Oxucu sual verir: Ərəfə günü nə deməkdir?
Zilhiccə ayının 9-cu gününə ərəfə günü deyilir. Hacilar həmin gün Məkkə kənarındakı Ərəfat çölündə olduqları üçün o yerə bu ad verilib. Ərəfə günü İslamda mübarək günlərdən sayılır. Həmin günün gecəsini namaz və dua ilə keçirmək, gündüz isə oruc tutmaq savabdır. İslam müqəddəsləri ərəfə günü oruc tutan şəxsin iki illik günahlarının bağışlanacağını buyurmuşlar. Ərəfə günü İmam Hüseynin (ə) dilindən rəvayət edilən “Ərəfə duası”nı oxumağın da böyük savabı var. Həmin duanı vaxtilə İmam Hüseyn (ə) həcc ziyarəti zamanı, ərəfə günündə Ərəfat çölündə oxumuşdu.