Səhabələrdən Ənəs ibn Malikin rəvayət etdiyinə görə, Hz. Peyğəmbər (s.ə.s.) Mədinəyə hicrət etdiyi zaman mədinəlilərin oynayıb əyləndikləri iki günləri var idi. Rəsulullah bunları görəndə "Bu iki günün mahiyyəti nədir?" deyə soruşur. Mədinəlilər deyirlər ki, biz cahiliyyət dövründə bu iki gündə oyunlar oynayardıq. Bunun cavabında Hz. Peyğəmbər buyurur: "Allah o iki günün əvəzində sizə daha xeyirli iki gün vermişdir. Bunlar Qurban və Ramazan bayramlarıdır" (Əbu Davud).
Əziz müsəlmanlar!
Bildiyimiz kimi, qarşıdan ilin son günü gəlir. Məhz həmin gün, yəni dekabr ayının 31-ci günü dünyanın demək olar ki, hər bir yerində bayram günü kimi qeyd ediləcək. Bəzi yerlərdə Milad bayramı, bəzi yerlərdə isə Yeni il bayramı kimi qeyd olunacaq bu gün, bu təqvimdən istifadə etdiyimizə görə, elə bizim özümüz üçün də təqvim ilimizin bitməsi günü kimi yadda qalacaq.
Sirr deyil ki, ölkəmizin müsəlman əhalisi həmin günü Milad bayramı deyil, Yeni il bayramı adı altında qeyd edirlər (İsa Məsihin mövlud gününün əslində həmin tarixə təsadüf etmədiyi və həmin hadisənin üstündən 2007 il keçmədiyi barəsində başqa bir yazımızda yazmışdıq). Şəhərdə artıq neçə gündür ki, hər yerdə bayram əhval-ruhiyyəsi sezilir. Hər bir tərəfdə bayramın gəlişi hiss olunur. Bəzədilmiş şam ağaclarını (qeyd edək ki, bu ideyanın əsası Martin Lüter tərəfindən qoyulub) hər yerdə, hətta kiçik dükanlarda belə görmək olar. "Şaxta baba" və "Qar qız" qiyafəsində gəzərək şəkil çəkdirmək təklif eləyənlər isə az qala ayağa dolaşırlar.
Bu dəfə də Yeni İl bayramı yaxınlaşdıqca bayram haqqında müxtəlif fikirlər səslənməyə başladı. Bəziləri bunu normal qəbul etdiyi halda, bəziləri daha radikal davranaraq bu bayramın dinimizə zidd olduğunu, adət-ənənəmizlə uyuşmadığını bildirməyə başladılar. Buna sübut kimi isə onun Qərbdən gəldiyini və xristianlığın inancını əks etdirdiyini göstərirlər. Hətta bəzən daha da ifrata vararaq Yeni İli qeyd edənin Allaha şərik qoşmuş olduğunu, İslamdan çıxdığını, Şaxta baba və Qar qızın isə İslama tamamilə zidd olduğunu söyləyirlər.
Əziz qardaşlar!
Biz burada Yeni il bayramını tənqid etmək fikrindən uzağıq. Lakin bayramqabağı şəhərdə müşahidə olunan bu təmtərağı, bu hazırlığı görəndə düşünürük ki, Allahın təyin etdiyi iki bayramı – Qurban və Ramazan bayramlarını da belə sevinclə qeyd etməliyik. Çünki bu iki bayram mahiyyət etibarilə insanlara daha çox sevinc bəxş edir (Qurban bayramında yardımlaşmanın bəxş etdiyi sevinc, Ramazan bayramında isə günahların bağışlanması ilə bağlı Allahın verdiyi vədin yaratdığı sevinc).
Burada başqa bir şeyə də diqqət çəkmək istərdik. Bildiyimiz kimi, 31 dekabr başqa bir cəhətdən də əlamətdardır. Bu isə həmin günün Yeni il bayramından başqa həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsidir. Təsadüfi deyil ki, artıq rəsmi təbriklərdə Həmrəylik Günü Yeni il bayramından əvvəl qeyd edilir. Bu günün bu cür milli xüsusiyyətlərlə önə çəkilməsi çox sevindirici haldır. Hər halda, gecə saat on ikini həsrətlə gözləyib, saat on ikini vuranda isə şampan şərabı ilə dolu bakalları bir-birinə vurmaqdansa, bir millət olaraq milli həmrəyliyimiz yolunda hər hansı bir kampaniyada iştirak etmək daha məqsədəuyğun olardı.
Əziz möminlər!
Biz demirik ki, Yeni il bayramını qeyd etməyək. İndiki halda bu heç mümkün də deyil. Sadəcə istərdik ki, bu bayramı ilin dəyişməsi münasibətilə qeyd etdiyimizi unutmayaq, bu işdə ifrata varmayaq. Milli mentalitetimizə, adət-ənənəmizə və dinimizə zidd şeylərdən uzaq duraq. Hər bir işdə olduğu kimi, bu işdə də Qərbə oxşamağa çalışmayaq. Unutmayaq ki, Qərbdə Yeni ili yox, Milad bayramını qeyd edirlər.