POPULYARXƏBƏRLƏR

“Saytımızın qonağı”

Saytımızın hörmətli izləyiciləri! “Saytımızın qonağı” rubrikasında Sizin sualları Məşədi Dadaş məscidinin imam-cüməsi Hacı Şahin Həsənli cavablandırır.

Ramiq Bədəlov

- Zərr aləmi haqqında qısa və əhatəli məlumat verin, zəhmət olmasa.

- Zərr aləmi insanların ruhlarının dünyaya gəlməmişdən öncə Allahla əhd bağladıqları yer hesab olunur . Hədislərdə də qeyd olunub ki, insanlar ibadət edəcəkləri barədə vəd verdikdən sonra dünyaya gəliblər. Quranda da buna işarə edən ayə mövcuddur. Amma bu məsələyə başqa yanaşmalar da var. Bəzi fəlsəfə alimləri ruhun cismdən əvvəl mövcud olmasını inkar edirlər. Bildirilir ki, insan ana bətnində bir müddət inkişaf etdikdən sonra ruh ona daxil olur. Amma hər halda zərr aləmini hamı qəbul edir. Bəzi ayələrdə “Allahın günləri” ifadəsi işlədilir ki, burda da hər şeyin Allahdan olması prosesi nəzərdə tutulur. Yəni dinimizdə ruhun uca aləmdən enmə məsələsi var və həmən aləmin də adı zərr aləmidir.

- Dini təhsil almaq istəyirəm, lakin valideynlərim buna razı olmurlar. Halbuki, mən, dini təhsilin mənə daha çox faydalı olacağına tam əminəm. Valideynlərimin mənə təklif etdiyi yolla getsəm harama düşmə ehtimalım 99%-dir. Bu barədə vəzifəm nədir?

- Dini nöqteyi-nəzərdən insanın valideynlərinə itaət etməsi vacibdir. Quranda da Allah Özünə itaətdən sonra valideynlərə itaət etməyi buyurur. Yaxşı olar ki, hər bir məsələdə, o cümlədən elm öyrənməkdə də, valideynlərin razılığı əldə olunsun. Amma burda alimlər bir istisnanı da qeyd edirlər ki, insan hansısa taleyüklü məsələyə dair qərar verdiyi zaman valideynlərin rəyinin tam ona ziyan verəcəyinə əminlik əldə etsə, öz bildiyi kimi addım ata bilər. Ancaq mən tövsiyə edərdim ki, valideynlərin ciddi narazılığı varsa, dini təhsil ardınca getməsin. Valideynlərinin istəyinə zidd addım atmadığı üçün Allah da onun başqa sahədə fəaliyyətinə bərəkət verər, bəlkə də başqa sahədə daha böyük uğurlar əldə edə bilər. Ümumiyyətlə, bir çox din alimlərinin həyatında belə hallar olub. Amma valideynlərinə itaət etməklə bu sahədə ciddi nailiyyətlər əldə ediblər. Bəzən isə bir müddət sonra valideynlər hətta qərarlarını da dəyişiblər.

Oxucu adını qeyd etməyib

- Şiəliyin tarixini öyrənmək istəyirəm. Mənə hansı kitabı məsləhət görərdiniz?

- Fürsətdən istifadə edərək tərcümələrlə bağlı müəyyən iradlarımı bildirmək istərdim. Bəzən bir-birini təkrarlayan çoxsaylı kitablar görürük, ancaq tutarlı əsərlərin tərcüməsində müəyyən axsamalar var. Suala gəldikdə isə, Əllamə Təbatəbainin “İslamda şiə” və Ayətullah Nuri Həmədaninin “Əhli-beyt yolu” kitablarını oxumağı məsləhət görərdim.

Zeynəb

- Həzrət Mehdinin (ə.f) zühur etmə şəraiti necə olacaq? Onu kim qətlə yetirəcək? O qətl edilən kimi qiyamət olacaqmı?

- Məhdəviyyət ümumbəşər məsələdir, bütün dinlər xilaskarın gələcəyini gözləyir. Həzrət Mehdi (ə.f) heç də əfsanəvi şəxsiyyət deyil, məsələyə onun möcüzəli surətdə göydən yerə enib insanları hidayət edəcəyi kimi yanaşmamalıyıq. Dünya yaranandan haqla nahaq arasında mübarizə gedir və bu mübarizə dünyanın sonuna qədər davam edəcək. Sonda da haqq qalib gələcək. Heç kim zühurun nə vaxt baş verəcəyi barədə məlumat verə bilməz. Amma bəzi işartılar var. Bunun nə vaxt reallaşacağını biz əlamətlərdə deyil, tarixi prosesin özündə axtarmalıyıq. Artıq demək olar ki, bütün məktəblər, cərəyanlar fikir böhranı yaşayır. İmam Cəfər Sadiq (ə) buyurub ki, “bütün məktəblər sözünü dedikdən sonra bizim məktəb dünyaya hakim olacaq”. İnsanlar artıq mənəvi cəhətdən susayıblar və din də bu boşluğu dolduracaq. Bu tam hansı şəkildə baş verəcək – məlumatlar yoxdur. Həzrət Mehdinin (ə.f) qətlinə də yanaşmalar birmənalı deyil. Ona görə də konkret bildirmək ki, Həzrəti kim qətlə yetirəcək, bundan dərhal sonra Qiyamət qopacaqmı, mümkün deyil.

Elnur Quliyev

- Son vaxtlar dünyada İslam daha da aktuallaşmağa başlayıb. İndi ən çox müzakirə olunan mövzular arasında islam ilk yerlərdən birini tutur. Sizcə bu nə ilə bağlıdır? Eyni proses Azərbaycanda da gedir. Azərbaycanda dinin bu qədər aktual olmağını nə ilə izah edə bilərsiniz?

