Ötən həftə Lənkəran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Respublikanın Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans keçirildi. Tədbiri işıqlandıran KİV arasında islam.az-ın müxbiri də var idi. Fürsətdən istifadə edərək, konfransa qatılan bəzi iştirakçıların təəssüratları, fikirlərini öyrəndik, onları narahat edən problemlərlə maraqlandıq. Müsahiblərimizin fikirlərini olduğu kimi oxucularımıza təqdim edirik.
Lənkəran rayonu Moğonojoba kəndinin axundu kərbəlai Teyyub Həsənov:
- Kərbəlai, Lənkəranda dini mühit necədir? Bəlkə bir çətinlikləriniz var?
- Ümumilikdə götürsək, hər şey yaxşıdır. Biz həmişə radikallğa qarşı çıxmışıq. Müəyyən qüvvələr var ki, xaricə xidmət edirlər. Kim kimi havayı saxlayar? 1 gün, 2 gün, sonra səni məcbur edəcək ki, get mənim üçün işlə. Mən dəfələrlə İranda olmuşam, Məşhəd ziyarətində olmuşam. Orda tələbələr oxuyur Azərbaycandan, havayı. Necə oxuyurlar? Axı bunları Azərbaycan dövləti göndərməyib! Bəs onları orda kim təmin edir, o dövlətə xeyrin dəyməsə səni yedizdirər? Heç vaxt! Deməli burda nə isə var. Odur ki, biz belə adamları sevmirik. Axundu olduğum kənddə də onlara mikrofon vermirik. Hərçənd, çox cəhd edirlər. Çünki kəndimiz yol kənarındadır. Bəzən Qədr gecələrində, Aşura mərasimlərində gəlirlər, mikrofon tələb edirlər. Mən icazə vermirəm.
- Bəs belə münasibətinizin səbəbi nədir?

- Səbəbini soruşanda deyirəm ki, “sən 2 kəlmə Azərbaycan dilində deyəcəksən, 4 kəlmə fars dilində”. Biz isə camaatımıza öz dilimzdə bir şey çatdırmaq istəyirik. Əsas amalımız xalqı maarifləndirməkdir. Biz İmam Hüseyn (ə) məktəbinin davamçılayırıq. Camaata başa salmaq lazımdır ki, İmam həqiqətən kim olub, nə üçün şəhid oldu. İmam bu gün üçün şəhid olub. Elə bu toplantı da İmam Hüseyn (ə) məktəbinin tərkib hissəsidir. Çünki biz burda vəhdət üçün yığışmışıq. İmam Hüseyn (ə) məktəbi birlik deməkdir.
- Bəs hicabla bağlı durum necədir?
- Qadının da hicabı var, kişinin də hicabı var. Kişinin hicabı onun görünüş, saqqalıdır, naməhrəmə baxmamaqdır...
- Amma sualım başqa hicaba, qadının hicabına, özü də orta məktəb şagirdlərinin hicabına aiddir.
- Hicab, əlbəttə ki, yaxşıdır. Amma biz bu dövlətdə yaşayırıq. Dövlət də belə hesab edir.
- Deməli qızlar məktəbə başlarını açıb getməlidirlər?
- Yox, getməsinlər...
- Bəs neyləsinlər? Təhsildən kənarda qalsınlar?
- Mən anlayıram sizi... Hicab yaxşıdır da...
- Demək istəyisiniz ki, bu qızlar hicabla məktəbə getsələr daha yaxşı olar?
- Yaxşı olar, əlbəttə. Bunu tək mən demirəm, bütün müsəlmanlar deyir. İnşallah, dövlət də bu barədə bir qərar qəbul edər. Məktəbdə hicaba qadağa qoyulmasa daha yaxşı olar.
Biləsuvar rayonu İmam Hüseyn adına məscidin icma sədri kərbəlai Mirəvəz Xurşudov:
- Kərbəlai, tədbir haqqında nə deyə bilərsiniz?
- Çox gözəldir. Allah razı olsun təşkilatçılardan. Allah bizi Quranın “Ali-İmran” surəsinin 103-cü ayəsində birliyə, parçalanmamağa, qarışıqlıq salmamağa çağırır. Bəzən problemlər yaranır, bu da nadanların işidir. Amma Allah da, Peyğəmbərimiz də bizi birliyə çağırır. Dövlətimiz də bunu istəyir.
- Sizcə problemlərin kökü nadanlıqdadır?

- Savadsızlıq da ola bilər. Bəlkə başqa səbəbləri da var.
