Oxucu sual verir: İmam Əlinin qardaşı Cəfər ibn Əbutalibə niyə “təyyar” (uçan) ləqəbini aid edirlər?
Hicri 8-ci (miladi 629-cu) ildə Həzrət Mühəmməd Peyğəmbər (s) müsəlmanları hədələyən Bizans təhlükəsinə cavab olaraq, təqribən 3 min nəfərlik bir qoşunu Cəfər ibn Əbutalibin başçılığı altında Bizans tabeçiliyində olan Şam vilayətinə yolladı. İslam.az-ın məlumatına əsasən, Mötə adlı məntəqədə müsəlmanlar nəhəng Bizans ordusu ilə qarşılaşdılar. Gərgin döyüşdə Cəfər bayrağı əldə tutaraq şücaətlə savaşırdı. Onun sağ qolunu kəsdilər, Cəfər bayrağı sol əlinə aldı. Sol qolu da kəsiləndə bayrağı biləklərinin arasında sıxdı və şəhid oldu. Həzrət Mühəmməd Peyğəmbər (s) Cəfər ibn Əbu Talibin şəhadət xəbərini eşidəndə onun ailəsinə başsağlığı verib buyurdu: “Allah-təala Cəfərin kəsilmiş qollarının əvəzində ona iki qanad verdi; o, indi həmin qanadlarla behişt səmasında pərvaz edir”. O gündən Cəfəri “təyyar” (uçan) ləqəbi ilə xatırlamağa başladılar.