- Dünyada bir mənəvi boşluq yaşanır. İnsan elmi-texniki tərəqqinin dinlə tamamlanmadığını görür. Bu da insanlarda sarsıntı yaradır. Alimlərdən biri deyib ki, insan elmin inkişafı nəticəsində Yer üzündə bir Cənnət yaradıb, amma artıq o Cənnət içində darıxır. Elm mənəvi dəyərlərlə tamamlanmazsa, bəşəriyyət üçün bir təhlükəyə çevrilə bilər. İnsanlar artıq bir boşluğu hiss etməyə başlayıblar. Qərbdə də dinə bir meyl var. Bəşəriyyət sonda İslama yönələcək, bu Quranın vədəsidir. Biz artıq bunun şahidi oluruq. Bəşəriyyat artıq yalançı “dəyərlərdən” usanaraq həqiqi İlahi dəyərlərə yönəlmək istəyir. Bunun təzahürlərini müxtəlif ölkələrdə görürük. Azərbaycanda da dinimizə maraq artmaqdadır. Xüsusən də gənclər arasında. Məncə, bu hadisələr tarixi proseslərin məntiqi sonluğudur. Yəni Quranda da buyurulub ki, “dünya saleh qullarlımıza miras qalacaq”.

- Azərbaycanda din-dövlət münasibətləri indi hansı səviyyədədir?  Sizcə dövlət dinə ehtiyatla yanaşmalıdır, yoxsa əməkdaşlığa can atmalıdır. Əgər əməkdaşlığa üstünlük verməlidirsə, bunu nə ilə əsaslandırırsınız?

- Dövlət-din münasibətlərinin müsbət məcrada inkişaf etməsi, bir icma olaraq, bizim fəaliyyətimizin prioritet istiqamətlərindəndir. Azərbaycan müstəqilliyini yeni əldə etmiş bir ölkədir. Təbii ki, müəyyən problemlər də ortaya çıxa bilər. Zənnimizcə, dövlətçiliyimizin möhkəmlənməsi üçün dövlət-din münasibətləri müsbət istiqamətdə inkişaf etməlidirlər. Bu sahədə mövcud problemlərdən həmişə kənar qüvvələr istifadə etməyə çalışır və inanclı insanları dövlətə qarşı qoyur. Hesab edirəm ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti inanclı insan hesab edilə bilər, hətta dini ayinləri icra etməsələr belə. Bu inancı xalqımız qəlbində yaşadır. Deyərdim ki, hətta Azərbaycanda bu məsələ Türkiyə və İranla müqayisədə daha müsbətdir. Çünki inanclı və qeyri-inanclı qruplar formalaşmayıb, qütbləşmə getməyib və onların arasında da hansısa gərginlik yoxdur. Bunu da dövlət qurumları din siyasətində nəzərə almalıdırlar. Xüsusən də son dövrdə din-dövlət münasibətlərində yeni bir mərhələ başlayıb, biz müsbət tendensiyaların şahidiyik. Bir daha vurğulamaq istərdim ki, bu olduqca vacib məsələdir. Din-dövlət münasibətlərinin yaxşı olması həm dövlətçiliyə, həm də dinə fayda verə bilər.

- Azərbaycanda “Türkiyə modeli” ola bilərmi? Əksəriyyəti şiə olan Azərbaycanda  bu model mümkündürmü?

- “Türkiyə modeli” dedikdə oxucu nəyi nəzərdə tutduğu tam anlaşılmır. Ola bilsin AKP-nin, dini yönümlü partiyanın hakimiyyətdə olduğu nəzərdə tutulur. Azərbaycanda yaxın gələcəkdə belə bir siyasi qüvvənin hakimiyyətə gəlməsini mən istisna edirəm. Çünki Azərbaycanda siyasi İslam ümumiyyətlə formalaşmayıb və formalaşmasına da bu gün zəmin görmürəm. Düşünürəm ki, Azərbaycan dünyəvi dövlət kimi inkişaf etməlidir, din-dövlət münasibətləri də normal şəkildə olmalıdır.

Nadir Əlizadə

- Bir ateisti, yaxud imanı zəif olanı necə gətirmək olar dinə-imana? Ən təsirli, effektli üsullar hansılardır?

-Quran bu üsulları bəyan edir, bildirilir ki, insanları gözəl hikmət və nəsihət vasitəsi ilə Rəbbinə doğru çağır. Allaha gözəl nəsihət və əxlaqla dəvət etmək olar. İlk növbədə bu haqda danışanlar sözlərini əqli dəlillər və məntiqlə əsaslandırmalıdırlar. Din rasional tərzdə təbliğ olunmalıdır. İnsanın əqlən qəbul etmədiyi bir şeyin ardınca getməsi mümkünsüzdür. Din düşünməyə çağırır insanları. Yəni din üçün istinad nöqtəsi insan təfəkkürüdür. Eyni zamanda dini təbliğ edən insanların sözləri ilə əməlləri vəhdət təşkil etməlidir. İmam Cəfər Sadiq (ə) buyurur ki, “insanları bizə doğru əməlinizlə çağırın”. Təbii ki, söz yüksək əxlaqdan, dinin yumşaq tərzdə təbliğ olunmasından gedir. Təəssüf ki, başqaları ilə kobud şəkildə rəftar edən dindarlar da var. Bu da peyğəmbərlərə xas yol deyil. İnsanlara qarşı mərhəmətli olmaq lazımdır.

