İslam təlimlərinə əsasən, insanların həyatı yalnız bu dünya ilə kifayətlənmir. Əslində bu dünya həyatından sonra “axirət aləmi” adlanan əsas həyat yeri mövcuddur. Axirət aləmi qiyamət hadisəsi ilə özünün əsas mərhələsinə qədəm qoyacaq və o gündə insanların yeri (Cənnət və Cəhənnəm) bəlli olacaqdır.
Quran ayələri və hədislərə əsasən, qiyamət hadisəsində bütün günəş sistemi və planetlər dağılacaq, eləcə də, yer kürəsi və onda mövcud olan canlılar məhv olacaq və hər şey dəyişəcəkdir. Qeyd etmək lazımdır ki, insanların dünya həyatında gördükləri əməllərə qiymət veriləcək axirət aləminə inam təkcə İslam dinində deyil, digər səmavi dinlərdə də, mövcuddur. Son aylarda dünyanın əsas diqqət mərkəzi bu ilin dekabr ayının 21-də qiyamət hadisəsinin baş verəcəyi ilə bağlı məsələdədir. Bu şayə əsasında bir çoxları özünə şam və ərzaq tədarükü görür, bəzi imkanlı şəxslər isə həmin hadisədən qorunmaq hədəfi ilə özləri üçün yerin altında sığınacaq yerləri və istehkamların hazırlanmasına külli miqdarda pul xərcləməklə məşğuldurlar... Bu yazıda bir müsəlman və ilahiyyatçı kimi uyğun müddəa barədə öz mülahizələrimi bildirmək istərdim:
Qiyamət hadisəsinin əsil mahiyyəti
Bu şayəyə uyan şəxslər ilk növbədə qiyamət gününün mahiyyətindən mükəmməl tərzdə agah olmayan insanlardır. Çünki, həqiqətən də, 21.12.2012 tarixində qiyamət hadisəsi baş verəcəksə, o zaman bir çoxlarının tədarük etdiyi şam, ərzaq məhsulları, həmçinin, yeraltı sığınacaqlar və s. heç bir faydası olmayacaqdır. Qiyamət hadisəsi ilə varlıq aləmi bütövlükdə dəyişəcək və yaşadığımız yer kürəsi tamamilə məhv olub aradan gecəcəkdir. Bu mahiyyəti dərk etməyən insanların isə dildə dedikləri ilə əməldə sərgilədikləri iş tamamilə fərqlidir.
Quran və hədislərin baxışı barədə
Əgər bir müsəlman olaraq Qurani-Kərimə inanırıqsa, bu səvami kitabda qiyamətin dəqiq zamanının elmi yalnız Allah yanında olduğu aydın tərzdə bəyan edilmişdir. Necə ki, buyurulur: "(Ya Peyğəmbər!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: "O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!" Sən sanki onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: "O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!" (Qurani-Kərim, "Əraf" (7) surəsi, ayə: 187.) Digər ayədə isə belə buyurulur: "(Ya Peyğəmbər!) Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. (Onlara) de: "Onu ancaq Allah bilər!" (Qurani-Kərim, "Əhzab" (33) surəsi, ayə: 63.) Bu ayələr məna baxımından o qədər şəffaf və aydındır ki, onların haqqında əlavə izaha belə ehtiyac duyulmur. Həmin ayələrə əsasən, qiyamət gününün baş verəcəyi zaman yalnız Allaha bəllidir. Hətta, Onun sevimli Peyğəmbərinin (s) də, bu haqda bir biliyi yoxdur. Belə olan halda görəsən özünü müsəlman adlandıran və Qurani-Kərimi səvami bir kitab olaraq qəbul edən insanlar hansı əsasla qeyd edilmiş tarixdə qiyamətin baş verəcəyinə inanırlar? Bizim etiqadımıza görə, qiyamət günü hökmən həyata keçəcəkdir. Lakin onun dəqiq vaxtı Allahdan başqa heç kəsə bəlli deyil. Əlbəttə, qiyamətin həyata keçməsi ilə bağlı Quran ayələri və hədislərdə bəzi şərtlər sadalanmışdır. İmam Mehdinin (ə) zühur etməsi və Məryəm oğlu İsa Məsihin (ə) yer üzünə qayıdışı həmin əlamətlərin daha önəmlisi sayılır. Əldə olan çoxsaylı və mötəbər hədislərə əsasən, Peyğəmbər (s) Əhli-beytindən sayılan İmam Mehdinin (ə) zühur edib dünyaya ədalətli tərzdə rəhbərlik etməsi və ən azı bir neçə il bu yer kürəsində iqtidar sahibi olması, həmçinin İsa Məsihin (ə) yer üzərinə qayıdışı qiyamət gününün həyata keçməsi üçün ən önəmli şərtlərdən sayılır. Bu hadisələr baş verməyincə qiyamət günü də həyata keçməyəcəkdir. Buna görə də, hələlik qiyamət hadisəsinin baş verməsini iddia etmək və bunun üçün müəyyən bir zamanın təyin edilməsi həm Quran, həm də, hədislər baxımından tamamilə əsassızdır.
