Oxucu sual verir: Xüms-zəkat, sədəqə kimi mövzularla bağlı dini kitablarda rast gəldiyimiz fəqir anlayışının mənası nədir?
İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcınə sahib deyil və bu məbləği qazanmaq imkanından da məhrumdur. Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzifəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçınin, sədəqə bu cür şəxslərə ünvanlanmalıdır.
Fəqirə yardım göstərmək İslamda savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq çox böyük günahlardandır.
Dinimizdə fəqirin də özünü aparma qaydaları barədə bəzi göstərişlər vardır. Fəqir şəxs özünü zəlil şəklə salmamalı, şəxsiyyətini alçaltmamalı, yeri gəldi-gəlmədi ətrafdakılardan yardım ummamalıdır. Həmişə ruzi axtarışında olmalıdır, işləyə bilirsə, qazancinı halal zəhmətlə əldə etməyə çalışmalıdır, verilənə qane olmalıdır. Qurani-Kərimdə belə şəxslərin rəftarı təqdirəlayiq sayılıb: “Sədəqə Allah yolunda canından keçərək, yer üzündə hərəkət edə bilməyən fəqirlər üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə, nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan bunlara nə verdiyinizi, şübhəsiz ki, Allah bılir” (Bəqərə, 273).