Zəkiyyə Məhərrəmli

- Bir problemim var və çox istərdim ki, bunu islam dinimizlə əlaqələndirib cavablandırasınız. Mənim ailə quracağım insan çox təqvalı, əxlaqlı birisidir, ondan çox razıyam. Onun tələbi var ki, ailə qurandan sonra mən işləməyəcəm. Mən Tibb Universitetini yeni bitirmişəm, 6 il oxumuşam, amma ixtisaslaşmaq uçun 3-4 il də oxumalıyam. Valideynlərim təkidlə təhsilimi davam etdirməyi tələb edir. Amma gələcək həyat yoldaşım bunu istəmir. Ortalıqda qalmışam, kimi müdafiə edim? Siz mənə nə məsləhət edərdiniz, mən yoldaşımı üstün bilim, yoxsa təhsilimi? Mən valideynimin sözünə tabe olmamaq təhlükəsindəyəm, çarəsiz qalmışam...

- Bu şəxsi məsələdir və burda məsləhət verməkdən bir qədər çəkinirəm. Hər halda xanımın gələcək həyat yoldaşına tövsiyə edərdim ki, onun təhsil almasına mane olmasın. Onsuz da bəzilərində yanlış olaraq belə bir fikir formalaşıb ki, din insanları, xüsusən də qadınları təhsildən məhrum edir, guya din qadınların cəmiyyətdən təcrid olunmasının tərəfdarıdır. Düşünürəm ki, bu gün inanclı xanımların elmlərə yiyələnməsinə ehtiyac var. Məncə Tibb Universitetini bitirdikdən sonra lazımi şəraitin yaradılması daha düzgün olar. Amma bir daha vurğulamaq istərdim ki, burda seçim xanımın özünə məxsusdur.

Nicat Novruzov

- İnsanlar hicaba azadlıq aksiyasında iştirak etmirlər, heç 100 nəfər olmur. Halbuki yumurta, əsgər və sair bu kimi aksiyalarda minlərlə insan olur. Sizcə bu nədən irəli gəlir?

- Azərbaycan cəmiyyəti ümumilikdə inanclıdır, amma dini dəyərlərin mahiyyəti barəsində yetərincə məlumata malik deyil. Azərbaycan cəmiyyətində hicabın mahiyyəti haqqında geniş izahat aparılmayıb. Bəziləri hicaba təhlükə mənbəyi, gerilik əlaməti kimi də baxırlar. Yəni Azərbaycanda hicab haqqında yetkin bir fikir formalaşmayıb. Bu da postsovet respublikaları üçün təbiidir. Uzun illər dini bizə bir gerilik kimi təlqin ediblər, baş örtüyü də bunun bir təzahürü olub. Buna görə də cəmiyyətin bu məsələlərə bir qədər ehtiyatla yanaşmasını təbii qəbul edirəm. Düşünürəm ki, insanlara hicabın mahiyyəti anladılmalıdır, onun fəlsəfəsi izah olunmalıdır. Cəmiyyətdə hicab haqqında müsbət rəy formalaşmalıdır. Bu məsələdə də dindarların üzərinə ciddi məsuliyyət düşür. Biz kimisə dini dəyərlərə fərqli münasibət göstərməsinə görə qınaya bilmərik. Çünki dini dəyərlər lazımi səviyyədə təbliğ edilmədiyi üçün cəmiyyətdə yanlış təsəvvürlər yaranıb.

- Müasir zamanda geniş yayılan vəhabilik barədə fikrinizi bilmək istərdim.

- İstənilən dində radikal cərəyanlar mövcud olub. Hətta Peyğəmbərin zamanında da radikal təfəkkürlü insanlar olub. Vəhabiliyin tarixi haqqında uzun-uzadı danışmaq istəmirəm. Tövsiyə edərdim ki, inanclı insanlar daha çox elmə yiyələnsinlər. Çünki bu tip cərəyanların yaranmasının səbəbi savadsızlıq, primitiv düşüncə tərzidir. Belə cərəyanlar inkarçılıq üzərində təşəkkül tapırlar. Təbliğlərini başqalarının tənqidi, hətta təhqiri üzərində qururlar. Təəssüf ki, bir çox yerlərdə bu radikal cərəyanların insanların başına hansı faciələri gətirdiyinin də şahidiyik. Ümumiyyətlə isə, radikallaşmanın qarşısını maariflənmə ilə almaq mümkündür.

Gülnarə Ismaylova

- Quran əxlaqı ilə mömin insan necə yaşamalıdır? Nələrə diqqət yetirməlidir?

- Quran insanlara nümunə olaraq Peyğəmbəri təqdim edir. Yəni Peyğəmbər yalnız bu dini gətirən bir şəxs deyil, eyni zamanda bu dinin tələblərinə əməl edən insandır. Bu gün Peyğəmbərimizin təbliğinə böyük ehtiyac var. Bir ümmət olaraq biz öz peyğəmbərimizi lazımınca tanımamışıq. Biz hər addım atarkən Həzrət Məhəmmədi (s) nümunə kimi qəbul etməliyik. Bu gün daha çox “peyğəmbər necə edib” yox, “peyğəmbər bu gün olsaydı necə edərdi” sualı ətrafında düşünməliyik. Peyğəmbərin əxlaqını biz həm də zamanımıza tətbiq etməliyik.

Gülü Dadıyeva

- İmam Sahibəzzaman ağa (ə.f.) zühur etsə, onun zühurunu necə biləcəyik, işarəti necə olacaq? Haradan biləcəyik ki, gələn məhz Imamdı?

