İmam Rzanin (ə) mövlud günü ilə əlaqədar, Onun həyatından bir hadisə - Abbasilərə vəliəhdlik məsələsi barədə qısa yazı təqdim edirik.
Abbasi xəlifəsi Məmun hakimiyyətinin lap əvvəllərində güclü qiyamlarla qarşılaşdı. Əl-Cəzirə vilayətində Nəsr ibn Şibs qiyamının miqyası xəlifəni dəhşətə gətirirdi. Xalq arasında böyük hörmətə malik olan Bəni-Haşim seyyidlərinin qatıldığı Əbus-Səraya qiyamı xilafət üçün bundan daha artıq təhlükəli idi.
Belə bir şəraitdə Məmun Əhli-beyt tərəfdarlarını sakitləşdirmək üçün ustalıqla düşünülmüş bir addım atdı. Müvəqqəti sabitlik yaratmaq naminə Həzrət Imam Rzanın (ə) nüfuzundan yararlanmaq Məmuna öz işlərini yoluna qoymaq üçün fürsət verəcəkdi. Hicri 200-cü ildə (miladi 815-816) Məmun Imam Rzanı (ə) Mədinədən Xorasana – öz iqamətgahı olan Mərv şəhərinə gətizdirməyi əmr etdi.
Həzrət Rza (ə) Məmunun göndərdiyi şəxslərin əhatəsində Bəsrə, Bağdad, Qum, Nişabur və sair şəhərlərdən keçib Mərvə gəldi. Burada Məmun öz məqsədini Ona açıb söylədi. Sən demə, Məmun xilafəti o həzrətə təhvil vermək və özü hakimiyyətdən uzaqlaşmaq niyyətində imiş! Imam xəlifənin qeyri-səmimi danışdığını və məkrli bir plan arxasında gizlənmək istədiyini duydu. O həzrət başa düşürdü ki, taxt-tac uğrunda qardaşı Əmini öldürməyə fərman vermiş, onun kəsik başını saray meydanında nümayişə qoydurmuş və bütün ordu üzvlərindən bu başa lənət oxumalarını tələb etmiş bir şəxs könüllü surətdə hakimiyyətdən uzaqlaşa bilməz. Buna görə Imam Rza (ə) xəlifəliyi qəbul etməkdən qəti surətdə boyun qaçırdı. Axırda Məmun heç olmazsa vəliəhdliyi qəbul etməsini o həzrətin qarşısına tələb kimi qoydu.
Məmun Imam Rzanı (ə) vəliəhd elan etməkdə bir neçə məqsəd güdürdü. Əvvəla,o həzrəti yüksək dövlət məqamına əyləşdirməklə xilafət ərazisində baş qaldırmış Əhli-beyt təmayüllü üsyanları zərərsizləşdirmək mümkün olacaqdı. Məmun bu addımı atmaqla üsyançıların bəhanəsini kəsmək və onları sakitləşdirmək istəyirdi. Həqiqətən, Imam Rza (ə) vəliəhd olduqdan sonra Əhli-beytin haqqının qəsb olunması barədə iddialar öz qüvvəsini itirəcəkdi.
Ikincisi, Imam Rza (ə) siyasi hakimiyyətə gətirildikdən sonra istər-istəməz ölkədə baş verən ədalətsizliklərə cavabdehlik daşıyacaq, hakim rejimin nəinki sıravi nümayəndəsi, hətta başçısı olaraq ümumxalq nifrətini qazanacaqdı. O həzrətə hakimiyyət hərisi, dünya malına aldanmış bir şəxs kimi baxacaqdılar. Məmuna da elə bu lazım idi. Ən böyük rəqibi olan Imam Rzanın (ə) nüfuzunu aşağı salmaq onun maraqlarının başında dururdu.
Üçüncüsü, Imam Rza (ə) Mərvə gətirilərək yüksək dövlət məqamına təyin edilməklə, daim Məmunun nəzarəti altında qalacaq, hər növ sərbəst fəaliyyət imkanından məhrum olacaqdı.
Öz məramına nail olmaq üçün Məmun heç nədən çəkinmirdi. Xoşluqla Imamı vəliəhdliyə razı sala bilməyən xəlifə o həzrəti ölümlə təhdid etdi. Imam Rza (ə) məcburiyyət qarşısında qalıb son dərəcə ikrahla və müəyyən şərtlər daxilində vəliəhdliyi qəbul etməyə razılıq verdi. Imamın şərtləri bundan ibarət idi ki, vəliəhd olduqdan sonra heç bir mühüm qərarın qəbul edilməsində iştirak etməyəcək, dövlət vəzifələrinə təyin olunma və vəzifədən azad edilmə fərmanlarına imza atmayacaq, xilafət ərazisində aparılan heç bir islahata qarışmayacaq. Məmun bu şərtlərlə razılaşmalı oldu.
Hicri 201-ci ilin ramazan ayında (miladi 817, mart) Mərv şəhərində Imam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun əmri ilə bütün saray əyanları, xilafətin adlı-sanlı şəxsləri, alimlər və qoşun başçıları o həzrəti vəliəhd kimi tanıdıqlarını elan etdilər. Imama beyət edən ilk şəxs Məmunun oğlu Abbas oldu.
