Oxucu sual verir: Bərzəx nədir?
“Bərzəx” sözü ərəb dilində iki şeyi bir-birindən ayıran maneə deməkdir. Coğrafıyada iki su hövzəsini ayıran quru parçasına bərzəx deyilir. Dini anlamda bərzəx ölümdən sonrakı həyatın bir mərhələsidir. Qurani-Kərimdə bu barədə buyurulur: “Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər bərzəx vardır” (Möminun, 100).
İslam əqidəsinə görə, insan öldükdən sonra əvvəlcə qəbirdə sorğu mələkləri tərəfindən sorğu-suala çəkilir. Daha sonra bədən çürüyüb torpağa qarışır, ruh isə qiyamətin intizarını çəkməyə başlayır. Ruhun cismani ölümdən sonra qiyamətə kimi mövcudluq mərhələsinə bərzəx həyatı deyilir. Çünki bu, dünya ilə axirəti ayıran bir aləmdir, ikisinin arasında maneədir. Əgər ölmüş şəxs saleh əməl sahibi və mömin idisə, bərzəx həyatında behişt nemətlərinə bənzər nemətlərlə mükafatlandırılır, cənnətin ətrini hiss edir və Allahın mərhəmətindən həzz alır. Əksinə, əgər cəzaya və cəhənnəm əzabına layiqdirsə, bərzəx həyatında da məyusluq və dəhşət içində qalır, öz acınacaqlı sonluğunun (yəni cəhənnəm əzabının) nə vaxt çatacağını gözləyir.