- Bildirilir ki, Həzrət Mehdi (ə.f) Məkkədə zühur edəcək və bu zühur haqqında bütün dünya xəbər tutacaq. Amma insanların ona hansı şəraitdə qovuşacağı barədə ətraflı məlumatlar yoxdur. Təbii ki, hər bir məsələni biz əqlimizlə, təfəkkürümzlə qiymətləndirməliyik. Həmçinin, doğru nəticəyə çatmaq üçün bir mənəvi saflığa da ehtiyac var. Alimlər buyururlar ki, imamın zühuruna hazırlaşmaq istəyən gərək özünü təmizləsin, daxilini saflaşdırsın, yaşadığı cəmiyyəti islah etsin. Yəni burda əsas məsələ islahdır. Çünki islah olan insan doğru seçim edir. Bunu biz Kərbəla hadisələrində də gördük. Bir qrup özünü müsəlman adlandıran şəxs Peyğəmbər nəvəsini qətlə yetirdi. Bu bir növ həm də bəsirətsizliyin nəticəsidir. Yəni burda məncə həm düşünmək lazım olacaq, həm də qeyd olunan əlamətlərin onda olub-olmamasına dair qərar qəbul etmək. Bunun üçünsə iti təfəkkür və mənəvi təmizlik lazım olacaq.

- Nə üçün imamın zühurundan sonra insanlar yenidən azğınlaşacaqlar və sonra Qiyamət qopacaq? Necə olacaq ki, insanlar imana gələcəklər, amma sonradan yenidən azğınlaşacaqlar?

- İnsanların azğınlaşacağı barədə tam dəqiq məlumat yoxdur. Ümumiyyətlə, Qiyamət yalnız insanların azğınlaşmasına görə baş verməyəcək. Dünyanın bir sonu gəlməlidir. Bu barədə Quran da buyurur. Amma Qiyamətin nə zaman və hansı şəraitdə baş verəcəyi barədə dəqiq məlumat yoxdur.

Aydın Cümşüdov

- Müqəddəs şəriətimizdə Əmr be-məruf və nəhy əz-munkər adlı ediləsi vacib əməl var. İmam Hüseyn (ə) və səhabələrinin Kərbəlada Aşura günü qiyam etmələrinin bir səbəbi də Əmr be-məruf və nəhy əz-munkər idi. Amma bilindiyi kimi, şəriətdə Əmr be-məruf və nəhy əz-munkər edərkən gərək heç bir təhlükə, zərər gözləməyəsən. Əgər təhlükə olsa Əmr be-məruf və nəhy əz-munkər vacibatdan düşür. Zahiri olsa da, İmam Hüseynə (ə), səhabələrinə zərər dəydi. İmam (ə) bunu bilə-bilə Əmr be-məruf və nəhy əz-munkəri nə səbəbə etdi?

- Əmr be-məruf və nəhy əz-munkər hər bir müsəlmanın vəzifəsidir. Nə üçün İmam Hüseyn (ə) bu vaciblər uğrunda canından keçdi və malik olduğu hər şeyi qurban verdi? Bu çox ciddi sualdır və buna cavab tapmaq üçün o zamanın şəraiti təhlil edilməlidir. Yəni söhbət təkcə zülmə etirazdan getmir. Çünki digər imamların dövründə də xəlifələr müəyyən zülmlər ediblər, amma onlar qiyam etməyiblər. Sadə dillə desək, bəzən dinin budaqları kəsildiyi zaman imamlar məsələyə müdaxilə etməyiblər. Amma kimsə din ağacının kökünü məhv etməyə qalxanda, o zaman imamlarımız bu məsələyə çox həssas yanaşıblar. Tarixə baxsaq görərik ki, Yezidə qədər hər bir xəlifənin əməli Peyğəmbər sünnəti hesab olunub. Yezid isə aşkarcasına şəriətə əməl etməyən biri idi. Ən dəhşətlisi isə, onun hərəkətləri Peyğəmbərin sünnəti hesab olunacaqdı. İmam Hüseyn (ə) mübarizəsi ilə ilk dəfə olaraq dini hakimiyyəti dünyəvi hakimiyyətdən ayırdı. Artıq Muaviyyədən sonrakı xəlifələr din təmsilçisi kimi çıxış etmirdilər. İnsanlar xəlifəyə siyasi rəhbər kimi yanaşırdılar. Eyni zamanda o vaxt İslamda monarxiyanın, hakimiyyətin atadan oğula ötürülməsinin əsası qoyulurdu. İmam Hüseyn (ə) də buna qarşı çıxış etdi və bəyan etdi ki, İslamın siyasi sistemində sülalə prinsipi adlı bir anlayış yoxdur. Yəni İmam dinin tam aradan getməməsi üçün özünün və səhabələrinin canlarını təhlükəyə atdı, nəticədə də dini sığortaladı. Yəni orda şərait tam fərqli idi və bunu hər hansı bir zamana tətbiq etmək olmaz. Əmr be-məruf və nəhy əz-munkər məsələsi ortaya çıxdıqda biz deyə bilmərik ki, İmam Hüseyn (ə) canından keçdi deyə, hamı canından keçməlidir. İmam Hüseynin (ə) düşdüyü şərait tam istisna idi.

- Bildiyimiz kimi Quran Allahın (c.c) tükənməz nurudur. Bir dəfə Siz öz moizənizdə bir alimdən misal gətirmişdiniz ki, o alim deyir ki, mən bir surəni nə qədər oxusam, o qədər mərifətim artir, yəni Quran sonu olmayan mərifət çırağıdır və Kərbəla vaqeəsi də üstündən neçə əsr keçməsinə baxmayaraq, elə bil bu gün baş verib. Siz də, başqa alimlər də bu möcüzəni dəfələrlə vurğulayıb, yəni biz tam sərbəst deyə bilərikmi İmam Hüseyn (ə) qiyamı Quran kimi daimi sönməyən nurdur?

