Azərbaycanda Xocalı soyqırımın ildönümü qeyd edilən gün, fevralın 26-da, bu soyqırımı törədən Ermənistanın baş naziri Nikol Paşinyan İrana səfər etdi, həmkarı Həsən Ruhani və qonşu dövlətin Ali dini lideri Ayətullah Xamenei ilə görüşdü. Daha sonra isə “Ararat” erməni klubunda İranda yaşayan ermənilərlə izdihamlı görüş keçirib selfi də etdi. Bu görüşdə divara asılan “Qarabağ Ermənistandır və son” plakatı da diqqətdən yayınmadı. Təbii ki, bütün bunlar Azərbaycanda birmənalı qarşılanmadı. Səbəbi isə bəllidir: 30 ildən artıq davam edən savaş, işğal olunmuş torpaqlar, 30 min soydaşımızın qanı.
İran Azərbaycan üçün qardaş və dost ölkədir. Bunu istər adi vətəndaşlar (xaricdən çalınan havaya oynayanlar istisna olmaqla), istərsə də dövlət başçıları dəfələrlə qeyd ediblər. Belə münasibətlərə bir çox səbəblər var. Biri – ortaq tarix, ortaq millətdirsə, digəri də ölkənizin adındakı “İslam Respublikası” söz birləşməsidir. Razılaşın ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan İslam Respublikasında xüsusi bir münasibət gözləməkdə haqlıdır. Belə olan halda torpaqlarımızın 20 faizini işğal edən bir ölkənin başçısına bəşər tarixində ən utancverici qətliamlardan olan Xocalı faciəsinin ildönümündə necə qucaq aça bilərdiniz? Əminik ki, bu davranış dünyanın hər hansı başqa dövlətindən olsaydı, reaksiya heç də belə olmazdı. Çünki uman yerdən küsərlər. İnsanın ən böyük gözləntisi ən yaxın bildiyindən olur.
Əlbəttə, hər bir dövlətin öz mənafeyini qorumağa haqqı var və bunu etməlidir də. İran da o cümlədən. Xüsusən də hazırki geosiyasi vəziyyətdə. Ancaq... Bayaq qeyd etdik: Azərbaycanla o biri dövlətlər arasında bərabərlik işarəsi qoymaq olmur.
Bir məsələyə də toxunmaq istərdik. İranı xüsusi təəssüblə müdafiə etməyə heç bir ehtiyac yoxdur. İranın ünvanına tənqid səsləndirənlər də hamısı qonşu dövlətin düşmənləri deyil. Arazın o tayındakıları qardaş bilərək fikir söyləyirlər. Elə siz də, əgər bu mövzuda bir söz desəniz, heç də İranın düşməninə çevrilməniz anlamına gəlmir.
Sonda isə bir xatırlatma.
Məsələ 2833. Əgər düşmən müsəlman ölkələrinə və sərhədlərinə hücum etsə, bütün müsəlmanlar imkanları olan hər bir vasitə ilə: candan, maldan keçməklə müdafiə etmələri vacibdir və bu işdə şəriət hakimindən icazə almağa ehtiyac yoxdur.
Məsələ 2839. İslam ölkələrinin biri ilə əcnəbilər arasında istər siyasi, istər ticarət əlaqələri müqaviləsi islam və müsəlmanların mənafelinin əksinə olsa, belə əlaqəyə icazə verilmir və əgər bir dövlət ona iqdam (başlasa) etsə, başqa islam dövlətlərinə vacibdir ki, mümkün olan hər vasitə ilə əlaqəni kəsməyə, onu həmin dövləti məcbur etsinlər.
(R.Xomeyni, “Tovzihil-məsail”)