Dünən ölkə dindarları Avropa mətbuatında həzrəti Məhəmməd peyğəmbərin (s)karikaturalarının yayılmasına etiraz olaraq Füzuli meydanının yaxınlığında aksiya keçirməyə cəhd göstəriblər. Etiraz aksiyasında təxminən 200 nəfər iştirak edib. Həmin əraziyə gətirilən polislər aksiyanın qarşısını alıblar. Kiçik insidentlərə baxmayaraq, aksiya iştirakçıları ilə polis əməkdaşları arasında razılıq əldə olunub. Razılığa əsasən aksiyanın təşkilatçıları qərara gəliblər ki, Bakı Şəhər İcra Hakimiyyətindən rəsmi icazə aldıqdan sonra mitinq keçirsinlər. Bundan sonra dindarlar aksiyanın bəyanatını oxuyaraq dağılıblar. Bəyantda Xarici İşlər Nazirliyindən tələb olunur ki, Məhəmməd peyğəmbərin (s) karikaturalarının çap olunduğu ölkələrə Azərbaycan rəsmi şəkildə öz etirazını bildirsin.
Qeyd edək ki, dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlunun təşkilatçılığı ilə "İslamofobiyaya yox" adı altında forum da keçirilib. Foruma əllərində müxtəlif şüarlar yazılmış plakatlar tutan dindarlarla yanaşı siyasətçilər də qatılıb. Tədbirdə iştirak edən siyasətçilər əsasən müxalifət təmsiçiləri olub. İ.İbrahimoğlu bildirib ki, ötən ildən Məhəmməd peyğəmbərin (s) təhqir olması məqsədilə kampaniya başlanılıb. Amma müsəlmanlar buna dözümlük göstəriblər. Hətta bu cür halların baş verdiyi ölkələrin rəhbərlərindən xahiş ediblər ki, bu vəziyyətin qarşısını alsınlar: "Lakin bu müraciətlərə lazımi reaksiya verilmədi. Üstəlik fevralın 2-dən başlayaraq, demək olar ki, bütün Avropa ölkələrinin nüfuzlu qəzetləri Məhəmməd peyğəmbərin (s) karikaturalarını çap etdirdilər. İş o yerə çatıb ki, Avropanın bir neçə nüfuzlu filosofu bütün qəzetləri bu karikaturaları çap etməyə çağırıb. Hətta onlar deyiblər ki, kim bunu etməsə, qorxaqdır". Onun sözlərinə görə, hadisələrin bu istiqamətdə cərəyan etdiyi bir dövrdə ABŞ-ın ştatlarından birində fevralın 2-si "İslamofobiyaya qarşı birgə mübarizə günü" kimi qeyd olunub. İ.İbrahimoğlu bildirib ki, Məhəmməd peyğəmbərin (s) təhqir olunmasına özünü demokratik adlandıran dövlətlərin bəziləri lazımi reaksiya verməyiblər. Onun fikrincə, bu, ən azı ədalətsizlikdir. İ.İbrahimoğlu bəzi dövlətlərin məsələyə düzgün reaksiya verməsini də önə çəkib. O deyib ki, peyğəmbərimizin (s) təhqir olunmasını BMT-nin baş katibi Kofi Annan, ABŞ Dövlət Departamenti, katolik kilsəsi qəti şəkildə pisləyib. Fransa hökuməti isə bu hadisəyə görə dünya müsəlmanlarından üzr istəyib. Baş vermiş hadisənin vicdan və söz azadlığına, eləcə də müqəddəs dəyərlərə zidd olduğunu deyən İ.İbarhimoğlu etiraz aksiyası keçirmək istədiklərini bildirib. Onun sözlərinə görə, fevralın 11-də mitinq təşkil etmək niyyətindədirlər. Artıq bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Tədbirdə çıxış edən professor Mürşüd Məmmədli peyğəmbərimizin (s) təhqir olunmasını siyasi vandalizm kimi qiymətləndirib. Onun fikrincə, Azərbaycanda da bu hədisəyə qəti etiraz bildirilməlidir. Professor Kamil Vəli Nərimanoğlu bu fikirlərlə razılaşdığını önə çəkib. O deyib ki, bu cür hallar yolverilməzdir. "İndi dini və milli zəmində qarşıduma yaratmaq istəyənlər üçün yeni mərhələ başlayıb. Təəssüf edirəm ki, hər zaman insanları mədəniyyətə, sülhə çağıran bir dini də bu prosesə qoşdular". Bu fikri isə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib. Millət vəkilinin qənaətinə görə, bu məsələlərdə Azərbaycanın mövqeyi bir qədər siyasi xarakter daşımalıdır: "Hesab edirəm ki, islam dininin təəssübünü çəkdiyimiz qədər Azəbaycanımızın da təəssübünü çəkməliyik. Nəzərə almalıyıq ki, dünyada gizli şəkildə ciddi proseslər gedir". Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus isə vəziyyətin çox gərgin olduğunu deyib. Onun fikrincə, qarşı tərəflərin dialoqa getməsi çox önəmlidir. L.Yunus deyib ki, Azərbaycan dövlətinin məsələyə münasibət bildirməməsi məqbul haldır: "Çünki Azərbaycanda din dövlətdən ayrıdır". Millət vəkili Pənah Hüseyn isə məsələyə loyal münasibət bəsləməyin əleyhinə çıxıb: "Vaxtilə ateizmdən mühazirə oxusam da, bu məsələyə dözümlü münasibət bəsləyə bilmirəm".