- Bəli, İmam Hüseynin (ə) qiyamı Quranla əlaqəli bir qiyamdır. Kərbəla hadisəsi Quran ayələrinin canlı təcəssümüdür. Yəni buna əməli İslam da demək olar. Elə buna görə də Kərbəla hadisəsi əbədidir və aktuallığını heç zaman itirmir. Əksinə, təravəti ildən ilə artır.

Anar Soltanov

- Biz işdə bir neçə əhli-sünnə və şiə ilə camaat namazı qılırıq. Bir dəfə onlar, bir dəfə isə biz pişnamaz oluruq. Bir neçə şiə qardaş isə bizə qoşulmur və səbəb kimi əhli-sünnənin (sələfi də ola bilərlər) namazının düzgün olmadığını göstərirlər. Fikrimcə vəhdət xatirinə bu işi görmək yaxşı olardı və ona görə də, hər zaman bu namazlarda iştirak etməyə çalışıram. Sizin bu məsələyə münasibətinizi bilmək istərdim.

- Təbii ki, biz məzhəblərarası vəhdətin tərəfdarıyıq və Quran da buna çağırır. Buyurulur ki, möminlər biri birinə qardaşdılar. Azərbaycanda heç vaxt məzhəblərarası ixtilaf olmayıb. Burda insanlar həmişə dinc yaşayıblar. Namaz gündəlik ibadətdir. Əgər şiələr bir küncdə, sünnilər bir küncdə ibadət edəcəklərsə, burda, təbii ki, heç bir vəhdətdən söhbət gedə bilməz. Odur ki, tam doğru seçim edilib, mən çox istərdim ki, ordakı insanlar seçilmiş imam-camaata iqtida edərək birlikdə ibadət etsinlər.

Pərviz Əliyev

- İnternetdə belə bir xəbərə rast gəldim ki, Qazaxıstanda yeni layihə işə salınıb: xüsusi hazırlanmış 1000-dən artıq ilahiyyatçı vəhabiliklə mübarizə aparacaq. Azərbaycanda zərərli cərəyanlar və təriqətlərlə mübarizə aparmaq üçün belə bir proqram mövcuddurmu?

- Hansısa bir proqramın olması haqqında xəbərdar deyiləm. Ümumiyyətlə, inzibati üsullarla kiməsə qarşı mübarizənin əleyhinəyəm. Bu zərərli cərəyanların qarşısının alınması üçün dinin təbliğinə şərait yaradılmalıdır. Məhdudiyyət həmişə radikallıq yaradır. Təbii ki, bəzən müəyyən cəzaların tətbiqi də labüd olur. Amma bunun üzərində köklənməyə ehtiyac yoxdur. Cəmiyyətdə din düzgün təbliğ olunarsa, belə radikal cərəyanlar meydan sulaya bilməyəcəklər.

Nailə Əliyeva

- Axirət, Qiyamət barədə çox hədislər var,  oxuyuruq,  amma mən həmin o Qiyamətdən sonra bütün ölülərin dirilərək Allahın (c.c) qarşısında məşhərə çəkildikdən sonra nələr olacağını, ondan sonra hər hansı bir həyat olacaqmı bilmək istərdim, bu barədə bir məlumat varmı?

- İnsanların Qiyamət günü məhşərə gəlməsindən sonra, bu barədə Quranda da qeyd olunub, onlar əbədi məskənlərinə - ya Cənnətə, ya da Cəhənnəmə gedəcəklər. Cənnətdəkilər orda əbədi qalacaqlar. Cəhənnəmdə olanların bir qismi isə günahlardan təmizləndən sonra Cənnətə qovuşacaq və əbədi olaraq orda qalacaqlar. Quranda bu barədə aşkar deyilir.

Əli Ağayaroglu

- Zaman-zaman islam və demokratiya anlayışlarının həm yanaşı, həm də bir birinə qarşı qoyulduğunun şahidi olmuşuq. Bu iki məfhumun oxşar və fərqli cəhətlərini bəyan edərdiniz.

- İslamda Allahın seçimi ilə xalqın seçiminin uzlaşdırılmasına şahidik. Allah bir peyğəmbəri və ya imamı seçirsə, xalqın onları dəstəkləməsi vacibdir. Amma təbii ki, seçim xalqa məxsusdur. Quranda da buyurulur ki, dində məcburiyyət yoxdur. Bu da demokratik prinsiplərin əsasını təşkil edir. Demokratiya xalq hakimiyyətidir və İslam da bunu dəstəkləyir. Amma eyni zamanda, xalqın seçimi İlahi dəyərlərə uyğunlaşmalıdır. Xalqın yetkinlik səviyyəsi yüksəlməlidir ki, seçimi doğru etsin. Peyğəmbəri Allah seçirsə, xalq da peyğəmbərə beyət edir. Bu gün dinlə demokratiyanın nə dərəcədə uzlaşmasına dair fərqli fikirlər mövcuddur. Hətta bəzən ilahiyyatçılar da dini dəyərləri Qərb dəyərlərinə uyğunlaşdırmaq üçün uğursuz cəhdlər göstərirlər. Amma biz dəyərlərimizi kiməsə xoş gəlsin deyə dəyişdirməməliyik.

- Rahatlıq axtarışı və  konformizm insan fitrətinin ehtiyaclarındandır. İslam bu fitrətinin hansı cəhətini tənqid edir?

