Bu gün mətbuatda İraqda qətliamlar törədən İraq Şam İslam Dövləti adlı terror təşkilatının hədəfində Azərbaycanın da olması barədə məlumatlar yayıldı.
Ölkə xəbər saytlarından biri Küveytin “Al Rai” qəzetinə istinadən xəbər verir ki, İŞİD Kipr və Azərbaycanda bazalar yaratmağı planlaşdırır. “Al Rai” bu məlumatı Qərb agenturasındakı mənbələrdən əldə etdiyini deyir. Qəzetin yazdığına görə, İŞİD-in yayılmağa çalışdığı ölkələr arasında ilk növbədə Cənubi Kipr, Türkiyə və Azərbaycanın adı hallanır.
Xəbər ətrafında isə rəylər, təbii ki, birmənalı ola bilməz. Bəzi mütəxəssislərə görə ölkəmizdəki hüquq mühafizə orqanlarının işi yetərincə, qaneedici sayılsa da, bunun əksini iddia edənlər də var. Təkfirçilərin “Müqəddəs Mədinə” adını verdiyi Sumqayıt şəhərində, Qax-Balakən və Quba-Qusar bölgələrində hələ də gəzən “canlı minaların” olduğu qeyd edilir. Sonuncu adı çəkilən bölgələrin Rusiya ilə sərhədə yaxın olması isə potensial təhlükə mənbəyindən xəbər verir. Onu da bildirək ki, Rusiyanın sözügedən sərhəd ərazilərində təkfirçi vəhhabi-sələfilərin çox olması həmişə vurğulanır. Bu isə o deməkdir ki, həssas anlarda ölkəmizdəki radikallarla qonşu ölkə ərazisindəki radikalların iş birliyini istisna etmək olmaz.
Çıxış yolu isə həmişəki kimi var: Maarifçilik. Adıçəkilən ərazilərdə QMİ, DQDK və digər əlaqədar qurumlar intensiv maarifçi fəaliyyət göstərərsə, ən azından təhlükəyə qarşı profilaktik tədbirlər tökmək olar.
H.V.
İslam.az