- Bəlkə parçalanmanın səbəbi hicaba olan qadağadadır? Çünki problemin həllinə dair dindarlar arasında yekdil fikir yoxdur.
- Hicaba kim qadağa qoyub ki? Kim istəyir bağlayır, kim istəmir başı açıq gəzir. Kim buna hədd qoyub? Heç kim! Tam azadlıqdır.
- Söhbət orta məktəblərdən gedir...
- Ola bilər aşağı siniflərdə deyiblər ki, olmaz. Amma belə bir problem yoxdur.
- Yəni Biləsuvarda məktəblərə hicabla gedirlər?
- Gedən gedir, getməyən getmir. Məktəbdə bilmirəm, məktəbə gedənim yoxdur. Amma cəmiyyətdə görürəm, küçələrdə hicabla gəzirlər.
- Xəbəriniz yoxdur məktəblərdəki durumdan?
- Biləsuvarda problem yoxdur. Ola bilər məktəbdə var, bilmirəm. Amma deyiblər bağlama, bağlama da!
Lənkəran rayon Mamusta kəndinin axundu Hacı Vüsal Cəfərov:
- Hacı, dini sahədə mövcud vəziyyətdən razısınızmı?
- Nəinki Lənkəranda, ümumiyyətlə respublikada dini durum sabitdir. Azərbaycan dünyəvi bir dövlət olsa da, burda dindarlar üçün çox gözəl şərait yaradılıb. Bunu bir din adamı kimi təsdiqləyə bilərəm. Məscidimizdə davamlı olaraq camaat namazları qılınır, mövludlar, digər tədbirlər keçirilir. Gənclərin maariflənməsinə xüsusi diqqət yetiririk. Çünki dövlətimizin gələcəyi məhz onlarla bağlıdır.
- Deməli, heç bir probleminiz yoxdur?
- Müəyyən çətinliklər də var. Bu problemlərin aradan qaldırılması üçün dövlət müəyyən bir mexanizm qurmalıdır. Məsələn, bu gün rəsmi çalışan dindarlar heç bir məvacib almırlar. Fikrimcə, dindarlar hökumətdən müəyyən maddi dəstək almalıdırlar. Yaxınlarda QMİ attestasiya keçirdi. Bu gözəldir. Amma biz bunun nəticəsini görmədik. Çünki cəmiyyətdə qeyri-rəsmi din adamları da çoxdur. Camaat da zərurət halında işlərini onlara həvalə edirlər.
- Mexanizm dedikdə nəyi nəzərdə tutursunuz?

- Mexanizm yaradılmalıdır, necə ki, yerlərdə icra orqanları var. Din xadimləri də ərazi vahidləri üzrə təmsil olunmalıdırlar. Bununla bir çox problemlərin qarşısını almaq olar. Məsələn, erkən nikahlara yol verilməz, radikal qrup liderlərinin ətrafında insanların toplaşmasının qarşısı alınar. Belə ki, İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən ölüm şəhadətnaməsinin verilməsi üçün həkim arayışı tələb olunur. Biz istərdik ki, din adamlarının da arayışı tələb olunsun. Yəni o təsdiq etsin ki, filankəsi dəfn etmişəm. Belə olduqda cəmiyyətin həmən dini quruma ehtiyacı çoxalar. Eyni sözləri erkən nikahlar haqqında da demək olar. Müəyyən fərdlər problem yaradırlar. Onlar da müəyyən xarici dairələrin təsiri altındadırlar. Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr istənilən sosial, iqtisadi və s. hadisəyə dini, siyasi don geyindirməyə can atırlar, guya vətəndaşların hüququ pozulur.
- Sonuncu fikrinizi bir qədər açıqlayardınız...
- Bu yaxınlarda hamımız şahidi olduq ki, dini qanunlarla idarə olunan bir dövlətin başçısı parlament sədrini korrupsiyada ittiham edib. Amma Azərbaycan vətəndaşları həmin dövlətdə dini qanunların pozulmasını car çəkmirlər. Bu onların daxili işidir, biz buna qarışmırıq. İstənilən dövlətdə qeyri-qanuni əməllər mümkündür. İnsanlar ideal deyillər axı! Lakin belə hal Azərbaycanda baş versəydi, qonşu dövlətin rəsmiləri çıxıb bəyan edəcəkdilər ki, Azərbaycanda qanun pozulur, haram işlər görülür, bunu böyük bir neqativ hadisə kimi təqdim edərdilər. Burdakı radikal qruplaşmalar da bunu əllərində bayraq edəcəkdilər. Məqsəd isə Azərbaycanın inkişafının qarşısını almaq, xaos törətməkdir. Etiraf edək ki, bu gün Azərbaycandan qorxan dövlətlər var. Amma biz öz yolumuzla gedirik. Şükürlər olsun Allaha ki, digərlərindən fərqli olaraq, Azərbaycan xalqında şovinistlik yoxdur.