- Təbii ki, rahattələblik və konformizm insanın təbii tələbidir. Sadəcə olaraq bu rahatlığın dünyada əldə olunması mümkünsüzdür. Əslində, bu istəyin mövcudluğu diqqətimizi başqa bir aləmə yönəldir. Bu istək varsa, deməli bunu təmin edəcək aləm də var. Bu da ki, axirət məkanıdır. Amma dünyada aramlığı əldə etmək mümkündür. Bu isə Allahı yad etməklə qazanılır. Hədislərdə qeyd olunur ki, dünya malı dəniz suyu kimidir, içdikcə insanın susuzluğu artır. Amma bu susuzluğu Allahın zikri yatıra bilər.

- İslam  əqli və rasional dindir. Möcüzə, qeyri-adi və s. hadisələr bu rasionallıqla uzlaşırmı, yoxsa elə onun tərkib hissəsidir?

- İslam ağıla və məntiqə söykənən bir dindir. Quranda peyğəmbərlərin öz peyğəmbərliklərini təsdiq etməsi üçün möcüzədən istifadə etmələri əksini tapıb. Möcüzə də ağılla heç bir ziddiyyət təşkil etmir. Sadəcə olaraq bəzən ağıl baş verənləri izah etməkdə aciz olur. Bu izah ağıldan və məntiqdən gizlidir. Dində ağılın anlaya bilməyəcəyi şeylər də var. Amma bu o demək deyil ki, onların səbəbi yoxdur. Möcüzələrin də səbəbi var. Amma bu səbəblər biz anladığımız səbəblərdən deyil. Odur ki, bu rasionallıqla ziddiyyət təşkil etmir.

- Dinin dövlətdən ayrı olub olmaması mahiyyətcə nəyi dəyişir? Müasir dövrdə hansı model daha məqsədə uyğun olar?

- Olduqca geniş mövzudur. Məncə modellərin seçimi xalqların özlərinə mənsubdur. Xalq inkişaf yolunu özü seçir və bu seçimə də hörmətlə yanaşmaq lazımdır. Hansı modelin düz və ya səhv olmasına dair hökm çıxarmaq mənim səlahiyyətimdə deyil.

- Din siyasətdən ayrıdır termini dinə zülm deyilmi, yoxsa şərait və zamana görə dəyişə bilər?

- Təbii ki, dinin öz siyasəti var. Peyğəmbərimiz də, imamlarımız da eyni zamanda siyasətlə də məşğul olublar. Yəni din siyasətdən ayrıdır ifadəsi bu cür qəbul edilərsə, dində heç vaxt siyasət olmayıb deyilərsə, bu səhv yanaşmadır. Ancaq dinin siyasətə alət edilməsi – bu başqa məsələdir. Din heç kimin əlində siyası vasitə ola bilməz. Bu anlamda dinin siyasətdən ayrı olması daha yaxşıdır.

- Dünyada islam intibahı prosesi gedir, bəs ənənəvi islami toplumlardakı tənəzzülün səbəbi nədir?

- Deməzdim ki, ənənəvi islami toplumlar tənəzzül yaşayır. Uzun bir tarixi dövrdə müsəlmanlar tənəzzül ediblər. Amma hazırki dövrü dirçəlişin başlanğıcı kimi qiymətləndirərdim. Dini təfəkkürün oyanmasına şahidlik edirik. Məsələn, ötən əsrin 60-cı illərində beynəlxalq aləmdə dinin ictimai-siyasi proseslərə təsirinin “sıfır” olduğunu deyirdilərsə, bu gün artıq din, xüsusən də islam, ən aktual məsələlərdən biridir.

Mustafa Əhmədov

- Bu yaxınlarda məsciddə bir söhbətin şahidi oldum. Mömin qardaşlar sırf hicablı xanımlarla ailə quracağıq deyə söhbət edirdilər. Deyirlər, məsciddə Hacı Şahin də deyib ki, hicabsız xanımla ailə qurmayın! Sözlərində həqiqət var. Hər kəs istəyər ki, zövcəsi  hicablı olsun. Amma hicabsızlar da iffətsiz sayılmamalıdır. Həyalı, namaz əhli hicabsız qızalrımız da var, hicablı olub bu hicaba layiq olmayanlar da.  Mən iki il əvvəl hicabsız xanımla ailə qurdum, hazırda xanımım məndən və bir çoxlarında imanda da, ibadətdə də üstün hala gəlib çıxıb, daha 7 xanımı hicaba gətirib. Möminin sırf hicablı xanımla ailə qurmağının vacibliyi nə ilə əsaslanır? Bir hicabsızla ailə qurub onun hicaba keçməsinə vəsilə olsaq daha gözəl olmazmı? Çox xahiş edirəm Hacıdan, aydınlıq gətirsin bu söhbətə.

- Cəmiyyətin hicabı və hicabsızlara bölünməsinin tərəfdarı deyiləm. Hicab ilahi dəyərdir, Allahın buyurduğu vacibatdır, buna şübhə edilmir. Amma mən bu məsələlərdə dözümlülüyün tərəfdarıyam və heç zaman da deməmişəm ki, mütləq hicablı xanımla ailə qurun. Ailənin fərdləri arasında, təbii ki, anlaşıq olmalıdır. Oğlan inanclıdırsa, istəyər ki, həyat yoldaşı da inanclı olsun. Çünki onun övladlarına tərbiyəni məhz ana verəcək. Amma mən bunu bir şərt kimi heç vaxt qeyd etməmişəm.

