Bu gün, Şəvval ayının 25-də, müsəlmanların 6-cı imamı – Cəfər Sadiqin (ə) şəhadət günüdür.
Imam 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi yaratmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə) həyatı "İslam elmə qarşıdır" kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.
İmam Cəfər Sadiq (ə) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir.
İmam Cəfər Sadiq (ə) hicri 148-ci ildə Şəvval ayının 25-də Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.