Rəsuli-əkrəm (s) buyurur: Sədəqə öz sahibinin əlindən çıxan zaman (yəni kasıblara verilərkən) ona deyər: Fani idim, mənə varlıq bağışladın, kiçik idim, məni böyütdün, düşmən idim, məni dost etdin, indiyə qədər sən məni qoruyurdun, indi isə qiyamətə qədər mən səni qoruyacağam.
İmam Əmirəl-möminin Əli əleyhissalam buyurur: Həqiqətən Allah-taala fəqir və kasıbların ehtiyaclarını, xərclərini varlıların sərvətində qoymuşdur. Deməli, bir fəqir ac qalarsa, bu hansısa bir sərvətlinin onun haqqını verməkdən imtina etməsi səbəbi ilə olmuşdur.
Rəsuli-əkrəm (s) buyurur: Sədəqə verin və öz xəstələrinizi sədəqə vasitəsilə müalicə edin. Çünki sədəqə xoşa gəlməz hadisələri və xəstəlikləri dəf edir, ömrün uzanmasına, mal-dövlətin artmasına səbəb olur.
Tavus ibni Yəman deyir: Əli ibni Hüseyn əleyhissalam buyurdu: Mö`minin beş nişanəsi vardır. Dedim: Hansılardır, ey Peyğəmbər övladı? Buyurdu: Xəlvətdə təqvalı olmaq, mal-dövləti az olarkən sədəqə vermək, müsibət baş verərkən səbr etmək, qəzəblənərkən həlim olmaq və qorxarkən düz danışmaq.