Ceyhun Hacızadə və Kənan Əsgərzadə (suallar bənzər olduğu üçün birləşdirilib).

- Dini kütlənin cəmiyyətdən kənarlaşmağına münasibətinizi bilmək istərdik.

- Belə bir kənarlaşma yoxdur. Sadəcə bəzi icmalara xas marginallaşma prosesi mövcuddur. Eyni zamanda cəmiyyəti inanclı və inancsız insanlara bölmək cəhdlərini də görürük. Mən buna olduqca mənfi yanaşıram. Hesab edirəm ki, dindarlar bu təcriddən qaçmalıdırlar.

Ceyhun Hacızadə

- Müasir Azərbaycan gəncinin, dindarının ictimai vəzifəsi nədir?

- Hər kəs öz vəzifəsini özü təyin etməlidir. Kiməsə vəzifə təyin etmək çətin məsələdir. Amma söhbət inanclı cavanlardan gedirsə, onlara elmlərə yiyələnməyi tövsiyə edərdim. Onlar müasir təfəkkürə sahib olmalıdırlar. Gənclərimiz həm elmli, həm də mənəviyyatlı olmağa can atmalıdırlar. Eyni zamanda Azərbaycan gənci, inanclısı vətənpərvər olmalıdır, dövlətçiliyinə sadiq olmalıdır. Gənclərimiz həm sözləri, həm də əməlləri ilə ilahi dəyərləri təbliğ etməlidirlər.  Bu ümumi fəzifələrdi. Fərdi isə hər kəs özü vəzifəsini dəqiqləşdirməlidir.

- Sizcə dünyada gedən elmi-texniki inqilab əhalisi müsəlman olan dövlətlərdə nəyə görə çox zəif gedir? Ümumiyyətlə, istənilən sahədə bu gerilik nəzərə çarpır. Bu prosesdə dinin rolu varmı və varsa dinin bu prosesə nə kimi təsir edən tərəfləri var?

- Bəzən belə fikir səsləndirirlər ki, din elmin inkişafına mane olur. Çox səhv fikirdir. Dini tam obyektiv təhlil etsək, görərik ki, din əslində elmin inkişafına stimul verir. Peyğəmbərimizin həyatı da buna aşkar nümunədir. Həzrət Məhəmmədin (s) zamanında 10 müsəlmana elm öyrədən əsir azad edilirdi. Məhz İslami dəyərlərə sarılan ərəblər qısa zaman kəsiyində yarımvəhşi vəziyyətdən dünyanın ən inkişaf etmiş xalqlarından birinə çevrildilər. Müsəlmanların zaman-zaman tənəzzül etməsinin bir sıra səbəbləri var ki, onlardan biri də dini səhv anlamaqdır, dini elmə zidd qoymaqdır. Bu, xristianlıqda da olub, hətta daha qabarıq şəkildə. Müsəlman cəmiyyətlərinin nə üçün elmi inkişafdan geri qalması məsələsi geniş mövzudur və ayrıca bir tədqiqat tələb edir. Amma bu gün müsəlman cəmiyyətlərinin elmdə geri qalmasının səbəbi din deyil, əksinə, dindən uzaq düşməsidir.

Altay Əliyev

- Sizdən dəfələrlə eşitmişik ki, islamda ruhani deyilən bir sinif yoxdur. Bu hər halda nəzəriyyədə belədir. Praktikada isə nəinki ruhanilər var, hətta ruhanilər də bir neçə yerə bölünüb: saray ruhaniləri, mübariz ruhanilər, sadəcə ruhanilər və s. Sizcə Azərbaycan Respublikasının gənc vətəndaşı öz dinini necə öyrənməlidir ki, bu sinfin təsirinə düşməsin? Ümumiyyətlə bu sinfin həqiqi dinin təbliğində rolu qənaətbəxşdirmi?

- Ruhani anlayışı müsəlmanlara xristianlıqdan keçib. Əslində hər bir insan ruhani olmalıdır. İslamda ruhani deyilən təbəqə yoxdur. Var bilən, var bilməyən. Təbii ki, bilməyən bilənə müraciət edir. Bu hansısa təbəqə deyil. Sadəcə olaraq insanların elmi dərəcəsi ifadə olunur. Ruhani təbəqəsinin olmaması təkcə mənim fikirim deyil. Bir çox alimlər də vurğulayırlar ki, hansısa dini məsələləri inhisara alan ruhani yoxdur İslamda. Təbii ki, alimlər var, onlar elmi görüşlərini ortaya qoyurlar, şəriət məsələləri ilə bağlı risalələr yazırlar, insanlar bu alimlərə təqlid edirlər – bu başqa mövzudur. Amma bu gün insanın öz fikrini kiminsə ixtiyarına qoyması yanlışdır. Kiminsə fikrini kor-koranə dəstəkləyəcəm ki, o ruhanidir – bu səhvdir. Tamamilə doğrudur ki, artıq cəmiyyətdə də bu bölgü aparılıb. Kimlərsə mübariz adlandırılır, kimlərsə qeyri-mübariz. Ruhani, alim, höccətülislam – bu titullar yeri gəldi-gəlmədi müxtəlif insanlara aid edilir. Mən ümumiyyətlə fikirin əsarətinin əleyhinəyəm, fikirin kiminsə ixtiyarına verilməsinin əleyhinəyəm. İnsanlar müxtəlif məsələləri təhlil etməli, müstəqil yanaşmalıdırlar. Dini sahədə fəaliyyət göstərən insanlara hörmət göstərilməsi təbiidir. Amma burda ifrata getmək olmaz. Ortaya hər hansı bir məsələ çıxdıqda, insan müxtəlif fikirləri dinləməlidir, savadlı insanlarla məsləhətləşməlidir, amma yekun qərarı özü verməlidir. Düşüncəsi kiminsə təlqini nəticəsində formalaşmamalıdır. Təəssüf ki, sualda toxunulan problem bu gün Azərbaycan cəmiyyətində aktualdır. Mən azad düşüncəli olmağı, azad təfəkkürə malik olmağı tövsiyə edirəm.

