İslam.az ibrətamiz hekayə təqdim edir:
Bir nəfər imkanlı şəxs ehtiyac olan bir qəsəbədə məscid tikdirir. Məscidin üzərinə öz adının yazıldığı lövhə vurdurur. Lakin məscidin açılışından bir gün öncə həmin şəxsin qardaşı gələrək lövhəni dəyişdirməyi ustalardan tələb edir. Ustalar onun sözünə qulaq asıb lövhəni dəyişdirirlər və məscidi tikdirənin qardaşının adını yazırlar. Cümə günü məscidi tikdirən kişi açılışa gəlir və qarşılaşdığı mənzərə qarşısında donub qalır. Tez ustaları çağıraraq soruşur ki, öz adı olan lövhəni kim dəyişdirib. Ustalar da vəziyyəti olduğu kimi deyirlər və bu işi onun qardaşının göstərişi ilə etdiklərini bildirirlər. Kişi qardaşını çağıraraq soruşur:
- Sən bunu niyə etmisən?
Dövrünün alimlərindən olan qardaşı isə əhvalını pozmadan cavab verir.
- Nə fərqi var ki, sənin adın oldu ya mənim?
Məscidi tikdirən adam əsəbi halda:
- Axı bu məscidi mən tikdirmişəm, lövhədə mənim adım yazılmalıydı.
Alim qardaşı cavab verir:
- -Axı bu cümlən ilə nə söyləmək istədin? Yəni Allah çaşıb, savabı sənə deyil mənə yazacaqmı?