"Birincisi, kimin necə geyinməsinə qərar vermək Putinin işi deyil. Valideynlər uşaqlarını necə geyindirmələrinə özləri qərar verirlər. İkincisi, Rusiyada məktəblinin hicab taxmasını qadağan edən qanun olmadığından, məktəb direktorunun buna mane törətməsinə heç bir hüquqi əsası yoxdur.
Üçüncüsü, Putin öz bəyanatı ilə dünya görüşünün cılızlığını nümayiş etdirdi. O, Avropa ölkələrinin nümunəsinə əsaslanaraq, liberalizmi deyil, hər zaman məhz dini konfessiyaların birliyini əsas götürən Rusiyanın tarixinə hörmətsizlik etdi".
İslam.az-ın verdiyi xəbərə görə, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin məktəblərdə hicab geyinilməsinə münasibət bildirməsini şərh edən Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq və ictimai xadim Heydər Camal SalamNews-un Moskva müxbiri ilə söhbəti zamanı deyib.
H.Camalın sözlərinə görə, Putinin və Avropa liberallarının səyləri 4 min il tarixi olan ibrahimçiliklə müqayisədə heç nədir. Buna səbəb isə, hicabın əcdadlarımız tərəfindən məsləht görülməsidir.
Rusiya İslam Komitəsinin sədrinin fikrincə, bundan sonra kim istəsə hicab taxacaq: “Bura Rusiyadır. Hətta vahid məktəbli geyimi haqqında qanun çıxsa belə, insanlar yenə də hər şeyi istədikləri kimi edəcəklər. Hamı bilir ki, Rusiyanın yaxşı tərəfi burada qanunların icra edilməməsindədir”.