Oxucu sual verir: Deyirlər ki, uşağa Rəhman adını qoymaq olmaz. Bu söz doğrudurmu?
Allahın gözəl adlarını (əsmaül-hüsnanı) uşağa verərkən, əvvəlinə “əbd” kəlməsini artırmaq daha yaxşıdır. Məsələn, Əbdürrəhim (rəhim olan Allahın bəndəsi), Əbdülkərim (kərim olan Allahın bəndəsi). Amma əsmaül-hüsnanı olduğu şəkildə insana ad kimi qoymaq günah deyil. Məsələn, Rəhim, Kərim, Qədir, Lətif və s. Lakin əsmaül-hüsnadan ikisini insana ad kimi verərkən, mütləq əvvəlinə “əbd” kəlməsi artırılmalıdır. Bu iki ad Allah və Rəhmandır. Bu adları yalnız Abdullah və Əbdürrəhman şəklində insana vermək icazəlidir. Allah adının Uca Yaradana xas olması aydındır. Rəhman adını da Allah-təala özünə aid edərək Quranda buyurur: “De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur” (İsra, 110).
Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Uşaqlarınıza peyğəmbərlərin adlarını verin. Adların ən yaxşısı isə Abdullah və Əbdürrəhmandır” (Məkarimül-əxlaq, I, 421).