Bir nəfərin Allahdan elm, mal və bu kimi hacətləri olsa, yaxud kasıblıq, pərişanlıq, cismani və ruhani xəstəlik və s. narahatçılıqların dəf olmasını istəsə, 3 cümə gecəsi ardıcıl olaraq gecənin üçdə-iki hissəsi ötdükdən sonra (təxminən bir saat sübh azanından əvvəl) durub dəstəmaz alsın və 2 rükət hacət namazı qılsın. Namazdan sonra 100 dəfə salavat və 1001 dəfə “Bismillahir-rəhmani-rəhim. Bihəqqi bismillahir-rəhmani-rəhim” (Tərcüməsi: “Mərhəmətli, Rəhmli Allahın adı ilə! Mərhəmətli, Rəhmli Allahın adına xatir!”) desin. Bundan sonra bir daha 100 dəfə salavat deyib hacətini Allahdan istəsin. Əgər birinci gecədə hacəti yerinə yetməsə, ikinci cümə bunu təkrar etsin. Əgər onda da yerinə yetməzsə, üçüncü cümə mütləq yerinə yetər (inşaallah).
(Feyz Kaşani, “Əl-ləyalil məxzunəh” kitabından).
Qeyd: Hacət namazının müxtəlif qılınma qaydaları mövcuddur. Burda birini və daha sadəsini qeyd etməklə kifayətlənirik. İmam Sadiqdən (ə) rəvayət olunub ki, hacət üçün 2 rükət namaz (necə olur-olsun) qılıb, bu duanı oxuyun: “Əllahummə əsbit rəcaəkə fi qəlbi vəqtə rəcaə mən sivakə ənni hətta la ərcuvə ila iyyakə və la əsiqu illa bik” (Tərcüməsi: “Ey Allahım! Sənə ünvanlanan ricamı qəlbimdə möhkəmləndir! Səndən başqasına ünvanlanan ricanı məndən uzaq et, ki, ancaq Səndən istəyim və ancaq Səndən imdad diləyim”).