Sabah 20 Yanvar faciəsinin 23-cü ildönümüdür. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan xalqı 1990-cı ildə baş verən qanlı hadisələrin qurbanlarını yad edəcək, Şəhidlər Xiyabanında böyük izdiham yaşanacaq.
Şəhidlər Xiyabanı. Bəzən cəmiyyətdə “kim şəhid hesab edilir? 20 Yanvar hadisələrində dünyasını dəyişənlərin hamısı şəhiddirmi, yoxsa onlardan yalnız Allaha xatir tankların önünə gedərək həyatlarını itirənlər şəhiddir?” sualları müzakirə olunur. İslam.az məsələyə aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etmək qərarına gəldi və bu sualları onlara ünvanladı. Verilən cavabları diqqətinizə çatdırırıq:
Hacı Mirmehdi Darafərin (ilahiyyatçı): “Hələ o zaman, hadisə baş verəndən dərhal sonra, mərceyi-təqlidlər bəyan etdilər ki, dünyasını dəyişənlərin hamısı şəhid hesab edilir. Əlbəttə ki, o şəhidlər ki, onlar haqqında Quranda buyurulur, o şəhidlər ki, onların məqaməna hətta peyğəmbərlər mat qalarlar – bu Allahın xas bəndələridir, onlar ki, həyatlarında Allahla düz olublar. Amma şəhidlərin digər dərəcələri də mövcuddur. 20 Yanvar hadisələrində dünyasını dəyişənlərə gəldikdə isə, mərceyyət onlara şəhid deyirsə, biz də onlara şəhid deyirik. Onları arasında Allahın xəs bəndəsi olan, Allaha itaət edən, Allahın lütfünü və nəzərini üzərinə cəlb edənlər, inşallah ali məqamlı şəhid dərəcəsinə yetişiblər. O kəslər ki, bu məqamda olmayıblar, inşallah onların da böyük əcri var, çünki vətən yolunda ən şirin şeydən – canlarından keçiblər, düşmən qarşısında dayanıblar”.
Hacı Mirəziz Seyidzadə (Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri): “Ümumiyyətlə, o günlər həmən hərəkatda iştirak edərək gülləyə tuş gələnlərin, dünyasını dəyişənlərin hamısı şəhiddir. İndi biri öz evində təsadüfən güllələnibsə, digəri əcəli çatdığına görə dünyadan gedibsə - biz onlardan danışmırıq”.
Hacı Mirhəmid Məmmədov (“Gileyli” məscidinin imam-cüməsi): “Şəhidlər müxtəlif dərəcələrə bölünür. Məsələn, cəbhədə düşmənlə döyüşərkən dünyasını dəyişən şəhid ali dərəcəli hesab edilir. Ona qüsl, kəfən lazım deyil, elə öz paltarında dəfn edilir. İkinci qrup şəhidlər də var. Hətta düşmənlə döyüşdə yaralanan, amma sonradan vəfat edən müsəlman da şəhiddir, amma artıq ona qüsl vermək və kəfənləmək lazımdır. Lakin mötəbər hədislərə əsasən, digər qismdə şəhidlər də var. Məsələn, Həzrət Peyğəmbər (s) buyurub ki, hər kəs malının, mülkünün müdafiəsi zamanı dünyasını dəyişsə, o kəs şəhiddir. Başqa rəvayətlər də mövcuddur. Məsələn, bir kəs elm, halal qazanc dalınca gedəndə, yaxud da ki, azan vermək üçün minbərə çıxan zaman yıxılıb düyasını dəyişsə, şəhid hesab edilər. Namus, vətən uğrunda döyüşərkən dünyasını dəyişənlərin şəhid olmasına dair də şübhə yoxdur. 20 Yanvar hadisələrində də, bizim bildiyimizə əsasən, məqsəd düşmənin, kafirin vətənimizə təcavüzünün qarşısını almaq, namusun qorunması olub. Batinləri Allah bilir, biz zahirə qiymət veririk. Buna görə də bu hadisələr zamanı dünyasını dəyişənlər də şəhid sayılır”.