Oxucu sual verir: Qurbanlıq payı və ya hədik verilən qabı geri qaytaranda qabın içinə pay qoyulur. Bunun dinlə əlaqəsi varmı?
Dini mərasimlərlə bağlı verilən paylarda bu ənənəyə riayət olunsa da, əslində bunun özü sırf dini ənənə deyil. Verilən paya cavab olaraq pay göndərmək milli düşüncədən doğan, bəşəri dəyərlərə əsaslanan bir davranış qaydasıdır. Dinimiz bunu vacib saymır, amma təşviq edir. Çünki İslam dini insanlar arasında mehribanlıq yaradan, ictimai münasibətləri sıxlaşdıran, cəmiyyəti bütövləşdirən bütün tədbirləri dəstəkləyir. Hədislərimizdə hədiyyəyə hədiyyə ilə əvəz vermək, diqqəti diqqətlə cavablandırmaq tövsiyə olunur. Bu, hər bir müsəlmanın insanlıq borcu, əxlaq normasıdır. Pay qabına nə isə qoyub qaytarmaq dini cəhətdən vacib olmasa da, əxlaqi baxımdan gözəl hərəkətdir və müsəlmana yaraşan davranışdır.