Lənkəran rayonu Sutəmurdov kəndinin “Nuru Səqəleyn” məscidinin axundu Hacı Fəxri Sadıxov:
- Hacı, rayonunuzda din sahəsindəki problemlərdən danışardınız, sizi nə narahat edir?
- Lənkərandakı dini durum son dərəcə yaxşıdır. Hansısa mərasimi keçirəndə kimdənsə icazə almağa, razılaşdırmağa ehtiyac olmur. Mərasim keçiriləndə də kimsə gəlib müdaxilə etməyib. Bizim məscid Lənkəranın mərkəzinə ən yaxın məsciddir, stadionun 100 metrliyində yerləşir. Hətta burda Azərbaycanın futbol millisi oynayanda da, bizə heç kim bir söz deməyib. Hərçənd, həmin gün tədbirimiz olub, səsgücləndiricilərdən də istifadə etmişik. Əlbəttə ki, bütün bunları dəyərləndirmək, qədrini bilmək lazımdır. Bu dövlətin bizə yaratdığı şəraitdir. Yəni bu baxımdan heç bir ciddi problemimiz yoxdur. Amma bəzi xoşagəlməz hallar da olur.
- Bəs bu “bəzi” hallar hansılardır?
- Problem bəzi dırnaqarası radikal kadrlardır. Belələri 15-30 yaş arası olan bəzi gəncləri ələ alıb onların arasında bəzi təbliğatlar aparırlar. Məqsəd isə məscidlərin fəaliyyətinə kölgə salmaqdır. Biz indi şeytanla mübarizə aparaq, cəmiyyətdəki problemlərlə mübarizə aparaq, ya bu “təbliğatçılarla” mübarizə aparaq? Bizə heç bir məvacib verilmir. Bizim bütün fəaliyyətimiz pulsuz-parasızdır. Rical elmində “israiliyyət hədisləri”, yəni, batil hədislər anlayışı var. Mən bu cür radikal “təbliğatçılara” “israiliyət ruhanisi” deyirəm. Özünüz düşünün. 20 ilə yaxındır ki, məscidin axunduyam. Nə bir maşınım var, nə də arabam. Bunlar meydana çıxan kimi evləri də hazırdır, hələ maşınları da. Yas məclislərinə gedirlər – pulsuz, kəbin kəsirlər – pulsuz. Bəs hardandır bu? Təbii ki, bunların qaynağı bəllidir. Müvafiq dövlət strukturları da buna diqqət yetirməlidirlər. Bu gün Azərbaycan din xadimi dövlətə hər cür yardım göstərməyə hazırdır. Kənardan transfer edilən ruhani isə bu dövlətin maraqlarını sarsıdır. Onlar hansı qüvvələrə xidmət edirlər? Bunun qarşısını almaq lazımdır. Tədbirlər görülməlidir.
- Məsələn, hansı tədbirlər?

- Hesab edirəm ki, əvvəla, orta məktəblərdə din dərsləri mütləq olmalıdır. İkincisi, telekanallarda dini maarifləndirmə verilişləri yayımlanmalıdır. Yəni bu radikalların fəaliyyətini müəyyən dərəcədə məhdudlaşdırmaq lazımdır. Bu insanlar Quran ayələrindən öz xeyirləri üçün istifadə edirlər. Məsələn, məsciddə axundun arxasında namaz qılmağı dini ədalətsizlik kimi qələmə verirlər. Amma bunu sübuta yetirməyə heç cəhd də göstərmirlər. Tutuquşu kimi eyni sözləri təkrarlayırlar. Evlərdə toplaşaraq batil məsələləri təbliğ edirlər. Məscidlərdə belələrinin təbliğatına imkan vermək olmaz. Diqqət yetirmək lazımdır ki, burda söhbət yalnız İslamdan getmir, bu bir dövlətçilik, insanlıq məsələsidir. Ciddi tədbirlər görülməlidir. Əks təqdirdə sabah bu insanlar bizim dövlət üçün başa bəla olacaqlar. Onlar İslamdan istifadə edərək xaos yarada bilərlər, bundan da yalnız xalq əziyyət çəkəcək.
İslam.az