Oxucu sual verir: Araq içən, haram pul yeyən adam aşura günündə təziyə məclisində iştirak etməklə, İmam Hüseyn (ə) adına nəzir verməklə günahlarını yuya bilərmi?
Çox təəssüf ki, bir çox məsələlərdə olduğu kimi, İmam Hüseyn (ə) əzadarlığı mövzusunda da bəzi təhrif və mövhumatlar meydana çıxarılmışdır. Bəzi şəxslər bütün il boyunca günah içində olduqları halda, aşura günündə təziyə məclisində iştirak etməklə öz günahlarını tərtəmiz yuduqlarını düşünürlər. Bu düşüncənin heç bir əsası yoxdur. Kərbəla şəhidlərinə matəm saxlayanlara Allah tərəfindən böyük mükafatlar veriləcəyi, hətta onların cənnətə aparılacağı barədə hədis və rəvayətlər mövcud olsa da, bunları hərfi mənada qəbul etmək düzgün deyil. Əvvəla, burada dinin başqa qayda-qanunlarına öz gücü daxilində riayət edən şəxslər nəzərdə tutulur. İkincisi, bu rəvayətlərin çoxusu İmam Hüseyn (ə) əzadarlığına insanları təşviq etmək və bu ənənəni yaşatmaq məqsədi daşıyır. Üçüncüsü, aşura matəmində iştirak etməklə, həmin gün nəzir verməklə insan bütün günahlarını silə bilməz. Bu müsbət hərəkət bəzi günahların silinməsinə səbəb ola bilər. Amma il ərzində böyük günahlara aludə olan, vacib ibadətləri icra etməyən, tövbə haqqında heç düşünməyən adamın bir gün ərzində günahsız vəziyyətə düşdüyünü söyləmək məntiqə uyğun deyil. Buna görə də hər kəs öz əməllərinə məsuliyyətlə yanaşmalıdır.