Bakının ən qədim məscidlərindən biri olan "İmam Hüseyn" (Tövbə) məscidi təhlükə ilə üzləşib. Belə ki, məsciddən aşağı hissəsində tikilən yeni çoxmərtəbəli bina, tarixi məbəddə çatların meydana gəlməsinə səbəb olub. Binanın inşaatı ilə məşğul olanların sınaq üçün kiçik çatlara yapışdırdığı şüşələr sınaraq tökülüb. Bu da qədim məsciddə meydana gələn çatların hər gün daha da böyüməsindən xəbər verir.
Məscidin imamı Hacı Əbdül bu haldan narahat olduğunu bildirib. Onun sözlərinə görə, məscidin sürüşməsinin qarşısını almaq üçün həyətə ağır texnikanı gətiriblər. Bu texnika vasitəsilə dərin çuxurlar qazılacaq və ora dəmir-beton tökəcəklər. "Ağır texnikanın vıbrasiya sistemi ilə işləməsi tarixi məbəddə daha böyük fəsadlara yol aça bilər" – deyə Hacı Əbdül bildirib.