Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali İmran, 164)
Rəcəb ayının 27-si İslamda müqəddəs bir gündür. Bir
nəzəriyyəyə görə həmin gün Peyğəmbərin Meracı – bir gecədə Məkkədən Qüdsə,
oradan Allahın dərgahına və geriyə gətirilməsi günüdür. Bu barədə biz bir neçə
gün əvvəl məqalələrdən birində yazmışdıq. Bu nəzəriyyə əsasən əhli sünnə mənbələrində
qeyd olunur. Lakin İmamlardan gələn rəvayətlərə əsaslanan və şiələrin üstün
bildiyi digər nəzəriyyəyə görə 27 Rəcəb günü Məbəs – Hz. Muhəmmədə (s) ilk ayələrin
nazil olduğu və Onun Peyğəmbərliyə seçildiyi gündür.
Başqa
sözlə desək, “məbəs günü” İslamın zühur etdiyi gündür. İlahi vəhy, Qurani-Kərim
həmin gündən etibarən Peyğəmbərə (s) nazil olmuşdur. Besətdən əvvəlki dövr
olduqca qaranlıq, insanları küfr və azğınlıq içində idi. Həmin dövr, İslam
tarixində “Cahiliyyə dövrü” adlanır. Allah Mütəalın insanlar içindən seçdiyi
İlahi elçilərin-Peyğəmbərlərin buyuruqları, insanların hidayətindən ötrü
gətirdikləri kitab və hikmət, sonradan unudulmuş, təhrifə məruz qalmışdı. Həmin
dövrdə insanların Peyğəmbərlərdən üz çevirmələri, onların öz nəfsani istək və
arzularına boyun əymələrinə və bu istək və arzulardan doğan fəsadlarla
üzləşmələrinə səbəb olmuşdu.
Həzrət
Əli (ə) “cahiliyyə dövrü”nü belə bəyan edir: “Allah-Təala Peyğəmbərlərdən heç
birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq
zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri (s)
Peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş,
müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın
nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən
bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv
olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı...” (“Nəhcul-Bəlağə”)
Pərvərdigari-aləm öz nurunu tamamladı, aləmlərə rəhmət nazil oldu. Bütpərəst
toplumun eybəcərliklərindən xoşlanmayan və ibadət vaxtı Hira mağarasına pənah
aparan Həzrət Muhəmməd (s), bir gün həmin mağaradan Peyğəmbər olaraq qayıtdı. Qədəm qoyduğu hər torpağı rəhmət bürüdü.
Mütəal
Allah, Peyğəmbərinin timsalında öz rəhmətini bəşəriyyətin üzərinə yaydı. Rəhmət
Peyğəmbəri olaraq göndərildi Həzrət Muhəmməd (s). “Ənbiya” surəsinin 107-ci
ayəsində Allah-Təala öz Peyğəmbərinə “Biz səni aləmlərə ancaq bir rəhmət olaraq
göndərdik” buyurur. Qurani-Kərimin müxtəlif ayələrində keçmiş qövmlərin öz
Peyğəmbərlərinə iman gətirmədikləri üçün, həlakətə düçar olmalarından bəhs
edilmişdir. Məsələn, əzəmət sahibi, Peyğəmbərlərdən olan Həzrət Nuh (ə) islah
olmayan bütpərəst qövmün düşmənçilik və azğınlıqlarına görə onlara nifrin
edərək Rəbbinə belə demişdi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq,
ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər” (Nuh 26, 27) Allah Nuhun
duasını qəbul edərək zalım qövmü tufanda boğdu.
Ad qövmü
Hud Peyğəmbərə (ə) iman gətirmir, Onun yalançı olduğunu düşünürdülər. Hud
onlara belə demişdi: “Ey camaat, doğrudan da siz Nuhun tayfası kimi küfr və
naşükürlükdə həddi aşmısınız. Siz Nuhun tayfası kimi qarğışa layiqsiniz. Mən də
gərək sizə qarğış edim.” Ad qövmü də beləcə əzaba düçar oldu, Sərsər və Əqim
küləklərində məhv olub aradan getdilər. Bir başqa yerdə Qurani-Kərim Saleh
Peyğəmbərin qövmündən bəhs edir. Həmin qövm Səmud qövmü idi və Saleh
Peyğəmbərin dəvəsini öldürdükdən sonra, Özünü də öldürmək qərarına gəldilər.
Onlara yetişən zəliledici əzab haqqında Quranda belə buyurulmuşdur: “Səmud
qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü)
doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların
ucbatından zəliledici ildırım əzabı yaxaladı.” (Fussilət 17) Lut Peyğəmbər,
qövmünə əzab vermək üçün gələn Cəbrailə “İndi ki, bu qövmə əzab etmək üçün
gəlmisiniz, elə isə tələsin hər nə qədər bilirsinizsə tez onları həlak edin”
demişdir. Nəhayət, əzab Lutun günahkar qövmünə də yetişdi. Mələklər şəhəri
viran etdilər, göydən daşlar yağmağa başladı və o camaatdan heç bir əsər-əlamət
qalmadı. Şuəyb Peyğəmbərin qövmünü isə, Allah-Təala zəlzələ və yandırıcı kölgə
ilə həlak etmişdi. (Allahın salamı olsun Peyğəmbərlərin üzərinə!)
