
Bu gün “əhli sünnə” adı ilə təkfirçiliyi tətbiq edərək, əsl “sünnənin” bu olmasını iddia edənlər var. Bunun nəticəsi kimi Yaxın Şərqdə, regionumuzda və dünyanın artıq bir çox yerlərində dini zəmində qarşıdurmaların şahidi olmaqdayıq. “Sünnə” adı ilə çıxış edən bu qüvvələr bu gün hər vəchlə müsəlmanlar arasında sünni-şiə davası salmağa cəhd edir və bu istiqamətdə əlindən gələni edirlər. Təkfirçi başkəsənlərin sünni, şiə demədən bütün müsəlmanlara qarşı yönəlmiş bu cinayətlərini hətta “sünni inqilabı” adlandıranlar da var. Bəz əslində əhli-sünnə bunu deyirmi? Əsl əhli-sünnə camaatı bu barədə nə düşünür? Bunun cavabını bu gün İraqda sünni və şiələr vahid orduda birləşərək təkfirçilərə qarşı döyüşə gedərkən veriblər. Bunun cavabını bir çox sünni alimləri də bu gün verərək təkfirçiliyin sünnə olmadığını, təkfirçilərin isə sünni olmadığını elan edərkən verirlər. Belə cavablardan biri də ölkəmizdə verilməyə başlayıb. Vətənimizdə əhli-sünnə camaatının fikirlərini əks etdirən yeni dini sayt yaradılıb. Bu sayt – sunna.az saytıdı.
İslam.az saytının verdiyi xəbərə görə, sunna.az saytında bir çox maraqlı rubrikalar var: “Sünnət”, “Mədəniyyətimiz”, “Abidələrimiz”, “Alimlərimiz”, “Sual-Cavab”, “Məqalələr” və s.
Fürsətdən istifadə edərək, islam.az saytının kollektivi sunna.az saytının redaksiya heyətini işə başlaması münasibəti ilə təbrik edir, həmkarlarına uğur diləyirlər.
Qeyd edək ki, biz də saytımıza çox sayda əhli-sünnə qardaşlarımızın daxil olduğunu bilirik. Belə ki, saytımızın sual-cavab güşəsinə gələn suallarda, demək olar ki, hər gün sünni fiqhinə uyğun cavab istəyənlər var.
Bununla bağlı saytımızın sünni məzhəbinə məxsus oxucularının diqqətinə çatdırmaq istərdik ki, suallarını sunna.az saytına da göndərə bilərlər. Orada suallara hər gün sünni fiqhinə uyğun cavab veriləcək. Eyni zamanda islam.az saytı ilə sunna.az saytı arasında məqalə mübadiləsi də həyata keçiriləcəkdir.
islam.az