Əvvəlcə məlumat üçün bildirək ki, hazırda Birləşmiş Millətlər Təşkilatına (BMT) 192 üzv-dövlət daxildir. Bunlardan da təqribən 30 faizini müsəlman ölkələri təşkil edir. İndi isə keçid alaq əsas məsələyə.
Sərlövhədən də göründüyü kimi, dünyada mövcud müsəlman dövlətlərinin daxili və xarici siyasətində hansı prinsipə üstünlük vermələri, hansının prioritet təşkil etməsi barədə suala cavab aramağa çalışacağıq - dövlətçilik, yoxsa islamçılıq? Mövzu çox əhatəlidir. İslam ölkələrinin hər birinin beynəlxalq arenadakı fəaliyyətinə ötəri nəzəri belə bir məqalənin hüdudlarına sığışdırmaq mümkünsüzdür. Odur ki, bəzi hadisələri nümunə götürərək, suallarımıza cavab tapmağa cəhd göstərək.
Suriya "düyünü"
Suriya. 2011-ci ilin martından etibarən başlayan kütləvi iğtişaşlar, ardından isə indiyə qədər davam edən silahlı qarşıdurma bütün dünyanın diqqətini bu kiçik ölkənin üzərinə çəkib. Hər gün toqquşmalarda onlarla, yüzlərlə insan həlak olur, qan su yerinə axır, Suriyanın iqtisadiyyatına, demək olar ki, sarsıdıcı zərbələr endirilir. Rəsmi olaraq qarşıdurmaya iki tərəf cəlb edilib: Bəşər Əsəd tərəfdarları və müxalif Azad Suriya Ordusu. Əslində isə dünyanın güc mərkəzləri bu qədim torpaqlarda öz maraqlarını qorumaqdadırlar. Şərti olaraq "ikinci cəbhə" kimi İran və Türkiyəni, "üçüncü cəbhə" kimi isə ABŞ və Rusiyanı göstərmək olar. Dolayısı ilə münaqişəyə cəlb olunan Türkiyə və İran, elə Suriyanın özü də müsəlman dövlətləridir, İƏT-in üzvləridirlər. Bu ölkələrin siyasətinin əsasını islamçılıq təşkil etsəydi, şübhəsiz ki, onlar eyni səngərdə yer almalı idilər. Ancaq reallıq belə deyil. Bu gün Türkiyə və İran əks cəbhədədirlər. Bəlkə Şərqin bu iki nəhənginin hansısa İslam prinsiplərinə sadiq qalaraq siyasətini yürüdür, digəri isə səhv yoldadır? Romantik düşüncələri bir kənara qoyaraq, vəziyyəti dəyərləndirək.
Türkiyə haqlıdır, yoxsa İran?