Lakin,
İslam Peyğəmbərinin həyatına və Quranın bəzi ayələrinə diqqət etdikdə görür ki,
Peyğəmbərə qarşı düşmənçilik edənlərin çirkin əməlləri Həzrət Peyğəmbəri
kədərləndirir və narahat edirdi. Həzrət bundan ötrü onların halına yanır, İlahi
əzabın onlara yetişməsini, onların da keçmiş ümmətlər kimi həlak olmasını
istəmirdi. Günahkar camaatı tərbiyə və təzkiyə etməklə yanaşı, həm də, Allahdan
onların hidayətini diləyir, islah olunmalarından ötrü dua edirdi.
Qurani-Kərim
Peyğəmbərin bu narahatçılığı haqqında nelə buyurur: “(Ya Rəsulum!) Yoxsa
(kafirlər) bu Qurana inanmasalar, (səndən üz döndərib getdiklərinə görə)
arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (Kəhf 6) Həmçinin buyurulur:
“(Ey ümmətim!) Sizə özünüzdən bir Peyğəmbər gəldi ki, sizin əziyyətə
(məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən)
ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Tövbə, 128)” Həzrət
Peyğəmbər daim ümmətinin barəsində düşünürdü, həmişə qüssəli idi və fikri
məşğul olardı. Yumşaq xasiyyətli idi, kobudluq və qəlizliyə yol verməzdi. Ancaq
Allah yolunda qəzəblənərdi. “Muhəmməd (s) Allahın Peyğəmbəridir. Onunla
birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında)
isə mərhəmətlidirlər...” (Fəth 29) Həzrətin (s) rəftarı haqqında nəql
edilmişdir ki, xoş rəftarlı olduğu üçün, Onu görənlər özlərini Həzrətin (s)
nəzərində ən əziz insanlar olduğunu düşünürdülər. Günaha yol vermiş insanlarla
şirin dillə danışır, tutarlı dəlillərlə onları razı salmağa çalışır, beləliklə
də qəlblərində İslama rəğbət və məhəbbət oyadırdı.
İslam
ordusuna cihad əmri verdikdə, ordularla birlikdə qoşun başçısına belə moizə
edərdi: “Allahın adı ilə gedin, Allah və Onun Peyğəmbərinin dini uğrunda cihad
edin! Hiylə etməyin, qənimətləri oğurlamayın, kafirləri öldürdükdən sonra,
gözlərini, qulaqlarını, bədən üzvlərini kəsməyin, qocaları, uşaqları,
qadınları, rahibləri, yollarını azanları öldürməyin, Ağacları kökündən
kəsməyin, xurmalıqları, əkin sahələrini, otlaqları yandırmayın, müşriklərin
suyunu zəhərləməyin və heç vaxt hiyləyə əl atmayın.”
Allah-Təala
İslam Peyğəmbəri Həzrət Muhəmmədi (s) sonuncu Peyğəmbər olaraq göndərdi və O
həzrətin (s) gətirdiyi dini və kitabı, səmavi dinlərin və kitabların sonuncusu
qərar verdi. Bu din və kitab hidayət üçündür və yalnız bu dinə və Qurana
sarılanların rəhmətdən payı vardır. Çünki, artıq Həzrət Muhəmməddən (s) sonra
bir Peyğəmbər gəlməyəcək, İslam və Qurandan sonra hidayət edən, yol göstərən, qaranlıqlardan
nura çıxaran, bir din və hikmət enməyəcəkdir. İslam dini kamil dindir və bütün
sualların cavabını bu dində tapmaq mümkündür. İslam dini bütün dövrlər üçün,
bütün millətlər, xalqlar üçün göndərilmişdir, Qiyamət gününə qədər qüvvədədir.
Məbəs gününün
əməlləri.
Bu il Məbəs günü 18 iyuna təsadüf edir. Məbəs günü
aşağıdakı əməlləri etmək tövsiyə olunur:
1. Qüsl vermək.
2. Oruc tutmaq (70 il orucun savabı vardır)
3. Çoxlu salavat demək.
4. 6 ədəd iki rükətli namaz qılıb, bitirdikdən sonra 4 dəfə Fatihə, Fələq
və Nas surələrin oxuyub sonra bu duanı 4 dəfə demək -“La ilahə illəllahu vəllahu əkbər və subhanəllahi
vəlhəmdulillahi və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim, Allahu
Allahu Rəbbi la uşriku bihi şəy'a, La uşriku bi Rəbbi əhəda”
(Bu əməllər müstəhəbdir və
insan gücü çatanları edə bilər, hamisini etmək vacib deyil)