Şayənin əsas hədəfləri barədə...
Bu qəbil əsassız iddia və şayələr bir sıra mədəni, siyasi və iqtisadi hədəflərə xidmət göstərmək üçün rəvac verilməkdədir. Məlum şayənin hansı hədəf və ya hədəflərlə yayılmasına gəldikdə isə bu haqda müxtəlif versiyarı irəli sürmək olar: a) Bəlkə də, həmin şayənin lamay kilsəsinin birinci xadimi Dalay Lama tərəfindən söylənilməsi ilə onun dünya ölkələrində reklam edilməsinə cəhd göstərilir. Dünya ölkələrinin bir çox mediya işçiləri də, bilmədən hansısa şəxs və ya dairələrin istəyini həyata keçirmiş olurlar. b) Digər ehtimala görə, bəzi ölkələr həmin şayənin rəvac verilməsi ilə öz siyasi hədəflərinə nail olmağa çalışırlar. Belə ki, bu şayəni dünya xalqları arasında rəvac vermək və dünya millətlərini onunla qəflət yuxusuna aparmaqla bəzi istismarçı dövlətlər bu şayənin pərdə arxasında öz mənfur hədəflərini həyata keçirməyə, bəzi rejimlər isə “özünü müdafiə” adı altında insaniyyətə yaraşmaz cinayətlər və etnik təmizləmə siyasətinə əl atmağa çalışırlar. c) Bu minvalla dünyanın müəyyən zonalarını “asayiş və əmin-amanlıq nöqtəsi” adlandırmaqla həmin ölkələrə turist axını yaratmaq və beləliklə də külli miqdarda maddi gəlir əldə etmək versiyası da, nəzərdən qaçmamalıdır. Bu ehtimala əsasən, daha çox iqtisadi böhrana düşmüş avropa ölkələri bulaşıq sudan balıq tutmağa çalışa bilərlər. d) Həmçinin, mövcud vəziyyətə əsasən, bu şayə nəticəsində şam və digər ərzaq mallarının satışa çıxarılması ilə müəyyən şəxslər və ya dairələr külli miqdarda maddi gəlir əldə edirlər... Hər halda bu qəbil şayələrə uymaq başqaları üçün adi hesab edilsə də, özünü müsəlman adlandıran insanlar üçün olduqca xoşagəlməz bir haldır. Müəslmanlar belə şayələrə uymaq əvəzinə həyatda nikbinliklə yanaşı ciddi və məsuliyyətli olmalıdırlar. Onlar öz danışıq və əməlləri ilə dünyanı öz istəkləri ilə qurmağa çalışan müəyyən mənfur niyyətli dairələrin hədəflərinə xidmət göstərməməli, həmçinin, kimlərinsə hiyləsinə uymaqla özlərini başqaları üçün gülüş və məsxərə obyektinə çevirməməlidirlər. Müsəlmanlar və bütün insanların agahlığı və həyatda məsuliyyətli olması ümidi ilə!
COX SAG OLUN. UMID EDIREM KI BIR COX MUSELMAN CAMAATI BUNU OXUDUQDAN SONRA LAZIMI BILGILERI ELTE ETMISH OLACAQ. BIR SHEYE DAHA COX HEYSFLENIREM KI 21 DEKABR YALANINA INANANLAR ARASINDA AZERBAYCANDAN OLAN DINDARLAR DA OLDU VE CUME GUNU MESCIDE GELMEKDEN BELE QORXDULAR. DEMELI YETERI QEDER INAMLARI QOXDU.COX HEYIF!