Üzr istəməyimiz üçün bir səbəb yoxdur. İsrail dövlət olaraq üzr istəsə, mən istefaya gedəcəm.
SalamNews-un “Vatan”a istinadla verdiyi xəbərə görə, bunu İsrailin xarici işlər naziri Aviqdor Lieberman bəyan edib.
Liberman "Mavi Mərmərə" hücumundan sonra ilk dəfə türk jurnalistlər ilə görüşüb. Problemlərin fərqli yollarla həll edilə biləcəyini qeyd edən nazir deyib: “Türkiyə ilə əlaqələrimiz çox maraqlı bir mərhələdədir. Problemin həlli türk tərəfinə bağlıdır. Türkiyə ilə anlaşılmazlıqlar bu hökumət dövründə başlamadı. Bizim hökumət qurulmazdan əvvəl baş nazir Ərdoğan Davosdakı iclasda Şimon Peresə qarşı çıxdı. Əlaqələrin bu vəziyyətə düşməsi Ərdoğan və Davudoğlunun Türkiyənin İslam dünyasının lideri olması üçün qəbul etdikləri strateji bir qərardır. Buna nail olmağın ən yaxşı yolu, İsrail ilə qarşı-qarşıya gəlməkdir. Ərdoğan yalnız təxribatla məşğul deyil, o həm də İsraili təhqir edir. Bütün bu ifadələrə qarşı, lazımsız yerə gərginliyi artırmamaq üçün sükutu qoruyuruq. Səmimi danışmaq lazımdırsa, üzr istəməyimiz üçün bir səbəb görə bilmirəm. "Türkiyə tamamilə haqlı, İsrail tamamilə haqsızdır" demək doğru deyil. İsrail nə tam olaraq haqlıdır, nə də haqsız. Üzr istənəcəyi təqdirdə istefa etməyə hazır olduğumu söylədim və üzr istəmənin qətiliklə qəbul edilə bilməz olduğunu dedim. Məncə, iki ölkə arasında üzrdən əvvəl həll edilməsi lazım olan çox sayda problem var. Məsələn, İran problemi, Qəzza, HƏMAS-ın dəstəklənməsi. Məncə, üzr, sadəcə bir bəhanədir”.