində də 5 axund dəyişər? Deyirlər xaricdə oxuyan mütəxəssis. 13 il Suriyada mədrəsə təhsili görmüş insanı axund təyin etdik, ona işləməyə imkan vermədilər. Onlar deyir ki, ruhani mütləq küçələrə çıxmalıdır, aksiyalara qatılmalıdır. İndi belə fikir formalaşdırırlar ki, zindanda “yatmayanın” arxasında namaz qılmaq olmaz. İnsana polis dəyənəyi dəyməyibsə, o ədalətli ola bilməz. Budur onların ideyası. Onları dəfələrlə danışıqlara çağırmışıq. Amma bunlar danışıqlara 100 nəfərlə gəlirlər. Belə danışıq olar? Mən tək onların hamısı ilə görüşməliyəm? Deyirəm ağsaqqallarınız gəlsin, yığışıb 100 nəfər gəlirlər, qaragüruhçuluq edirlər, hay-küy salırlar, təhdid, təhqir edirlər. İndi mən neyləməliyəm, mən də 500 adam yığıb bunların üstünə getməliyəm? Bir sözlə, onlar hər cür kompromisdən qaçırlar.
İslam.az