Bu suala cavab verməzdən əvvəl kiçik xatırlatmaya ehtiyac var. 1963-cü il martın 8-də hərbi çevrilişdən sonra Suriyada hakimiyyətə BƏAS (Ərəb Sosialist Dirçəlişi Partiyası) gəldi. Elə həmin dövrdə elan olunan fövqəladə vəziyyət yalnız 2011-ci ilin aprelində prezident Bəşər Əsədin sərəncamı ilə ləğv edildi. Bu iki hadisəni isə 48 (!) il ayırır. Bu müddət ərzində, faktiki olaraq, ölkədə diktatura hökm sürürdü: siyasi partiyaların yaradılması, etiraz aksiyaların keçirilməsi və sair demokratik təsisatlar yasaqlanmışdı. Bunu nə üçün xatırlatdıq? Sadəcə olaraq İranın və uzun müddət Türkiyənin dost rejiminin simasına ötəri nəzər saldıq. Yəni Osmanlıların xələfləri və 1979-cu ildə İslam İnqilabını ərsəyə gətirib İslam Respublikasını qurduqlarını bəyan edənlər de-fakto diktator bir rejimlə əməkdaşlıq etmiş, "can" deyib, "can" eşitmişlər. "Deməli siyasətlərinin təməlində İslam dayanıbmış, buna görə müsəlman Suriyaya güzəşt ediblər" hökmünü çıxarmağa tələsməyək. İslamda hətta ən ülvi məqsədə çatmaq naminə haqqı tapdalamağa, zülm edənin əlini sıxmağa icazə verilmir (burda təqiyyənin də yeri yoxdur, çünki söhbət məzlum qruplardan, konkret hadisədən deyil, iki qüdrətli dövlətdən və uzun bir dövrdən gedir). Amma bu tezisi dərhal da unutmayın. Aşağıda bunun əsassız olduğunu bir daha isbat edəcəyik. Daha bir fakta nəzər salaq. 1976-1982-ci illər arasında Suriyada əsasən "Müsəlman qardaşları" təşkilatının rəhbərliyi ilə hakim BƏAS partiyasına qarşı silahlı mübarizə aparıldı. Bu mübarizənin kulminasiya nöqtəsi isə hökumət qoşunlarının Xama şəhərində törətdikləri qətliam oldu. Müxtəlif mənbələr bu hadisələr zamanı ən azı 17 min, bəziləri isə hətta 40 min insanın qətlə yetirildiyini bildirir. Nəzərə alaq ki, öldürülənlər müsəlmanlar idi. Buna Türkiyə də, o zaman artıq İslami olan İran da, demək olar ki, ciddi reaksiya vermədilər. Əksinə, Suriya İran üçün ən yaxın müttəfiqlərdən birinə çevrildi. Bütün dünyanın müxalif olduğunu nəzərə alaraq rəsmi Tehran üçün hər müttəfiqin nə qədər əhəmiyyət kəsb etdiyini anlamaq olar. Amma nəyin qarşılığında? Peyğəmbərin (s), Həzrət Əlinin (ə) dirsəklərinə qədər xalqının qanına boyanmış birisi ilə işbirliyi qurmaları mümkün idimi? Sual ritorikdir. Yəni bu əməkdaşlığın, yaxınlığın təməlində dövlətçilik, İran dövlətinin mənafelərinin qorunması dururdu.
HAŞİYƏ: Burda bir haşiyə, zənnimizcə zəruridir. 1979-cu il İnqilabına qədər İranın beynəlxalq arenada durumu indikindən çox fərqli idi. Demək olar ki, bu ölkə regionda ABŞ-ın ən yaxın müttəfiqlərindən idi. Yəni, məhz İslam İnqilabından sonra sözügedən dövlət planetin super-güclərinin qəzəbinə tuş gəldi. Burda belə irad irəli sürülə bilər: İranın ABŞ-la düşmənçiliyi məgər İslama görə deyilmi? Sözsüz, qədim şahlar məmləkətinin, demək olar ki, bütün problemləri məhz bu amildən qaynaqlanır. Amma yenə də... Rəsmi Tehran məhz İslami İRANIN mənafelərini güdür. Çünki siyasət sırf İslam prinsiplər üzərində təşəkkül tapsaydı, nə yuxarıda göstərdiyimiz faktlar meydana gəlməzdi, nə də aşağıda nəzər salacaqlarımız tarixin yaddaşına keçməzdi.