Imamla “bağlılığını” daha da möhkəmlətmək üçün, Məmun öz qızı Ümmi-Həbibəni o həzrətə ərə verdi. Bu qohumluq əlaqəsini yaratmaqda Məmunun məqsədi bu idi ki, qızı ilə Imam Rzanın (ə) övladı doğulsun və Məmun özündən sonra hakimiyyəti ona buraxsın. Bu uşaq bir tərəfdən Abbasilərə, digər tərəfdən imamət sülaləsinə mənsub olacağı üçün hər iki tərəf onun hakimiyyəti ilə razılaşacaqdı. Lakin Məmunun bu arzusu ürəyində qaldı. Imam Rza (ə) ilə Ümmi-Həbibənin izdivacından heç bir övlad dünyaya gəlmədi.
Məmunun bütün israrlarına rəğmən Imam Rza (ə) əvvəldə bağladığı şərtə sadiq qalaraq hökumət işlərinə qarışmır və bütün hərəkətləri ilə zalım hakimiyyətdə yalnız tamaşaçı qismində təmsil olunduğunu nümayiş etdirirdi. Xəlifənin gözlədiyinin əksinə olaraq Imam Rzanın (ə) nüfuzu nəinki azalmır, hətta durmadan artırdı.
Məmun Imamın hörmət və məhəbbətini ürəklərdən silmək üçün o həzrəti müxtəlif çətin elmi mübahisələrə çağırmağa və alimlərlə üzləşdirməyə başladı. Sarayda tez-tez təşkil olunan məclislərə istər müsəlman alimləri, istərsə də yəhudi, məsihi, atəşpərəst, dəhri (materialist) əqidəli elm adamları dəvət olunur və Imam Rza (ə) ilə onlar arasında sual-cavab aparılırdı. Bu yolla Məmun Imam Rzanın (ə) elmi suallar qarşısında aciz qalacağını və məğlub olub gözdən düşəcəyini güman edirdi. Lakin bu tədbirlər də bir nəticə vermədi. Həzrət Rza (ə) hər dəstənin nümayəndələri ilə onların öz əqidə və metodları əsasında mübahisə edərək səhvlərini açır və haqq olan Islam əqidəsinin düzgünlüyünü sübuta yetirirdi. Sarayda qurulan bütün elmi müzakirə məclisləri Imamın mütləq qələbəsi ilə başa çatırdı. Qarşı tərəfi təmsil edən alimlər o həzrətin tutarlı sübutları qarşısında aciz qalır və məğlubiyyətlərini etiraf edirdilər.
Aşağıda xatırlanan bir rəvayət deyilənləri sübuta yetirmək üçün kifayət edər: Əhməd ibn Əli Ənsari Imam Rzanın (ə) səhabələrindən olan Əbus-Səlt Hərəvidən soruşur: “Necə ola bilər ki, Məmun Imam Rzaya (ə) bu qədər ehtiram göstərdiyi və özünə vəliəhd təyin etdiyi halda, onu zəhərlədib şəhadətə çatdırmış olsun?”. Əbus-Səlt ona belə cavab verir: “Məmun Imam Rzanın (ə) fəzilət və böyüklüyünü görüb onu bu məqsədlə özünə vəliəhd təyin etdi ki, camaat o həzrətin dünyapərəst olduğunu düşünsün və həzrətin məhəbbəti ürəklərdən silinsin. Lakin Imamın hərəkətlərində bu cür təmayüllər görünmədiyi üçün insanların gözündə daha da ucaldı və möhtərəm oldu. Onda Məmun müxtəlif şəhərlərdən kəlam və fəlsəfə alimlərini saraya topladı ki, elmi mübahisələr zamanı onlardan heç olmazsa biri Imama qalib gəlsin və Imam alimlər arasında nüfuzunu itirsin; sonra da Imamın məğlubiyyət xəbəri həmin alimlər tərəfindən camaat arasında yayılsın. Lakin Imamla mübahisəyə girişən həm yəhudi, nəsrani, atəşpərəst, sabii, hindi, dəhri filosofların, həm də müxtəlif Islam cərəyanlarına mənsub alimlərin hamısı o həzrətin hüzurunda məğlub oldular və öz əqidələrinə uyğun şəkildə Imamın gətirdiyi dəlillər qarşısında aciz qaldılar. Onda camaat belə deməyə başladı: “Vallahi, o həzrət xilafətə Məmundan daha layiqdir”. Xəbərçilər xəlifəni bundan xəbərdar etdilər və Məmunun Imama qarşı həsədi lap şiddətləndi. Imam Rza (ə) da Məmunun hüzurunda haqqı söyləməkdən çəkinmir və xəlifənin xoşuna gölməyən fikirlərini gizlətmirdi. Bütün bunlar Məmunun Imama qarşı kin və qəzəbini artırırdı. Yönəltdiyi hiylələrin nəticə vermədiyini görən Məmun axırda o həzrəti gizli şəkildə zəhərlədi” (Şeyx Səduq. Üyunü əxbarir-Rza, II, 241).