Oxucu sual verir: Cənabət qüslü alan şəxs qüslü bitirməzdən əvvəl bədənindən yel çıxsa, nə etməlidir?
Məlum olduğu kimi, bədəndən yel çıxması insanın paklığını pozur, qüslü və dəstəmazı batil edir. Cənabət qüslü alan zaman bədəndən yel çıxarsa, eləcə də, sidik çıxarsa (bunlara şəriətdə “hədəsi-əsğər”, yəni kiçik murdarlıq deyilir), əksər müctəhidlərin rəyinə görə, qüslü davam etdirmək lazımdır. Adətən, cənabət qüslündən sonra dəstəmaz almadan namaz qılmağa icazə verilir. Amma qüsl zamanı bədəndən yel çıxarsa, qüslü başa vurduqdan sonra onunla namaz qılmaq olmaz və dəstəmaz almaq tələb edilir. Müctəhidlərin əksəriyyəti ya qəti, ya da ehtiyat olaraq bu halda namaz üçün dəstəmaz almağı buyurmuşlar. Müasir müctəhidlərdən Ayətullah Vəhid Xorasaninin fətvasına görə isə qüslü bitirmək də, yarımçıq kəsmək də olar. Hər iki halda yenidən daha bir qüsl etmək, sonra namaz üçün dəstəmaz almaq lazımdır.