Sonuncu nəticə heç də Türkiyənin İslami dəyərlərdən çıxış etməsi anlamına gəlməməlidir. Hazırda hakimiyyətdə olan AKP-çilər, başda prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan olmaqla, dəfələrlə Bəşər Əsəd hakimiyyətinə "məhəbbətlərini izhar" ediblər. Bu gün Türkiyə iqtidarının qətiyyətlə Əsədin əleyhdarları sırasına keçməsi heç də qəlblərində qəfildən hidayət çırağının yanması ilə izah edilmir. Sadəcə, NATO üzvü olan Türkiyəyə bu dünyanın bir çox məsələlərinə müdaxilə edən ABŞ-dan məhz belə rol müəyyən edilib. Ərdoğanın "yox, mən bunu edə bilmərəm, suriyalılar bizim din qardaşlarımızdır" söyləməsini nə mən, nə də digər bəşər övladı eşitməyib. Əksinə, okeanın o tayında cızılan planlara "ləbbeyk!" deyilərək əməli tədbirlər görülüb. Hansılar? Zatən, bu barədə istər yerli, istər xarici KİV, praktiki olaraq hər gün məlumat verir. Bir sözlə, burda da islamçılıqdan, İslam prinsiplərinin prioritet təşkil etməsindən danışıla bilməz. Yenə də Türkiyənin dövlət maraqları öndədir.
Məqsəd
Suriya ABŞ və müttəfiqlərinə meydan oxuyan nadir ölkələrdən biridir. Hələ 1967-ci ildə baş verən "Altı günlük" müharibədən sonra Birləşmiş Ştatlar bu dövlətə düşmənçilik mövqeyi tutub. 2002-ci il yanvarın 29-da ABŞ prezidenti Corc Buş Konqresə ünvanladığı müraciətdə İran, İraq və KXDR ilə birlikdə Suriyanı da "Şər oxu" ölkələri sırasına daxil etdi (bu sıralamada İraqın yaşadığı aqibət bəllidir). 2005-ci ildə isə Ağ Ev rəsmi Dəməşqi Livanın sabiq baş naziri Rafiq Həririnin qətlində günahlandırdı. Bir sözlə, Vaşinqtonda Suriyadakı rejimi dəyişməyə çoxdan arzulayırlar. Nəzərə alsaq ki, ABŞ paytaxtında hakimiyyət dəyişikliyinə dair cızılan planlar son illər ərzində artıq bir neçə dəfə (Panama – 1989, Bosniya – 1995, Yuqoslaviya – 1999, Əfqanıstan – 2001, İraq – 2003, Liviya - 2011) həyata keçib, o zaman Suriyanın çox ciddi dalana dirəndiyini söyləmək olar. Hətta bir çox analitiklər Bəşər Əsəd rejiminin süqutunun zaman söhbəti olduğunu bildirirlər. Qayıdaq Türkiyə ilə İran məsələsinə. İran Əsədi, Türkiyə isə Azad Suriya Ordusunu, faktiki isə ABŞ və NATO üzrə digər müttəfiqlərini dəstəkləyir. Niyə? İslama xidmətə xatir? Ya Quran ayələrini əsas tutaraq? Belə sadəlövh düşünməyə əsasımız yoxdur. Artıq qeyd etdik ki, İran üçün hər bir müttəfiq olduqca dəyərlidir. Elə buna görə də rəsmi Tehranın Əsədin şıltaqlıqlarına göz yummaqdan savayı başqa çıxış yolu yox idi. Əlbəttə ki, dövlətçilik, irançılıq baxımından. Bəşər Əsədin İran qarşısında hansı xidmətlər göstərdiyini sadalamağa ehtiyac yoxdur. Sadəcə 2006-cı ildə "Hizbullah" – İsrail müharibəsində livanlı qruplaşmanın silahla təchizatında oynadığı rolu xatırlamaq yetər. Türkiyə də dövlətçilik maraqlarını prioritet hesab edir. Bir qrup müsəlmanı (hətta bu qrupa minlərlə İslam ardıcılı daxil olsa belə) qətldən xilas etmək naminə ABŞ kimi super-dövlətlə üz-üzə gəlmək? NATO, Avropa Birliyi perspektivlərini sual altına almaq? Rəsmi Ankara bu addımı atmağı lazım bilmədi. Tərəzinin bir gözündə Birləşmiş Ştatlar və müttəfiqləri, regionda nüfuzun artması, kürd probleminin həlli məsələsində irəliləyiş, digərində isə Rusiya və Çin, mümkün hərbi əməliyyatlar zamanı onlarla, bəlkə də yüzlərlə türk hərbçisinin öldürülməsi var idi (bu tərəziyə islamçılıq maraqlarının yüklənməsi, yəqin ki, yersizdir). Hansının daha "ağır" gəldiyi bəllidir.