P.S. Bəzi oxucular Hacı Şahinə müəyyən xahişlərlə müraciət etmişdilər, bəziləri isə minnətdarlıqlarını bildirmişdilər. Qeyd edək ki, bütün bu ismarıclar Hacıya çatdırılıb.

 

 



Yerləşdirilib:25 Yanvar, 2013  15:16, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 13
Müəllif: Veyis | 25 Yanvar, 2013  21:14
# Ответить
+1


]]>]]>

salam sualim budurki siqa ne qeder duzgundur xais edirem etirafli cavab veriv
Müəllif: administrator | 25 Yanvar, 2013  21:45
# Ответить
+3


]]>]]>

Suallar kechen hefte verilib qurtarib artiq, gecikmisiz. Elani yazib 1 hefte saytda saxlamishdiq
Müəllif: Vefa | 26 Yanvar, 2013  16:54
# Ответить
+3


]]>]]>

ALLAH razi olsun...
Müəllif: lamiyye | 27 Yanvar, 2013  00:35
# Ответить
+6


]]>]]>

cox sag olun...ALLAH RAZI OLSUN.
Müəllif: rufat | 31 Yanvar, 2013  16:13
# Ответить
-4


]]>]]>

Yuxarıda biri deyir ki aksiyaya 100 nəfər gəlir, bu səhvdi, çünki 10 dekabrda 2-3 min adam hicab aksiyasinda iştirak edib, 6 mayda bir az az, uçuncü aksiyada isə 1000-1500 adam olub. Belə məlumatszı adamlar bu şərhi oxusa yaxşı olar, və ya aksiyanın videolarına baxsın
Müəllif: rufat | 31 Yanvar, 2013  16:15
# Ответить
-5


]]>]]>

Saray mollaları da, mübariz ruhanilərdə, ABŞ səfirliyində iftar edən "molla"larda hər dövrdə olub və olacaqda...
Müəllif: Anar | 3 Fevral, 2013  01:06
# Ответить
+5


]]>]]>

Rufat, indi sen "esil muselmansan" da demeli? Senden bashqa da 3-4 dene "esil muselman" ola, ya olmaya?
Müəllif: Samid | 6 Fevral, 2013  09:11
# Ответить
+8


]]>]]>

Rufat, niyə qarnın ağrıyır? Ərafın seyrəlir, eləmi? Niyə yalan danışırsan? 3 aksiya olub, hər dəfə də iştirakçı sayı azalıb. Belə də davam edəcək. Çünki camaatın gözü açılır. Görürlər ki, boş-boş danışmaqdan, atlanıb-düşməkdən, bir-birinizi tərifləməkdən başqa heç nə bacarmırsınız.
Müəllif: Seyid | 6 Fevral, 2013  10:19
# Ответить
+7


]]>]]>

Mubariz ruhani yox, beyni olmayan yarimciq ilahiyatcilar olub var da. Bir terefden amerikani pisleyirsiz, deyirsiz boyuk sheytandu, o biri terefden sevinirsiz ki Uraaaa! Aksiyamiz haqinda Amerika qezetleri yaziblar. Sevinirsiz ki, iceride olan filankesin adi Avropa Shurasinin siyasi mehbuslar siyahisindadi. Hal bu ki həmishe Avropani pisleyirsiz. Bir il evvel Haci Shahini qinayirdiniz ki, mediaforumda cixish edir, ora sionistlerindi. İndi ozunuz orda ozunuzu reklam etdirirsiz. Day kecmez, camaat coreyi qulagina yemir. Aciq deyin ki, hacinin paxilligini cekirik, onun kimi camaat yiga bilmirik, onun kimi sevmiller bizi ona gore partlayiriq
Müəllif: Ali | 10 Fevral, 2013  18:30
# Ответить
0


]]>]]>

Menide bir muselman olaraq bu siqe meselesi cox maraqladirir bilmek isterdim muselman olmayan qadinla siqa etmek munkundumu.
Müəllif: Terane | 15 Fevral, 2013  14:26
# Ответить
0


]]>]]>

Salam.men Sahin oglumun anasi yerindeyem.ve onun televiziyada olan cixisini ve disklerini en gozel hediyye kimi evimde saxliyiram.Ona boyuk hormetim var.Bilmek Isterdimki Quranda qiz usaginin huququ haqqinda ne deyilib?
Müəllif: yegane17 | 17 Fevral, 2013  23:52
# Ответить
0


]]>]]>

salam men haciii sahini coccc sevirem.allah ondan razi olsunn.onun moizelerinde bbu sozu ewitmiwem ki kim dunyada neyi sevse axiretde onunla mehwur olacaq bi wey dimek istyrem hacii senee canim qurban men de sizi cox sevirem insaALLAH SIZINLE MEHSUR OLACAMM ALLAH RAZI OLSUN
Müəllif: AYTAC | 22 Fevral, 2013  11:39
# Ответить
+1


]]>]]>

SALAM.ALLAH RAZ OLSUN HACI SAHINDEN...heyranam HACNIN seisne..ALLAH HACI QARDASIMA UZUN veXEYRLI OMUR VERSIN....AMNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNNN... ...
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com