Suriya Prezidenti Bəşər Əsəd “Cumhuriyyet” qəzetinə müsahibə verib.
SalamNews-un “Hürriyet”ə istinadla verdiyi xəbərə görə, Əsəd bu yaxınlara qədər dost olduğu Türkiyənin Baş naziri Ərdoğan ilə münasibətlərinin korlanmasının səbəblərini izah edib.
- Siz və baş nazir Ərdoğan çox yaxın idiniz, hətta ailəvi istirahət edirdiniz. Necə oldu ki, hər şey bu vəziyyətə gəldi?
- Bunu anlamaq üçün bu sualı vermək lazımdır: kim dəyişdi? Mən, yoxsa o? Bölgəmizdə baş verən dəyişikliyə baxaraq bəzi nəticələr çıxara bilərsiniz. Məsələn, ətrafımızdakı ölkələrə nəzər salın. Suriyanın İran, İraq və Livan ilə əlaqələrində bu müddət ərzində heç bir dəyişiklik olmadı. İndi başqa tərəfdən nəzər yetirin. Türkiyənin İran, İraq, Livan və İordaniya ilə əlaqələrinə baxıb özünüz nəticə çıxara bilərsiniz. Bütün bu ölkələrlə Ankaranın münasibətləri korlanıb. Deməli, dəyişən Ərdoğandır.
"Necə oldu" məsələsinə gəlincə: Ərdoğan bizimlə ünsiyyətdə dostluq və qardaşlıq münasibətləri çərçivəsindən çıxaraq daxili işlərimizə qarışmağa başladı. Halbuki, biz suveren bir dövlətik. Özünə hörmət edən bir dövlətik. Heç bir şəkildə onların bizim daxili işlərimizə müdaxilə etməsinə imkan vermərik. Insanlarımızı öldürən terrorçular Türkiyə tərəfindən dəstəklənir.
Təbii ki, bir də baş nazirin fərdi xüsusiyyətləri də rol oynayır. Bunu demək məcburiyyətindəyəm: o, açıqlamalarında bütün etik normaları aşır.
- Baş nazir son açıqlamasında ona verdiyiniz vədləri yerinə yetirmədiyinizi söyləyib. O nə istədi? Siz nə söz verdiniz?
- Bu sözləri onun daxili işlərimizə müdaxilə etdiyinin bir sübutudur. O mənə bəzi suallar, tövsiyələr verirdi. Mən də hadisələrə bağlı öz fikirlərimi bildirirdim. Söhbət edirdik. Bizə islahat aparmağı tövsiyə edirdi. Amma mən onsuz da onunla danışdıqlarımı xalqımla bölüşürdüm. Suriyada hadisələrin başladığı martın 15-dən 6 gün sonra islahatlar məsələsində əhəmiyyətli addımlar atmağa başladıq. İndi Ərdoğandan gedib soruşsanız, yenə "islahat" deyəcək. Halbuki, əgər səmimi olsa, bu gün dediklərini 2004-cü ildəki görüşlərimizdə də deyərdi. İndi bu qədər islahatlardan bəhs edir. Amma niyə 2004-cü ildə bu mövzuya toxunmurdu? Burada ikili standart, ikiüzlülük var.
- Türkiyədə baş nazirə "onsuz da Əsəd ilə yaxın münasibətlər bir səhv idi” deyənlər var. Siz də Ərdoğan ilə əlaqənizi bir səhv olaraq görürsünüz?
- Mən Ərdoğanla yaxın münasibətlərim olduğu qənaətində deyiləm. Strateji əlaqəmi türk xalqı ilə qurdum. O qərarı verərkən də Ərdoğan iqtidarda belə deyildi. Dostluğu 2000-ci ildə Əhməd Necdət Sezər ilə başladıq. Sonra Sezer, bütün xarici təzyiqlərə baxmayaraq, Suriyaya gəldiyində əlaqələr daha da yaxşılaşdı. Ərdoğan ilə əlaqələr bundan sonra quruldu. Ərdoğan bir gün gedəcək, amma türk xalqı ilə əlaqəmiz sonsuza qədər davam edəcək.
- Belə çıxır ki, Ərdoğan dəyişdi? Nə idi dəyişən?
- Əslində, Ərdoğandan çox, şərtlər dəyişdi. Bu yeni şərtlər Ərdoğanın həqiqi üzünü ortaya çıxardı. Bunu nümunələrlə izah edim. İsrail Qəzzaya hücum edəndə Ərdoğanın mövqeyini hamımız bilirik. Ancaq bənzər hücumu İsrail 2006-cı ildə Livana etdiyində Ərdoğan eyni tonda reaksiya göstərmədi. Halbuki, həm Qəzza, həm də Livandakılar birgə düşmən olan İsrailə qarşı döyüşürdü. İsrail iki tərəfdə də az qala bərabər sayda, təxminən 1600 adam öldürdü. Niyə məsələ HƏMAS-a aid olanda Qəzzaya sahib çıxır, qışqırıb çağırır, ancaq söhbət "Hizbullah"dan, Livandan gedəndə heç səsini çıxarmırdı?
- Sizcə niyə?
- Hərəkət edərkən məzhəb mənsubiyyətini rəhbər tutduğu üçün, səbəbi budur. Çünki HƏMAS ilə "Hizbullah" arasında məzhəb fərqliliyi var. Məsələn, ikiüzlü şəkildə Suriya xalqı üçün ağlayır, ancaq niyə Körfəz ölkələrində öldürülənlər üçün ağlamır? Ölkələrdəki demokratiya problemlərinə niyə müdaxilə etmir?
- Hansı ölkələrdən bəhs edirsiniz?
- Aralarında Qətərin də olduğu bəzi Körfəz ölkələrindən.