İkili standart?
Yuxarıda "Deməli siyasətlərinin təməlində İslam dayanıbmış, buna görə müsəlman Suriyaya güzəşt ediblər" tezisini unutmamağı rica etmişdik. İndi xatırlamağın tam zamanıdır. Əslində, bu mövzu dəfələrlə gündəmə gəlib və müzakirə olub: İran-Ermənistan münasibətləri. Heç kimə sirr deyil ki, bu gün torpaqlarımızın 20 faizini işğal edən dövlətlə İSLAM Respublikası çox sıx əməkdaşlıq edir. Sonra da Azərbaycanla İƏT-in toplantılarında bir araya gəlir, müsəlmanların vəhdətindən söz aşır. Bu işbirliyinə müxtəlif səviyyələrdə müxtəlif şərhlər verilir. Məsələn, bu barədə düşünməyi təhtəlşüur səviyyədə özünə haram buyuran məscid əhli olan birisi "Deməli nəsə bir mətləb var ki, Xamneyi ağa belə fitva verib, bizlik deyil" söyləyir. Digərləri "İran daha neyləməlidir? Hər tərəfdən blokadadadır, ermənilərlə də əlaqəni kəssin, məhv olsun?" sualını verirlər. Bir başqaları özümüzdə irad axtarırlar: "Biz İsraillə əməkdaşlıq edirik, İran da bizim açığımıza Ermənistanla". Birinci "dəlilə" münasibət bildirməyərək (zatən, "dəlilin" "möhtəşəmliyi" bunu lüzumsuz edir), İsraillə münasibətləri əllərində bayraq edənlərə "əzizlərim, Azərbaycan dünyəvi, İran isə İslam dövləti olduqlarını bəyan ediblər, Azərbaycanın İsraillə münasibət qurması onun dünyaviliyinə zidd deyil, İranın Ermənistanla qol-boyun olması isə islamçılıqla heç uyuşmur" deyərək, ikincilərə razılaşacağam. Həqiqətən də, çox ciddi iqtisadi sanksiyalarla üz-üzə qalan, maliyyə böhranı yaşayan İran üçün Ermənistan çox lazımdır. Səudiyyə Ərəbistanı və Pakistanın bədnam qonşularımızla bütün əlaqələrini kəsmələri böyük hünər tələb etmir: bu dövlətlərin Ermənistanla heç ümumi sərhədləri də yoxdur və bunu da mifik "İslam vəhdəti"nin təzahürü kimi təqdim etmək gülüncdür! İran isə - başqa məsələ. Yəni, razılaşaq ki, İran məhz dövlətçiliyini, hakimiyyəti qorumaq naminə minlərlə müsəlmanın qətlində günahkar olan bir rejimin əlini sıxır. Özü də sonuncu ifadə bir məcaz deyil. Tehranda yüksək səviyyədə qəbul edilən, iranlı həmkarı ilə qol-boyun olan Ermənistan prezidenti Serj Sarkisyan 1989-1993-cü illərdə qondarma Dağlıq Qarabağ Respublikası özünümüdafiə qüvvələrinin rəhbəri olub. Məhz bu dövrdə hazırda işğalda olan torpaqlarımızı itirmişik, Xocalı, Daşaltı, Mərizli və digər faciələri yaşamışıq. S.Sarkisyan bilavasitə, bir fərd olaraq minlərlə müsəlmanın qətlində, yüzlərlə məscidin dağıdılmasında, tövləyə çevrilməsində günahkardır. Məhz belə bir varlıq ("insan" söylənməsi çətindir) İran İSLAM Respublikasında yüksək səviyyədə qəbul edilir. Bunu qınamaq olarmı? Cənub qonşularımıza irad bildirmək mümkündürmü? Yəqin ki, yox. Çünki bu münasibətlərin təməlində islamçılıq, müsəlmançılıq, peyğəmbər sünnəsi deyil, dövlətçilik dayanıb. Bu gün İranın dövlət maraqları Xocalı və digər faciələrin banisini, minlərlə müsəlmanın qatilini ağuşuna almağı tələb edir. Vəssalam.
