Oxucu sual verir: Möhürün hansı üzünə səcdə etmək lazımdır: hamar üzünə, yoxsa yazı və ya naxış olan üzünə?
Möhürün hər hansı üzünə səcdə etmək olar. Yetər ki, möhürün üzərindəki naxış çox qabarıq olmasın və möhürün üzəri, alınla onun arasında maneə yaradacaq qədər kirlənmiş olmasın. Amma möhürün hamar tərəfinə səcdə etmək daha məsləhətdir. Çünki əvvəla möhürün bu üzü hamar olduğu üçün alınla onun arasında boşluq qalması ehtimalı yaranmır. İkincisi, möhürün üzərindəki yazı və naxışlar bəzək sayıldığı üçün bəzən onu sürtüb qaşımaq istəmirlər. Amma möhürün hamar üzü tərdən kirləndikdə, onu asanlıqla sürtüb təmizləmək olur. Nəhayət, üçüncüsü, möhürün yazılı üzünə səcdə edilsə, cəfəri məzhəbinə düşmən mövqeyində olanların təbliğatına uyan şəxslər bunu düzgün anlamazlar və elə düşünərlər ki, imamların adına səcdə edilir.