Müsahibimiz dr. Bayram Balсıdır. Fransa vətəndaşıdır, uzun müddət Fransa və Avropanın elmi tədqiqat müəssisələrində İslam problemləri, İslami hərəkatlar üzrə elmi tədqiqatlar aparmışdır. Problemləri yaxından öyrənmək üçün Rusiya, Orta Asiya, Azərbaycan və s. ölkələrdə tədqiqatçı kimi yaşamışdır. Hazırda ABŞ-da çalışır.
- Azərbaycanda, Orta Asiya ölkələrində dini durumu necə qiymətləndirirsiniz?
- Sovet imperiyasının süqutundan və müstəqil dövlətlərin yaranmasından sonra, istər Orta Asiya, istərsə də Qafqazda bir dini intibah yaşandı. Bu da təbiidir. Çünki öncə azadlıq yox idi. Eyni zamanda qeyd etməliyəm ki, dövlətin dini məsələlərlə ciddi məşğul olması üçün bir qədər zaman lazımdır. Axı əvvəl belə bir şey olmayıb. Dövlət dini bir çərçivəyə salmaq üçün gərək təcrübə toplasın. Bu müddət ərzində xarici ölkələrdən müəyyən qüvvələrin gəlməsi və bu proseslərə təsir göstərməsi təbiidir. Buna ehtiyac var idi. Lakin artıq həm Azərbaycanda, həm də digər MDB məkanına daxil müsəlman dövlətlərində dini elita yaranıb. SSRİ dağılandan sonra yeni yaranmış ölkələr üçün dini kadrların yetişdirilməsi baxımından Türkiyə çox önəmli idi. Amma artıq vəziyyət dəyişib.
- İstər müsəlman ölkələrində, istərsə də Avropada zaman-zaman hicab problemi meydana gəlir. Bu məsələnin həlli yolunu necə görürsünüz?
- Mən Türkiyədə anadan olsam da, Fransada böyümüşəm. Hər iki dövlətdə hicab problemi mövcuddur. Mənim üçün ən önəmli olanı demokratiyadır. Kimi pirsinq edir, kimi tatu, kimi də hicab taxır. Bu məni qətiyyən narahat etməz. Bu demokratik inkişafdır, buna qarşı çıxmaq ağılsızlıqdır. Ancaq bu zaman sizin seçiminizin kimisə narahat etməyəcəyinə də diqqət yetirmək lazımdır. Zənnimcə, məktəbdə hicab taxılması tam normal bir şeydir. Əgər demokratiyadan danışırıqsa, buna icazə verilməlidir. Bunun əksi olsa, qarşınızda reaksion qüvvələri görəcəksiniz. Sizə bir misal çəkim. Fransada hicaba qadağa qoymaq istədilər. Amma bundan sonra tam əks proseslər müşahidə olundu: hicab taxanların sayı kəskin surətdə çoxaldı. Bu bir qaydadır: nəyisə yasaqlasan, onun müştərisi daha da çoxalar. Bu mənim şəxsi fikrimdir, yanıla da bilərəm. Məsələn, mənim ailəmdə heç kim hicab taxmır. Lakin bir demokrat olaraq, mən hicab əleyhinə deyiləm. Bu normaldır. Amma təbii ki, bəzi dövlətlər bundan ehtiyatlanırlar, bunu bir başlanğıc kimi qiymətləndirirlər, düşünürlər ki, bunun ardından dini ekstremizm baş qaldıra bilər. Ancaq mən buna inanmıram.
- Suriyada 1 ildən artıq davam edən toqquşmalar, təəssüf ki, artıq tədricən məzhəblərarası qarşıdurmaya çevrilir. Buna münasibətiniz və bu hadisələrə dair proqnozunuz necədir?
- Məzhəblərarası münaqişələr yalnız müsəlmanlar arasında müşahidə olunmur, bu xristian tarixində də dəfələrlə təkrarlanıb. Məzhəblərarası gərginlik hələ peyğəmbərimizin vəfatından bir neçə il sonra başlayıb. Əksər hallarda bu xoşagəlməz hadisələrin qarşısı alınıb. Ancaq təəssüf ki, son dövrdə İraqda ciddi toqquşmalar meydana gəldi. Bunun da istər siyasi, istərsə də dini səbəbləri var. Zənnimcə, dini liderlər bir araya gəlib, məsələnin həlli yollarını aramalıdırlar. Suriya məsələsinə gəlincə, hadisələrin məzhəb qarşıdurması müstəvisinə yönləndirilməsi yalnız təəssüf hissi doğurur. Çünki başlanğıcda bu toqquşmaların məzhəb çalarları yox idi. Lap əvvəldən xalq diktatora qarşı çıxış etmişdi. Lakin zaman ötdükcə, iqtidar tədricən sarsıldıqca, bəziləri belə çıxışlar etməyə başladılar ki, onun yerinə başqası gələcək, dini təsisatlarımıza qarşı çıxacaq. Ona görə də Əsədə ciddi şəkildə yardım edirlər. Bu isə çox təhlükəli bir tendensiyadır. Çünki sonda ciddi məzhəb toqquşmasına səbəb ola bilər. Odur ki, Yaxın Şərqin perspektivləri üçün çox narahatam. Suriya hadisələri Türkiyədə ələvilərlə sünnilər arasında yaranan ənənəvi mehriban münasibətlərə zərbə vura bilər. Azərbaycan üçün də müəyyən təhlükə mövcuddur. Odur ki, dini rəhbərlər ciddi tədbirlər görməlidirlər, bu proseslərin qarşısını almağa çalışmalıdırlar. Amma təəssüf ki, mən bu perspektivlərə bir o qədər də nikbin baxmıram.