Rusiyanın Stavropol vilayətinin Qara-Tübe kəndində müsəlman şagird qızlara məktəbə hicabla getməyə qadağa qoyulub.
İslam.az-ın “İnterfaks”a istinadla verdiyi xəbərə görə, valideynlər prokurorluğa şikayətlə müraciət ediblər və hazırda araşdırma aparılır. Məsələyə 30 gün ərzində aydınlıq gətirilməlidir.
Rusiyanın Təhsil və Elm Nazirliyində məktəb rəhbərliyinin qanunların tələblərini pozmadığını desələr də, Rusiya prezidenti yanında uşaq haqları üzrə səlahiyyətli nümayəndə Pavel Astaxov fərqli düşünür. O bildirib ki, sözügedən məsələdə “məktəb rəhbərliyi aşkar olaraq səlahiyyətlərini aşıb”.
“Şagirdlərin xarici görünüşünə dair hansısa ümumi tələblər qoyulmayıb və qız şagirdlərin başlarına yaylıq bağlaması heç də ədəbsiz atribut sayıla bilməz”, - P.Astaxov deyib.
Ombudsmrn nümunə olaraq ABŞ-ı göstərib. Onun sözlərinə görə, bu ölkədə “məktəblərdə hicab taxılması heç kimin ənənəsini və mədəniyyətini təhqir etmir”.
P.Astaxov sözügedən məktəb rəhbərliyinə açıq dərs təşkil etmək təklifini irəli sürüb: “Bu dərsdə müsəlman şagirdlər sinif yoldaşlarına dinləri haqqında məlumat vermək imkanı əldə edəcəklər”.