P.S. Artıq qeyd etdiyimiz kimi, qarşımıza planetin bütün müsəlman dövlətlərinin siyasətini təhlil etmək məqsədini qoymamışdıq. Amma tam əminliklə söyləyə bilərik ki, istənilən ölkənin siyasətində dövlət maraqlarının İslam maraqlarından üstün olduğunu sübuta yetirmək heç bir problem yaratmır. Bunun doğru və ya səhv olması isə başqa bir mövzudur.
Salam aleyke 1-ci evvela senin işğal olunan torpaqlarinin kökünde kim durub onu araşdır ermenistan ne ölkediki durub hansısa ölkenin torpağınıda işğal elesin 2-ci bele bir mesel var düşmenimin düşmeni menim dostumdu eger bu gun suriya amerika ve israil qabağında durubsa demeli iran onu özüne dost tutur ve qaldıki günahsız müselmanların qetline Azad Suriya Ordusunu silahlandırib ve maliyyeleşdiren qerb ve onun müttefiqleri günahkardı.
3-cü de sizin özunüze sual verirem niye qerb ve onun müttefiqleri Əsədin hakimiyyetden getmeyini isteyirler?
Müəllif: farhad | 19 Noyabr, 2012 23:55| Ответ на #211
Salam aleykum.Diqqet elemek lazimdirki dunyanin hec bir qeyri muselman olkesinde muharibe qetmur.Hazirki dovrde ancaq muselman olkelerinde muharibe olur.Bu onun gostericisidirki bu olkelerin daxilinde yaranan muharibeler eks sivilizasiyalar terefinden suni yolla teshkil olunur,sebebide itkisiz olaraq tebii servetlere yiyelenmek ve islam dunyasin ram edib manqurlashdirmaqdir.Suriya islam dushmenlerinin qarshisinda boyuk maneadir ve dushmenler her novle orada olan ixtishashlarin qizishmasina var qucleri ile sey qosterirler,bununda en asand ve serfeli yolu muselmanlari biri birine qirdirmaq ve hakimiyeti orada olan oz adamlarinin eline kecirmekdir.Artiq muselmanlar bunu bsha dushmeye bashlayiblar.
Mence meqale sadece gosterir ki, butun dovletler ilk novbede oz maraqlarini gozleyir. Imam Zaman gelene qeder de butun ummetin menafeyini temin eden adam gozlemek mumkun deyil
Salam Aleykum
Ustad muselman dovletlerin siyaseti barede meqalenizi oxudum
meqaleniz ziddiyetlidir
duzdur bezi movzularda obyektiv oldugunuza raziyam
ama bezi meqamlarda ise movqeyiniz iranafob ve biraz da islamafoblarin movqeyine oxshayir
mence siz islami siyaset ne demekdir onu bilmirsiz
ona gore bele yazirsiz
hala-haram ve shexsi munasibetlerdeki davranishlarla dovlet munasibetlerindeki ISLAMI Siyaset ferqlidir
Iran dovletinin muxtelif yanlish siyaseti ola biler
ama tenqid terziniz mence dogru deyil
dovlet siyasetindeki halal-haramlarla ferdi munasibetlerden chox ferqlenir
ferd olaraq bizim gundelik namazimiz 17 ruket oldugu halda bu dovlet ucun 17-de ola biler 117 de ola bile