Öz hikmətli kəlamları ilə məşhur olan Loğman bir gün oğluna dedi: “Oğlum! Həmişə Allahın razılığını qazanmaq üçün çalış! Insanların razılığını Allahın razılığına qurban vermə! Məqsədin camaatın gözündə yaxşı görünmək olmasın.
Onsuz da hər nə qədər çalışsan, hamının gözündə yaxşı ola bilməzsən”. Oğlu soruşdu: “Ata, necə ola bilər ki, hamının gözündə yaxşı olmayım? Axı yaxşı adamı hamı sevər, pisi isə heç kim bəyənməz”. Loğman dedi: “Xeyir, oğlum, sən dediyin kimi deyil. Indi sözümün doğruluğunu sənə sübut edərəm”.
Loğman oğluna tapşırdı ki, uzunqulağı çullayıb hazır etsin. Sonra Loğman uzunqulağın tərkinə minib həyətdən çıxdı, oğlu da onun dalınca piyada getməyə başladı. Yolda rastlarına çıxan adamlar onları seyr edib pıçıldaşırdılar: “Gör nə insafsız atadır. Özü heyvanın belində gedir, uşağı isə dalınca piyada gəzdirir”. Loğman uzunqulaqdan enib oğlunu mindirdi, özü qabağa düşüb pay-piyada getməyə başladı. Yenə hər kim onları görürdüsə, deyirdi: “Nə qanacaqsız uşaqdır. Özü uzunqulağın belinə minib, atasını piyada qoyub. Ataya bax ki, uşağın başına ağıl qoymur”. Loğman özü də uzunqulağın tərkinə mindi. Bu dəfə camaatın belə dediyini eşitdilər: “Insafsızlara bax, ikisi də arıq heyvanın belinə miniblər. Yazıq heyvan bu yükü necə çəksin?”. Axırda Loğman uzunqulağın tərkindən endi, oğluna da enməyi tapşırdı. Hər ikisi uzunqulağın noxtasından tutub piyada yola düşdülər. Amma yenə rastlarına çıxan hər kəsin onları məzəmmət etdiyini eşitdilər: “Nə ağılsız adamlardır. Heyvan bəs nəyə lazımdır? Yəqin simiclikdən uzunqulağa minmirlər”.
Loğman üzünü oğluna tutub dedi: “Gördünmü? Başqa əməllər də bu cürdür. Hər nə etsən də, hamını razı sala bilməyəcəksən. Mütləq səni bəyənməyən, sənə rişxənd edən tapılacaq”.